ŞƏHİD LEYTENANT SƏRXAN ÖMƏROV VƏTƏN SEVGİSİNİ BÜTÜN SEVGİLƏRDƏN ÜSTÜN TUTDU.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsinin” başa çatmasından iki il ötsə də, ermənilər öz məkirli niyyətlərindən hələ də əl çəkmirlər. Bu il sentyabrın 13-də ermənilərin növbəti təxribatı bunu deməyə əsas verir. 44 gün davam edən Vətən Müharibəsi zamanı açıq döyüşlərdə qəhrəman əsgərlərimizin qarşısında diz çökən ermənilər, iki il sonra yenidən təxribatlara əl atırlar. 13 sentyabrda sərhədlərimizdə baş verən təxribat zamanı Zaqatala rayonuna da Şəhid xəbərləri gəlməyə başladı. Şəhid Leytenant Sərxan Mübariz oğlu Ömərov da Dövlət sərhədlərimizin qorunması yolunda şəhid olub.
Şəhid Leytenant Ömərov Sərxan Mübariz oğlunun qıssa, ancaq şərəfli ömür yolu haqqında:- Ömərov Sərxan Mübariz oğlu, 1999-cu il oktyabr ayının 18-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 2005-2014-cü illərdə Zaqatala rayonu Yuxan Tala kənd 4 nömrəli tam orta məktəbində təhsil almışdır. 2014-cü ildə C. Naxçıvanski adına Hərbi liseyə daxil olub və 2017-ci ildə sözügedən təhsil ocağını yaxşı qiymətlərlə bitirib.
2017-2021-ci illərdə isə Heydər Əliyev adına AAHM-də təhsil alıb və həmin məktəbin “Quru Qoşunlar” fakultəsini Xüsusi təyinatlı texnika sistemləri ixtisası üzrə bitirmişdir.
Vətən Müharibəsi başlanan vaxtı sonuncu kursda oxuduğuna görə, kiçik leytenant rütbəsi verilməklə onlar birbaşa cəbhəyə göndəriliblər. 30.09.2020- ci ildən 04.11.2020-ci ilədək “N” saylı hərbi hissədə tank əleyhinə idarə olunan raketlər batereyasının ll tank əleyhinə idarə olunan tağım Komandiri vəzifəsinə təyin olunub və zabit kimi xidmətə başlayıb. 2-ci Qarabağ Müharibəsi dövründə 04.11.2020-ci ildən 28.11.2020-ci ilədək “N” saylı Artilleriya Briqadasında Artilleriya divizyonunun kəşfiyyat rəisi vəzifəsində xidmət edib. 28.11.2020-ci ildən 25.06.2021-ci ilədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Məzun olduqdan sonra isə XTQ olmaq qərarını verib. 25.06.2021-ci ildən 27.12.2021-ci ilədək Xüsusi Təyinatlı Qüvvələr Komandanının sərəncamında olub. 27.12.2021-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində Xüsusi təyinatlı dəstənin Xüsusi təyinatlı tağım komandirinin Müavini vəzifəsinə təyin olunub və Şəhid olanadək bu vəzifədə xidmət edib. Leytenant Ömərov Sərxan Mübariz oğlu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, işgüzar və vəzifəsinin öhdəsindən gələn zabit kimi göstərmişdir. Komandanlıq tərəfindən verilən əmrləri, göstərişləri və tapşırıqları vaxtı-vaxtında yerinə yetirib. Hərbi qayda-qanunu yaxşı bildiyinə görə işini qüsursuz yerinə yetirməyə nail olub. Sərxan Ömərov özünə qarşı tələbkar, mədəni, tərbiyəli, intellektual səviyyəsi yüksək olan bir zabit olub. Peşəkar bilik səviyyəsini artırmaq üçün öz üzərində daima çalışırdı. Qərargah sənədləri, xəritə ilə işləməyi bacarır, hərbi hissədə keçirilən ərazi təlimlərinin planlaşdırılması və həyata keçirilmısində vəzifəsindən irəli gələn məsələlərin həllində fəal iştirak edib.
Azərbaycan Respublikasının işgaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək fəallıq və peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətən Müharibəsi iştirakçısı, Vətən Uğrunda medalları və Azərbaycan Bayrağı ordeni ilə (ölümündən sonra) təltif edilmişdir.
Xidmət müddətində komandir və rəislər tərəfindən təşəkkür və fəxri fərmanlarla həvəsləndirilmişdir. İxtisası üzrə şəxsi heyətin öyrədilməsi üçün məşğələlərin planlaşdrılıb keçirilməsində fəal iştirak edib, şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, döyüş və ictimai-siyasi hazırlığın yüksək səviyyədə olması istiqamətində peşəkar zabit kimi xidməti təqdirəlayiq olub.
Şəhidimizin ailəsini ziyarət etmək məqsədilə Zaqatala rayon Yuxarı Tala kəndinə yollandıq. Əvvəlcə 4 saylı Yuxarı Tala kənd tam orta məktəbinə getdik. Şəhidimizin oxuduğu məktəblə evlərinin yaxın olduğunu da, oradan öyrəndik. Zaqatala rayon Yuxarı Tala kənd 4 saylı tam orta məktəbin direktoru Almaz Abdurrahmanova ilə görüşüb söhbətləşdik:-mənə elə gəlir ki, Şəhid olanların hamısı xüsusi seçilmişlərdir. Siz inanmazsınız Sərxanın Şəhid olma xəbəri oxuduğu məktəbin müəllimlərini necə sarsıdıb? Mən hələ də özümə gələ bilməmişəm, Sərxan hər dəfə təhsil məzuniyyətinə gələrkən hökmən bizlərə baş çəkərdi. Onların ailəsi seçilən ailədir, iki bacısı da, bizdə təhsil alıblar. Hazırda şəhidin kiçik bacısı Səma 8-ci sinifdə oxuyur, o da qardaşı kimi tərbiyəsi ilə seçilir. Sərxan heç vaxt müəllimlərinin üzünə dik baxmazdı, həmişə pərdəli olub, çox nəzakətli, tərbiyəli və özünə hörmət qazandıran olub. Sərxan 9-cu sinifə kimi məktəbimizdə oxudu, sonra hərbi liseyə qəbul olundu, buna baxmayaraq, həm şagirdlər, həm də müəllimlər arasında böyük hörmət sahibi olmuşdu.
Sərxan Ömərov Allah təala tərəfindən öz dərgahına aparıldı, şəhidlik zirvəsinə ucalmaqla ölümsüz bir qəhrəmana çevrildi. Siz məktəbin foyesində də, onun iri portretini gördünüz, hələ də onunla bağlı tədbirlərimiz davam edir. Sərxan məktəbimizin qürur yeridir, Allah Şəhidimizə rəhmət eləsin.
Təhsil ocağından çıxıb yolun digər tərəfinə keçdik, yol kənarında Sərxan Ömərovun iri portreti asılmışdı. Biraz da irəli getdik, Azərbaycanın üçrəngli bayrağı asılmış həyətə yaxınlaşdıq. Həyətdə təməli töküldükdən sonra bir neçə daş işləyib və yarımçıq qalan tikintiyə rast gəldik. Onun qarşısında iki otaqlı bir həyət evi və həyətdə qurulmuş mağara rast gəldik. Belə soyuq havada mağarı görüb, başa düşdük ki, evləri çox darısqaldır. Şəhidimizin atası Mübariz Ömərov bizi giriş qapısında qarşıladı və biz onunla birgə mağara tərəf getdik. Mağarda heç kim yoxuydu, bəli mənim təhminlərim özünü doğruldurdu. Demək ki, ailənin yaşadığı ev çox darısqaldır. Söhbət zamanı belə anladım ki, şəhidimizin uşaqlığı kirayə evdə keçib. Bu kiçik evdə isə Sərxanla birgə ata-anası, iki bacısı və ağbirçək nənəsi yaşayırmış. Bu yarımçıq qalmış tikilini isə, gənc zabitimiz layihəsini də öz verib və tikintiyə başlayıblar.
Beləliklə də, saçı vaxtından tez ağarmış, gözəl ailə başçısı olan, vətənpərvər övladlar yetişdirən, balaca evinin olmasına baxmayaraq, ürəyi geniş olan və oğluyla fəxr edən, qürurlu atayla söhbətə başladıq:- bizim ata-bala olaraq aramızda çox ciddi pərdə, sərhəd olub. Tələbə olduğu illərdə belə bir şey istəyəndə də ancaq anasıyla vəyaxudda bacısı vasitəsilə deyərdi. Onlardanda soruşarmış ki, əgər evdə pul yoxdursa atama deməyin. Çox düşüncəli idi, ailə vəziyyətini hər addımda nəzərə alardı. Elə tərbiyə almışdır ki, hər işdə bizimlə məsləhətləşərdi. Ümumiyyətlə oğlum məsləhətsiz heç nə etməzdi, hətta özünə nəsə almaq istəyəndə belə bizimlə də məsləhətləşərdi. Yeni tikiləcək evin layihəsini də özü qurmuşdu. Otaqların çertyojunu da özü çəkib bizə göndərmişdi. Deyirdi ki, ata birdən ev çox böyük olarsa mənə deyərsən, bir şey fikirləşərik. Mən də deyirdim ki, böyük ailəyik, daha oğlum da zabit olub, biryerdə köməkləşib tikərik. İkinci Qarabağ savaşı, Vətən Müharibəsi başlanan vaxtı onlar sonuncu kursda təhsil alırdılar. Təhsillərini yarımçıq saxlayıb hər birinə rütbə verərək Qarabağa göndərmişdilər. 44-gün davam edən müharibədə çalışırdı ki, hər gün evə zəng etsin. Biz onun harada xidmət etdiyini bilmirdik, çünki hər dəfəsində də deyirdi ki, müharibə nədir, mən arxa cəbhədəyəm, bizdə sakitçilikdir. Vətən Müharibəsi Zəfərlə başa çatdıqdan sonra oğlum evə gəlmişdi. Bizə zəng etdiyinə görə istədik ki, biraz təntənəylə onu qarşılayaq. Sərxan qəti etiraz edərək, təntənəylə qarşılanmağını istəmədi. Evə gələndən sonra dedi ki, mən zabitəm mənə belə şeylər yaraşmaz. Soruşduq ki, bəs sənin medalların hanı, dedi ki, medallar nəyimə lazımdır? Məgər mən medal üçün döyüşürdüm? Qonşular onun başına yığışıb soruşurdular ki, müharibədə necə oldu, siz necə döyüşmüsünüz? O da çox qıssa olaraq, dedi ki, döyüşənlər şəhidlər idi, biz döyüşməmişik. Görünür tələbə dostlarının, kurs yoldaşlarının şəhid olması ona çox ağır təsir etmişdi. Sanki dostlarının şəhid olmasına görə və özünün sağ qalmasına görə çox sıxılırdı.
Müharibədən sonrakı vaxtlarda xidmətinin harada etməsini bizə demirdi. Ancaq bizə deyirdi ki, XTQ olsamda mən cəbhə bölgəsində deyiləm. Biz də ona inanmışdıq, Şəhid xəbərini eşidəndə bildik ki, Qarabağda xidmətini davam etdirirmiş.
Döyüş yoldaşlarının dediyinə görə sonuncu döyüşündə yanındakı əsgər deyib ki, komandir icazə ver mən çıxım irəliyə, vəziyyətə baxım və geri gəlib sizə vəziyyəti danışım. Sərxan deyib ki, yox mən özüm gedirəm. Onun irəli çıxmasıyla şiddətli döyüşlər başlayıb. Azərbaycanın əldə etdiyi mövqelərə ermənilər hücum ediblər və beləliklə də, həmin döyüş Sərxanın son döyüşü olub.
Mənim iki qardaşım da, Birinci Qarabağ savaşında vuruşublar. Bahaddin əmisi 1-ci qarabağ qazisidir, qəlpə yarası da alıb.
Bahaddin Ömərov da, həyətdə olduğuna görə, onunla da biraz söhbətləşdik. Bahaddin dedi ki, nəslimizdə bir yaraşıqlı, gözə görsənənimiz varıydı onu da Allah təala öz dərgahına, Şəhidlik zirvəsinə ucaltdı. Əmisi deyir ki, Sərxan çox istiqanlı oğul olub, tayfanın gözü idi:-müharibədən sonra evə, məzuniyyətə gəlmişdi. Bizim cəbhədə yarımçıq qalmış missiyamızı onlar Zəfərlə başa vurdular. Daha sonra Sərxan təhsilinə döndü, məzun gününü qeyd etdilər, ancaq təmtəraqsız oldu. Qardaşoğlum Vətən müharibəsində artilleriyaçı olub. 44 gün çəkən müharibədən sonra isə XTQ kurslarına qatıldı və xüsusi təyinatlı oldu.
Sərxan 13 sentyabr 2022-ci ildə ermənilərin sərhədimizə hücumu nəticəsində açıq döyüşlərdə şəhid oldu.Kəlbəcərdə şəhid olub, ancaq bizimlə danışarkən deyirdi ki, gorandayam, yəni arxa cəbhədə. Şəhid olduğu günədək əmilərinə də, öz yerini demirdi, deyirdi ki, mən arxada xidmət edirəm. O bizi daha çox düşünürdü. Şəhid olanda bildik ki, ön cəbhədə olub.
Ailənin böyük qızı şəhidimizin ali təhsilli olan bacısı Bağdad Ömərova qardaşından ağızdolusu danışdı:- biz balaca olanda yəni qaqaş 1 sinifə gedərkən öz evimiz olmadığına görə kirayədə qalırdıq. Bizim aramızda iki yaş fərqi olub. Demək olar ki, evdə olanda bacı-qardaş tez-tez dalaşardıq.
Ancaq evdən çöldə isə, məsələn məktəbdə vəs. mənə nə lazım olardısa böyük qardaş kimi ona müraciət edirdim. O da, dərhal istəyimi yerinə yetirərdi. Kiçik yaşlarından onda böyük bir kişi obrazı varıydı. Əvvəl yaşadığımız evin yanında bir meydança var idi. Həmişə məhəllə uşaqlarıyla yığışıb basketbol oynayardıq. Balaca vaxtlarımız idi. Bir gün bizdən böyük yaşda olan bir oğlan da bizimlə basketbol oynamaq istədi. Bizim komandamız ona dedi ki, kim uduzarsa dondurma alacaq, o da razılaşdı. Sonunda o uduzdu və bizim hamımızı dondurma almağa apardı. Həmin an gözəl bir səhnə alındı, mən qardaşıma, o da, mənim üzümə baxaraq dedi ki, birbaşa evə, bizə atamız da dondurma ala bilər, onun pulu vardır. Baxmayaraq ki, çox kasıb ailəydik ancaq həddən artıq da qürurluyuq. O, bu hərəkətiylə yaşı balaca olsa da, həm də, kişi olduğunu və bacısına başqasının dondurma almasını qəbul etmədiyini göstərdi. Biz Sərxana qaqaş deyə müraciət edərdik. Mən ümumiyyətlə hər dərdimi qaqaşa deyərdim. Zabit olanda da ona müraciət edərdim, hətta atama da heç nə demirdim, yalnız ona deyirdim. Telefona kontur vurmaqdan belə qaqaşa müraciət edirdik. Hər dəfə rayona gələndə bizi parka gəzməyə aparardı və heç vaxt deməzdi ki, cibimdə pul azdır ona görə hərəkət edin. Deyirdi ki, ürəyiniz nə istəyirsə mənə deyin.
Oktyabrda nişanı olmalıydı, ad günü ərəfəsində. Qızın hərisini də almışdıq. Biz bacı-qardaş kimi nə qədər istəkli olsaq da, o bizə nə qədər məhəbbət göstərsə də, aramızda həmişə pərdə var idi. Məsələn o heç vaxt deməzdi ki, mən bu qızı sevirəm. Şəxsi həyatını heç vaxt bölüşməzdi, çox ciddi idi, sanki doğulandan zabit, əsil hərbiçi doğulmuşdu. Bizim ailədə, öz aramızda heç vaxt ciddi problem olmayıb. Qaqaşın ciddiliyi, onun tərbiyəsinə görə hamımız ona hörmət etmişik. Həyətimizdə gördüyünüz yarımtikilini də o başlatmışdı. İstəyirdi ki, bizi bu darısqallıqdan xilas edərək, geniş ev tiksin və sonra da özünə toy etsin. Bizim qaqaşla bağlı xatirələrimiz yalnız xoş olub. Yəni bizimlə çox zarafatlar edər, xətrimizə də dəyməzdi. Mənim ad günümlə sevdiyi qızın ad günü də bir günə düşürdü. Sevdiyi qıza da hədiyyəni həmişə mən seçərdim. Mənə də ad günümdə qol saatı almışdı. Hərdən danışanda deyirdim ki, deyəsən bizi unutmusan, zarafata salıb deyirdim ki, bax haa sevgilinə hədiyyə alarsan, başın ona qarışar və mən yaddan çıxaram. O da deyirdi ki, sənin hədiyyən hazırdır, gələndə gətirəcəyəm. Zarafata salıb deyirdim ki, qaqaş yaman işə salmışıq ey səni, bir gündə iki ad günü, indi gəl burdan baş çıxar. Biz qardaşımızla fəxr edir, qürur duyuruq. Bilirsiniz niyə?, qardaşım həddindən artıq vətənpərvər bir insan idi. Ailənin tək oğul övladı idi, odur ki, bu sənəti seçməklə həmişə ailədən, el-obadan uzaq düşəcəyini bilirdik. O hələ hərbi liseydə oxuduğu zamanlarda, daha sonra Akademiyada oxuyanda da, valideynlərimiz Sərxana:-əgər hərb sənəti çətindirsə təhsilini yarımçıq saxla və başqa bir sahəyə get, demişdilər. O bu sözləri özünə utanc kimi qəbul edirdi:- Deyirdi siz nə danışırsız, elə şey olar? Mən bu çətin və şərəfli yolu özüm seçmişəm və sonuna kimi də, oxuyacağam. AAHM-i bitirdi və daha da, çətin yolu seçdi. Xüsusi Təyinatlı olmaq qərarını verərək, XTQ kurslarına başladı onu da həvəslə başa vurdu. Biz ailə üzvləri nə qədər təkid etsəkdə XTQ kurslarını da, yarımçıq qoymadı. Həqiqətən də Vətənə, Dövlətə, Bayrağa daha çox sevgi bəsləyirdi. Hətta o 44 günlük müharibədən qayıdanda xalam tort bişirib gətirmişdi və üzərinə də şəkər xəmiri ilə bayraq düzəldib qoymuşdu. Kəsmədi tortu, ehtiyatla bayrağı kənara qoydu. Dedi indi tortu kəsə bilərsiz.
Ona o qədər suallar verdilər ki, siz müharibədə nə etdiniz? Siz tarix yazdınız. Hər kəsə yalnızca bir cavab verirdi: -biz hec nə etmədik, nə etdilərsə şəhidlərimiz etdi. Başqa hecnə demirdi. Həm də çox qayğıkeş, ürəyi yumşaq idi. Əsgərləri gəlib onun yaxşılığından danışırdılar. Dedilər ki, ilk maaşını belə əsgərlərinə xərcləmişdi.
Balaca bacısı Səma hazırda 8-ci sinifdə oxuyur, o da, qardaşı haqqında bəzi xoş xatirələrini bizimlə bölüşdü:-o hərbidə öyrəndiyi bütün idman hərəkətlərini mənim üzərimdə məşq edərdi. Sanki mən də oğlanam, onun balaca qardaşıyam. Məni çox incidərdi, zarafatlaşardı, görünür evin balacası, sonbeşiyi olduğuma görə məni daha çox istəyirdi. Şəhid olduqdan sonra çantasında bir kitabçaya rast gəldik. Həmin kitabçasında özü üçün qeydlər etmişdi, orada hər bacıya ayrıca hədiyyə alacağını qeyd etmişdi. Hər maaş alanda bizləri unutmamaq üçün hər birimizin adının qarşısına nə alacağını da, qeyd etmişdi. Mənim adımın qarşısında velosiped alacağını yazmışdı. Kitabçasında həyət üçün hovuz da alacağını qeyd etmişdi. Bir dəfə bizi parkda karuselə mindirdi, mən yuxarı qalxan kimi qorxduğum üçün yarımçıq dayandırdı. Həmişə mənim ad günümdə zəng edərdi, hamıyla danışar, sonunda da mənimlə danışardı. Ancaq heç nə bilmirmiş kimi məni təbrik etməzdi. Bir xeyli vaxt keçəndən sonra yenidən zəng edər və məni ayrıca təbrik edərdi. Belə zarafatları çox idi. Biz qardaşımızla fəxr edir, qürur duyuruq.
Sərxanın ağbirçək nənəsi Səlimət nənə ilə də söhbətləşdik:-mənim ən istiqanlı nəvəm idi, onu lap çox istəyirdim, işgüzar idi. Mən ona nə deyirdimsə deyərdi baş üstünə. Mən nəvəmlə fəxr edir qürur duyuram, o Dövlət, Vətən, Bayraq yolunda canından keçdi, şəhid oldu.
Oğlunun yoxluğuyla, ölümüylə hələ də, razılaşa bilməyən Rəna anayla da, çətin olsa da, söhbət etdik:-mən onun ölümüylə razılaşa bilmirəm, qəbul etmirəm, o mənim hər şeyim idi, dostum-sirdaşım, oğlum, dərd ortağım. Sonuncu dəfə sentyabr ayının 10-da onunla telefonla danışdıq. Həmişə olduğu kimi dedi ki, təki siz yaxşı olun yetər. Mənim işlərim çox yaxşıdır. 11-sentyabrda mənə sms yazmışdı və öpüş smaylikləri atmışdı. O qədər mehribanıydıq ki, bacıları bizi qısqanırdı, niyə onu bizdən çox istəyirsən deyirdilər. Oğlum çox ağıllı idi, hər şeyi düşünürdü, heç vaxt bizi şübhəyə salmazdı, bütün müharibə vaxtı bir dəfə də bizə demirdi ki, mən Qarabağdayam. 052 -yə, Yaşmaya getməsini heç istəmirdim, dedi ki, ana narahat olma daha müharibə bitdi. Niyə narahat olursanki?, mən də onun arzusuna qarşı çıxmadım. XTQ-yə getdi və cəmi 8 ay işlədi.
Sərxan mənim oğlum olduğu üçün demirəm, ancaq həqiqətən də, seçilmiş idi. O qədər sadə, agıllı, hər şeyi başa düşən, çox qürurlu insan idi, əsil Azərbaycan kişisiydi. Heç zaman var-dövlətə, pula önəm verən olmayıb, hər zaman deyirdi ki, əsas can sağlığıdır, qalan hər şey düzələr. Özünə, qol gücünə çox güvənirdi. İşini, vətənini isə hamıdan çox sevirdi. Elə bilirəm Sərxan və onun kimiləri bir daha dünyaya gəlməz. O bizim başımızın tacı idi, bundan sonra isə bizim fəxr, qürur yerimizdir.
Kasıb ailədən çıxmış əsil xalq qəhrəmanı olan Sərxan Ömərovdan məqalə hazırlamaqla özümü xoşbəxt sayıram.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.