TURAN MƏHƏRRƏMOV:- RAHAT YAT KOMUTANIM QİSASINI ALDIM.
XTQ Şəhidi Turan Tərlan oğlu Məhərrəmov VƏTƏN sevgisini bütün sevgilərindən üstün tutdu və ən uca zirvəyə “Şəhidlik Zirvəsinə” ucaldı.
Onun həyatı sanki uydurulmuş bir qəhrəman hekayəsidir. Hələ uşaqlıqdan düşüncə tərzinə görə çox tez böyüməsi və kişiləşməsi, vətənpərvərlik nümunəsi olması sözün hər mənasında ideal bir kişi kimi yetişməsi bunu deməyə əsas verir. Turan balaca vaxtlarından Milli Qəhrəman Mübariz İbrahimovun vurğunu olub. Daha sonra hərbi xidmətə gedən zaman XTQ olması üçün çox çalışıb və buna nail olub. Yaşma deyilən ermənilərin qorxunc kabusu olan xüsusi təyinatlı olub. 44 gün davam edən Vətən Müharibəsində kişi kimi və sona qədər döyüşüb. Öz komandirinin şəhid olmasını qəbul etmədiyinə görə müharibə bitməsinə baxmayaraq, yenidən Yaşmaya xidmətə qayıdıb. Bu dəfə müddətdən artıq hərbi qulluqçu kimi qayıdıb, o bilirdi ki, ermənilər hiyləgər millətdirlər və nəvaxtsa torpaqlarımıza hücum edəcəklər.
Odur ki, komandiri, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun qisasını almaq üçün fürsəti səbirsizliklə gözləyirdi. Turan çox mehriban, qayğıkeş bir qardaş idi. O istiqanlı oğul idi və çox sədaqətli sevgili idi. Ancaq bütün bunlara baxmayaraq, evin tək oğlu, həm də maddi imkanlarının yetərincə olmasına baxmayaraq, toyuna sayılı günlərin qalmasına və nigahın belə rəsmiləşməsinə, şadlıq evinin sifariş edilməsinə baxmayaraq, o yenə də, Vətən sevgisini hər şeydən uca tutdu. O döyüşündən bir neçə gün əvvəl dostuyla video çəkərək şəhid olacağı ilə əlaqədər danışmasaydı, bir jurnalist kimi mən belə bir qərara gəlməyəcəydim. Bəli, böyük ürək sahibi olan Turan Tərlan oğlu Məhərrəmov əsl Xalq qəhrəmanıdır.
Onun sonuncu xahişi şəhidlərimizi unutmamaq və onları tanıtmaq olub.
Şəhidimizi oxucularımıza daha yaxşı tanıtmaq məqsədilə Zaqatala rayon Qımır kəndinə getdik və şəhidimizin ailəsiylə onun haqqında xeyli danışdıq. Əvvəlcə şəhidimiz haqqında qıssa məlumat:- Turan Tərlan oğlu Məhərrəmov.
27 may 2001-ci ildə Zaqatala rayonu Qımır kəndində anadan olub. 2007-ci ildə Qımır kənd tam orta məktəbinin birinci sinifinə gedib. 2018-ci ildə həmin məktəbin on birinci sinifini bitirib. Uşaqlıqdan idmana böyük həvəsi olduğuna görə 4-cü sinifdən güləşlə məşğul olmağa başlayıb. Bir müddət sonra idmanın Cüdo növü ilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra İdman akademiyasına qəbul olsa da, oxumaqdan imtina edib. Bacılarına da, deyib ki, ata-anama heç nə deməyin, qoy elə bilsinlər ki, qəbul ola bilməmişəm. Səbəbini isə hərbçi olmaq istəyi ilə əlaqələndirib. Turan hərbi xidmətə getməzdən əvvəl, son iki ildə “Qaydasız döyüşlə” də məşğul olub. 24 kq çəki dərəcəsində 2000-2002-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən Zaqatala açıq turnirində Qaydasız döyüş üzrə açıq çempionatda 2-ci yeri tutduğuna görə diplomla təltif olunub. Bundan əlavə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş, Bakı şəhəri Gənclər və idman baş idarəsinin 56 kq çəkidə, 16-17 yaş arasında keçirdiyi açık kubok uğrunda yarışlarda da, 2-ci yerə layiq görülüb.(10-06-2018)
Turan 4 iyul 2019-cu ildə hərbi xidmətə yola düşüb. Hərbi xidmətini XTQ kimi məşhur Yaşma deyilən hərbi hissədə edib. Vətən müharibəsi başladığına görə əsgərliyini bitirsə də, müharibədə xidmətini davam etdirib. 2021-ci il yanvar ayında beş günlüyə evlərinə gəlsə də, yenidən hərbi hissəyə dönərək müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Xidmətdə olduğu müddətdə “Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalı, (28-12-2020) sonra isə Füzuli və Cəbrayıl rayonlarının azad olunmasına görə medalı (24-06-2021) və “Vətən Müharibəsi” iştirakçısı medalı (21-04-2022) ilə təltif olunub. Turan Məhərrəmov şəhid olduqdan sonra Prezident İlham Əliyevin sərəncamları ilə 05-11-2022-ci ildə Vətən uğrunda medalı və Rəşadət ordeni ilə də təltif olunub.
Ailədə üç bacı bir qardaş olublar, Turan Məhərrəmov ailənin yeganə oğul övladı olub, bacıları isə Türkanə Ləzgiyeva, Rəşidə Cumayeva və evin böyük övladı Təranə Ziyəddinova turandan böyük olublar. Ailəni atası Tərlan Məhərrəmov, anası Ənisət Məhərrəmova və ata nənəsi Salatın nənə tamamlayır. Turanın nişanlısı Mustafayeva Sayıb Aqil qızı da, ailənin ən sevimli üzvlərindəndir.
Turan Məhərrəmov 44 gün davam edən Vətən Müharibəsində, hərbi xidmət keçdiyi zaman “Vətən Müharibəsi Qəhrəmanı” İsmayıl Səmədovun əsgəri olub. Turan öz komandirinin qisasını almaq üçün hərbidə qalacağına qəti qərar verib. Belə ki, Vətən Müharibəsi qəhrəmanı İsmayıl Səmədov Şəhidlik zirvəsinə ucalan zaman onlar bir yerdə olublar. Və Turan komandirinə söz verib ki, onun qanını düşməndən məhz özü alacaq.
Bacısı Təranə şəhidimiz haqqında:- biz Turana Qaqa deyə müraciət edirdik. Valideynlərimiz həmişə çöldə işlədiklərinə görə Turana biz bacılar, xüsusən də mən baxardım. Baxmayaraq ki, qaqa bizdən çox balaca idi, ancaq ürəyi həddindən artıq böyük idi. Hələ uşaqlıqdan özünü kişi kimi aparırdı. Uşaqlıqdan ağır təbiətli idi, şit zarafatlar etməz, toylarda oynamazdı. Böyüdükcə isə daha da ağır təbiətli olaraq, əsl kişi oldu. O bizim hamımıza arxa-dayaq idi, bizdən balaca olmasına baxmayaraq, yol göstərənimiz idi. Biz onu lap uşaqlıqdan gözümüzdə böyük kimi ucaltmışdıq. Odur ki, bəzən atam da, bir iş görəndə onunla məsləhətləşərdi. Nə qədər düşünürəmsə onda bir dənə nöqsan tapa bilmirəm. İstiqanlı, qohumcanlı idi, atamdan sonra həm maddi, həm də mənəvi dəstək olan ən çox güvəndiyim bir kişiydi. Mənə həmişə dəstək olub. Ölümüylə tək mənim yox, bütün ailəmizin belini, boynunu bükdü, özünü bizə həsrət qoydu. Onun şəhid olduğu günü səhər tezdən mənə səsli sms yazmışdı. Biraz nasazlamışdım, mənə dava-dərmanımı vaxtında qəbul etməyi tapşırırdı. Bu azmış kimi anamgilə də yazıb ki, onun uşaqları körpədir və vaxt edib iynəsini vurdura bilmir, odur ki, siz gedin onlara onun iynəsini vurun. Sözlə fikrimi çatdıra bilmirəm, o çox istiqanlı qardaş idi, hər dəqiqə bizimlə maraqlanardı. Vətən Müharibəsi bitən kimi onu sevdiyi qızla nişanlamaq istəyirdik.
Qardaşım icazə vermədi, dedi ki, şəhidlərimizin bir ili tamam olmamış nişan edə bilmərəm. Bəli, şəhidlərimizin ildönümündən sonra biz Turan və Sayıb xanımı nişanladıq. Nikaha gedən zaman uca səslə musiqi və maşınlara siqnal verməyi də, bizə qadağan etmişdi. Mən həyat yoldaşımla, qaqa da, nişanlısıyla dördümüz bir yerdə zaqsa getdik. Oradan çıxıb, kafelərin birində nahar da, etdik. Bu bizim bir yerdə etdiyimiz son nahar oldu. Hələ tələbəlik illəri dövründə belə onun kəndə gəlişi toy-bayrama çevrilərdi. Ata-anamın həyətdə görməli olduğu bütün fiziki işləri özü edərdi. Atamın qolundan tutub stolun baş tərəfində yuxarı başda otuzdurar və özü də arxasında dağ kimi dayanardı. Anamın yanağından dartar və deyərdi ki, ana özünə yaxşı bax. Qardaşımı nişanlayandan sonra toy etmək istədik. Dedi ki, olmaz yenə də şəhidlərimiz var. Daha sonra isə pandemiya oldu. Beləliklə də, toy təxirə düşdü, bu ilin sentyabrında da, deyirdi ki, bacı deyəsən toy yenə qaldı, çünki yenə də şəhidlərimiz var. Elə oldu ki, özü də, şəhid oldu. Dayı kimi də çox yaxşı idi. Qaqa ilk maaşını alanda da, bütün bacılarına və nişanlısına pul göndərmişdi, mən də uşaqlara paltar aldım. Oğlumda idmana həvəsi də dayısı yaratmışdı, ümumiyyətlə bacıoğlanlarını idmana verməyimizi istəyirdi. Oğluma o qədər savaşmaq öyrədib ki, uşaq kişi kimi böyüyür. Bilirsinizmi, mənə çox çətindir, oğluma kastyum tikdirmişdi ki, toyda mənim sağdışım sən olacaqsan. İndi uşaq məndən soruşur ki, dayım mənim sağdış olmağımı niyə istəmədi? Mən uşağa necə başa salım ki, dayısı niyə toy etmir? Əvvəllər uşaqlar həmişə məndən soruşardılar ki, niyə bizim əmimiz yoxdur?, mən də deyərdim ki, darıxmayın dağ kimi dayınız var. Müharibə vaxtı erməni bayrağını ayaqları altına salaraq, elə qürurla dayanmışdı ki, hamımız baxıb onunla fəxr edirdik. Döyüş yoldaşları bizə gələn vaxtı soruşdum ki, deyə bilərsinizmi qardaşım necə biri idi? Döyüş yoldaşları deyirdi ki, sənin qardaşın bir canavar idi. O, heç nədən qorxmazdı, qorxu hissi Turan üçün yad bir hiss idi. Erməni əsirini elə büküb gətirmişdi ki, elə bilirdik çuvala veş qoyub gətirirdi. İdman, cəsarət, qorxmazlıq və vətənpərvərlik bir arada olanda əsl cəngavər olursan, Turan kimi.
Müharibə vaxtı qaqama deyirdim ki, sosial şəbəkələrdə müharibənin başladığını paylaşıblar. Üstümə acıqlandı ki, mən hərbidə ola-ola deyirəm müharibə yoxdur, sən haradan bilirsənki müharibədir?, biz Xızı rayonunda təlimdəyik. Sən demə qardaşım kəşviyyatçı kimi döyüşlərdəymiş, bizi aldadırmış. Dostları deyirdi ki, XTQ olmaq üçün kəşviyyat kurslarında çox əziyyət çəkmişdi.
Qardaşımın bu həyatda maddi olaraq heç nəyə ehtiyacı yox idi. Evin bir oğlu idi, atamın da, maddi imkanı yaxşıdır. Turanın yenidən hərbiyə qayıtmasının bir səbəbi var idi, o da, komandiri İsmayılın qisasını almaq idi. Buna görə də, hərbiyə, həm də, XTQ-yə qayıtdı.
Biz valideynlərimizin yaşlanaraq dünyadan köçməsini düşünmək belə istəmirdik, görün başımıza nə gəldi, cavan qardaşımızı dəfn etdik. Bütün arzularımız ürəyimizdə qaldı. Qardaşım ipotekayla özünə Bakıda ev də almışdı.
O hər sahədə kişilik nümunəsi idi, baxın uşaqlıqdan bir qızı sevirdi və sonunda onunla da, nikaha getdi. Maaş almağına baxmayaraq, gedib doyunca gəzmədi, sərbəst keyf etmədi, yalnız bizi düşünürdü. Onun bir uşaqlıq dostu var idi, Səbail, onlar bağçadan bir yerdə dostluq ediblər. Orta məktəb, əsgəri xidmət və s. bütün ömürlərini bir yerdə keçiriblər. Onların birgə videoları vardır, orada deyirlər ki, birdən biz şəhid olarıqsa bizi unutmayın. Bizə görə üzüləcəksiniz, ancaq bir şeyi bilin, kimsə bu yolda şəhid olmalıdır ki, qalan insanlarımız yaxşı yaşasınlar. Məsələn on nəfər bu yolda şəhid olmalıdır ki, iki yüz nəfər yaxşı yaşasın, biz də həmin on nəfərin içərisindəyik.
Bacısı Rəşidə Turan haqqında:-Qardaşımgil əvvəlcə Cəlilabadda xidmət edirdilər. Daha sonra yaşmada xidmət etməyə başladılar. Döyüş yoldaşlarından biri dedi ki, döyüşlərin şiddətli vaxtında Turan əsgərlərinə geriyə qayıtmağı əmr verib. Atışma səsindən əsgərlər bu tapşırığı eşitmədikləri üçün irəli getmişdilər. Və Turan dərhal əsgərlərinin yanına gedərək, onlara deyib ki, siz hələ uşaqsınız, dərhal geriyə gedin, mən özüm onların qarşısını alacağam. Sonra əl pulemyotu və snayperlə erməniləri susdurmağa başlayıb. Düşmən əl pulemyotu ilə çox itki verdiyini görüb onun olduğu yerə artilleriya atəşi açıblar. Və əsgərlərini xilas edən qardaşımız özü şəhidlik zirvəsinə ucalıb.
Turan əsgərlərini elə çox istəyirdi ki, evimizdə onu əzizləyərək, saxladığımız qoz-fındıq və s.-ni yemirdi ki, aparıb əsgərlərimlə birgə yeyəcəyəm. Əsgərləri deyib ki, bir dəfə hamımız susuz qalmışdıq və cəmi bir şüşə su var idi. Turan bilirdi ki, su hamıya çatmaya bilər, odur ki, qapağını açıb hər əsgərə bir qapaq su verdi, sonunda bir qapaq da özü içib.
Uşaq vaxtı deyirdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş idman yarışlarının qalibi oldum, bəlkə elə mən də onun kimi şəhid olacağam? Deyirdik ki, qaqa elə danışma!, deyirdi ki, hardadır məndə o bəxt?
Atamla Turanın arasında xüsusi bir məhəbbət varıydı, onların yazışmasını oxuyanda adamın ürəyi parçalanır. Anamla da, eləydilər, çox istəkli idilər. Orta məktəbdə oxuyan vaxtı tez-tez şikayət eşidərdik, deyirdim ay qaqa ata-ananı belə incitmək olar?, deyirdi ki, bacı hamısı yalandır, sadəcə çox böyüdürlər, səncə mən ata-anamı incidərəm? O hamıya yaxşı idi, ancaq mənimlə uşaqlıq dostlarıydıq. Bilirsiniz necə, dərdləşərdik, məsləhətləşərdik. Mən bakıda yaşayıram, günlərin birində bizə qonaq gəlmişdi və gördü ki, ayağım burxulub, yeriyə bilmirəm. Məni qucağına götürdü ki, sən ayağını yerə basma. Qardaşım hamımızın diqqət və qayğısına qalan idi. Atamın ayaq dırnaqlarını belə tutar, üzünü qırxar, saçlarını da, özü kəsərdi və bundan zövq alardı.
Atam bir dəfə ağır xəstələnmişdi, Turan da elə başa düşdü ki, koronadır. Ona görə qardaşım heç kimi otağa buraxmayaraq, atamı özü müalicə etməyə başladı.
Əsgərləri deyir ki, adi vaxtlarda Turan bizə atalıq qayğısı göstərərdi. Elə ki, idmana gedərdik, bizə qarşı çox ciddi idi. Bütün gücünü ortaya qoyurdu ki, əsgərləri hamıdan güclü olsun.
Biz qardaşımızla çox fəxr edərdik, ancaq o, belə şeyləri, tərif və təmtərağı heç sevməzdi, həmişə deyərdi ki, məni tərifləməyin. İstəyirdik sosial şəbəkədə status paylaşaq ona da icazə verməzdi. Turan qardaş kimi çox ciddi olduğuna görə biz hətta paltarlarımızı belə onunla məsləhətləşərək alardıq. Biz uşaqlıqda bir yerdə çox oynayardıq. Valideynlərimiz bizə iş tapşırırdılar və deyirdilər ki, işi gördükdən sonra gedib oynayarsınız. Mən həyəti süpürürdüm, o da zibili atardı. Hər şeyi bölüşərək edirdik. Sonra da, gedib bir yerdə oynayardıq. Uşaqlıqdan çox təmizkar, özünəbaxan idi. Heç kənd uşağına oxşamırdı, yuyunub ətirlənirdi ki, getsin sevdiyi qızın məhəlləsinə. Birdən elə bu zaman ata gəlib deyərdi ki, ay oğlum gəl bu kəpəyi boşaldaq. Turan əsəbləşsə də, atama bildirməzdi, gəlib toz-torpağın içərisində işləyərdi və yenidən yuyunub, ətirlənəndən sonra evdən çıxardı. Deyirdi ki, bacı sənin fikrincə mən toydan neçə gün sonra həyat yoldaşımı bakıya aparsam, ata-anam məndən inciməzlər. Valideynlərimizin cəmi bir gəlini olacaqdı deyə, belə şeylərə çox həssas idi, mən də deyirdim qaqa özün necə bilirsən elə də et. Sonuncu dəfə xidmətə bakıdan, bizim evdən getdi. Çoxlu arzuları var idi, deyirdi ki, maşın almaq istəyirəm. Turan Holdinq açacağam və s. Xeyli zarafatlaşdıq, dedi ki, evimi satıb obyekt alacağam. Mən istəyirəm ki, uşaqlarımın hər şeyi olsun. Mən onda ona dedim ki, ay qaqa ata deyirdi ki, FHN-ə get, sən niyə getmədin? Dedi ki, elə şey olmaz, mən XTQ olmalıyam vəssalam! Biz onunla xeyli əl zarafatı da edirdik, sanki mənimlə oğlan kimi rəftar edirdi. Deyirdi bacı sən hamıdan güclüsən. Turan deyirdi ki, mən çox yaxşı dayı olacağam. Deyirdi ki, bacı ata-anama müharibədə olduğumu qəti deməyin, çünki narahat olarlar, elə bacılarıma da, demə. Sən tək bilsən bəsdir, bilmirəm nəyə görə məni çox güclü bilirdi.
Şəhid olan günü də yuxuda gördüm, mənə deyirdi ki, sən ata-anamı ayağa qaldır. Məni çox güclü bilirdi və həm də güvənirdi ki, onun sirrini heç kimə deməyəcəyəm. Ona görə də, bütün çətinliklər barəsində yalnız mənə danışardı. Uşaqlıqdan müharibəli filmlərə baxardı, böyüyəndən sonra isə əsasən də Türk istehsalı olan müharibəli kinolara baxardı.
44 günlük Vətən Müharibəsində Turan və yoldaşları maşınlarla irəli gedən zaman maşınlara atəş açmağa başlayıblar. Turan cəldlik göstərdiyi üçün maşından xətasız enə bilmişdi. Ümumiyyətlə komandiri deyirdi ki, çavuşlar arasında ən cəld hərəkət edən Turan olub.
Komandiri onun yoxluğunu qəbul edə bilmirdi, deyir onun yerini heç kim verə bilməz. Sonuncu dəfə bizdən gedəndə dedi ki, bacı mənə bir mürəbbə ver aparım əsgərlərim yesin. Sonra da, dedi ki, mənə isti bir “adeyal” ver, axşamlar oralar çox soyuq olur. Mən də onun dediyi kimi etdim, ancaq o tutduğu sözə əməl etmədi və bizi qardaşsız qoydu.....
TURANLA SAYIBIN SEVGİSİ ƏBƏDİ MƏHƏBBƏT ƏFSANƏSİDİR.
Nişanlısı Sayıb şəhidimiz haqqında:-Mən beşinci sinifdə oxuyandan Turanı tanıyırdım. Altıncı sinifdə oxuyanda mənimlə tanış oldu və əvvəlcə mənə söz göndərdi ki, səni sevirəm. Mən də dərhal ona yox cavabı göndərdim ki, hələ uşağam. O da, əsəbləşərək, əlini divara vurub yaralamışdı. Mən onun əlinin sarıqlı olduğunu görüb çox narahat olmuşdum. Düşünürdüm ki, görəsən niyə onun xətrinə dəydim. Sonra mən də onu sevməyə başladım. Turan mənə deyirdi ki, səni ilk gördüyüm dəqiqə içimdən qeyri-adi bir hiss keçdi, birtəhər oldum.
Düzünü desəm mən məktəbə sırf Turan üçün gedirdim, əgər o məktəbə gəlmirdisə həmin günü dərsin tez bitməsini gözləyirdim. O 11-ci sinifi bitirdi, mən isə 9-cu sinifi bitirib texnikuma qəbul oldum. O da sürücülük məktəbində oxuyurdu. Hər gün tezdən məni də götürüb gedirdik şəhərə, mən texnikuma, o isə sürücülük məktəbinə gedirdi. Dərsdən tez çıxıb gəlirdi məni aparmağa, bəzən dərsdən biraz da tez çıxıb, şəhərdə gəzərdik. Beləcə sevgimiz dastana çevrildi. Biz hər dərsdən sonra tənəffüsdə telefonla danışırdıq. Tələbə yoldaşlarım deyirdi ki, siz bütün tənəffüslərdə nədən danışırsınız? Biz danışmaqdan doymurduq.
Turan əsgərliyə gedən vaxtı mənə dedi ki, bəlkə texnikumdan çıxasan? Mən onu özüm yola saldım və dedim ki, niyə texnikumdan çıxım, məgər mənə güvənmirsən? Dedi ki, güvənirəm, sadəcə həmişə bir yerdə gedib-gəlirdik, indi mənsiz qalacaqsan. Ona görə deyirəm ki, bəlkə dərsə getməyəsən. Turan əsgər gedən gündən mənim gözüm hər yerdə onu axtarmağa başladı. Əsgərlikdən zəng edən vaxtı da, saatlarla danışırdıq. İlk dəfə idi ki, biri-birimizdən çox uzaqda və belə uzun müddətə qalmışdıq. Hər dəfə danışanda nişanlanmaq haqqında xəyallar qurardıq. Müharibə vaxtı bir neçə gün ona zəng çatmadı, çox narahat qaldım. Əslində müharibədə olduğunu deməzdi, biz sadəcə ehtimal edirdik.
Həmişə deyirdi ki, təlimlərdəyik. Müharibənin sonuncu günü zəng edərək mənə dedi ki, toyumuzdan sonra hicaba bağlanarsan?Mən də düşünmədən əlbəttə dedim, mənə dedi ki, niyə düşünmədən hə dedin? Dedim ki, sənin istəyin mənə çox xoşdur, o da dedi ki, bizim çox gözəl dini bir ailəmiz olar.
Hərbi hissədə andiçməsi olan vaxtı məni də aparmışdılar, onda artıq elçiliyimiz də olmuşdur. Mən onun qalıb hərbidə işləməsini heç istəmirdim, o isə bizi rahatladıcı sözlər deyərək, arxayın etdi ki, daha müharibə qurtarıb. İyunda zaqsa getdik, Oktyabrın 8-9-da isə toyumuz olmalıydı. Toyumuza az qalırdı və o, yenidən işinə qayıdırdı. Onda mən ondan xahiş etdim ki, bacıngilə məni də apar, sən işdən gələrsən və biz bir yerdə yaxşı vaxt keçirər, şəhərə gəzməyə gedərik. Əvvəlcə razı olmadı, sonra dedi ki, yaxşı gedək. Biz böyük bir ailə kimi bir yerdə, onun bacısıgildə qalırdıq. Arada şəhərə çıxıb gəzirdik, iyulun 25-də təlimə getdi ancaq nəyə görəsə mənə də dedi ki, sən də rayona get. Ona sual verdim ki, bəs sizin təlimlər bitmədi?, nə çox təlimlər keçirsiniz? O da məni ustalıqla aldada bilirdi və mən də onun həqiqətən də təlimlərə getdiyinə inanmışdım. Hansı ki, həmin vaxtı cəbhə xəttinə gedirmiş, arada üç günlük bakıya bacısıgilə gəlmişdi. Onda biz onunla görüntülü danışdıq, bu sonuncu dəfə oldu. Bu bizim son görüntülü danışığımız oldu, çünki o müharibəyə getdiyinə görə telefonu bacısıgildə saxlamışdı.
Mənə demişdi ki, avqustun sonunda gələcəyəm, amma gəlmədi. Mən ona dedim ki, heç olmasa toyuna gəlib çata biləcəksən? Dedi ki, sən get gəlinlik paltarını seç və narahat olma, mən gələcəyəm. Biz üç dəfə gəlinlik paltarını dəyişdirdik, düşünürdüm ki, təki onun xoşuna gəlsin.
Bəzən insanlar deyir ki, nişanlısı da, onu unudacaq, heç elə şey olar, mən onu necə unuda bilərəm? Bacıları mənə deyir ki, biz səninlə təsəlli tapırıq, səndən qardaşımızın qoxusunu alırıq, bəs sən nədən təsəlli tapırsan? Mən də deyirəm ki, onunla danışdığım otağa gedirəm, gəlib onun doğulduğu evdə qalıram, bütün bunlara baxmayaraq təsəlli tapa bilmirəm. Bütün günü gözüm onu axtarır, ancaq tapmıram. Demək ki, bu həyat boşdur, faniymiş. Mən əvvəllər toyumuzun xəyallarını qurardım, indi isə cənnətdəki qovuşmağımızın xəyallarını qururam.
[center]
Sentyabrın 12-də səhər tezdən biz onunla danışdıq. Axşamüstü zəng etdim, dedi ki, vaxt yoxdur, danışa bilmirəm, sabah rahat danışarıq. Mən də dedim ki, gecə yatmayacağam, fərqi yoxdur saat neçə olursa-olsun, sən zəng et. Sentyabrın 13-də nə qədər zəng etdim, telefona cavab vermədi, 14-də zəng etdim, nömrəyə zəng çatmadı. Mən bilmirdim ki, şəhid olub, ona görə də durmadan ona zəng edirdim. Sentyabrın 15-də atama kimsə zəng edib həqiqəti demişdi. Atam çox pis hala düşmüşdü və mən bunu hiss etdim. Nə qədər atama yalvardım ki, mənə düzünü de, Turana nə olub? Atam dedi ki, narahat olma problem yoxdur. Sentyabrın 15-də səhər tezdəndən bütün məhəlləmiz maşınlarla dolu oldu. Mənə də dedilər ki, sən qorxma, Turan yaralıdır. Biz doqquz ildir ki, bir yerdəydik. Ona görə də hər yerdə onun xatirəsi var. Mən onun yaralı olmasını qəbul edərək, yolunu gözləyirdim, yetərdi ki, sağ olaydı. Çox ağır dərddir, 9 oktyabrda toyumuz olmalıydı və o mənə çiçək verməliydi, ancaq mən onun qəbri üstünə çiçək apardım.
Mənə deyirdilər ki, zamanla hər şey düzələcəkdir. Ancaq günü-gündən daha da pis oluram, öz telefonumdan onun telefonuna sms yazıram, sonra da geriyə təkrarlayıram. Turanın ailəsi başda olmaqla öz ailəmizi də, düşünərək elə hərəkət edirəm ki, guya hər şey qaydasındadır, ancaq fikir etməkdən, dərdimi içimə salmaqdan az qalır başım xarab olsun, ürəyim partlasın. Biz doqquz il sevgili olsaq da, bir dəqiqə belə incikli qalmadıq. Həmişə mənə deyirdi ki, sən hələ uşaqsan, indi öz-özümə deyirəm ki, yaxşı uşaq üçün bu böyüklükdə yük qoyub gedərlər? Mən axşamlar onun köynəyini geyinib yatıram, bacıları da, onun qoxusunu məndən alırlar. Bəzən düşünürəm ki, o sağdır və mənimlə yanaşı əyləşib. Başlayıram xəyallar qurmağa, ancaq alınmır, deyirəm toyumuz olmayacaq, uşaqlarımız olmayacaq, demək ki, xəyallarım da boşdur. Mən bir müddət ümumiyyətlə telefonumu əlimə götürmədim, düşünürdüm ki, əgər Turan yoxdursa telefonu neynirəm? O mənə yazan vaxtı mənim əlimdə nə qədər vacib iş olsa belə kənara qoyub, ona cavab yazardım. Mən ona o qədər inanır, güvənirdim ki, nə desəydi inanardım. Odur ki, onun dili ilə hamıya deyirdim ki, hər şey əladır. Biz onunla müvəqqəti sevgi yaşamadıq, bu əbədi sevgidir. Neçə ki, mən yaşayıram, onu mənim ürəyimdən heç kim çıxara bilməz.
Bilirsinizmi, mənim yanımda kimsə öz sevgilisinə sms yazanda halım çox xarab olur. Düşünürəm ki, görəsən bəs Turanım nə vaxt mənə sms yazacaq? O mənə deyirdi ki, sən mənim qadınımsan, odur ki, güclü olmalısan. Mən də güclü olacağam, cənnətdə onunla görüşmək üçün adına layiq yaşayacağam.
Anası Ənisət ana yeganə və Şəhid oğlu haqqında:- oğlum çox xeyirxah biri idi, imkansızlara əl tutmaqdan zövq alardı. Əslində onun hərbçi olmasını istəmirdik, deyirdik ki, get idman universitetinə, ali təhsil al və gəl müəllim işlə, həm də, idmanını et. Ancaq o dedi ki, bu mənim böyük arzumdur və arzuma çatmağıma mane olmayın. Gəlinimizdən, oğlumun nişanlısından təsəlli tapırıq. O bizə gələndə oğlum əvəzi olur və biz də rahat yemək yeyə bilirik. O olmayanda düşünürəm ki, indi oğlum acdı, biz isə burada yemək yeyirik. Ona görə də, yemək belə yeyə bilmirik.
Biz çox mehriban ailə olmuşuq, hər gün axşam bir yerə yığışardıq və telefonla danışardıq. Bacıları, gəlinim elə xoşbəxt ailə olmuşduq ki, gəl görəsən, ancaq 15-də hər şey dəyişdi. Dünyamız alt-üst oldu. Həmişə nigarançılıqla zəng edirdim, mənə deyirdi ki, hər şey yaxşı olacaq. Deyirdi ki, ana mənim yanımda nər kimi oğulların başına gələnləri bilsəydin, birdə ki, mən komandirim İsmayıla söz vermişəm axı, onun qisasını alacağam. Oğlum öz tərbiyəsi ilə hamının yanında böyük hörmət qazanmışdı. Şəhid olduğu gün bütün qohum-qardaş, qonşular bizimlə bərabər ağlayırdı ki, axı belə oğul niyə ölsün? Vətən müharibəsindən sonra sanki bir nigarançılığı var idi, sanki kiməsə borcu qalmışdı.
Sən demə komandirinə verdiyi sözü, onun qisasını almaq istəyi onu yenidən hərbiyə gətirib.
Bizə deyirdi ki, siz toya hazırlaşın, hər şey yaxşı olacaqdır. Oğlumla sonuncu telefon danışığımız sentyabrın 12-də oldu. Sübh tezdəndən zəng edib mənimlə danışdı, belə sübh tezdəndən zəng etməsi məni təəcübləndirdi. Oğlum bunu hiss edib başladı məni sakitləşdirməyə, guya yuxuda məni gördüyü üçün sübh tezdən zəng edib. Beləcə məni inandırmağa çalışdı. Mənə də dedi ki, sadəcə səsini eşitmək istəyirdim, vəssalam! Daha sonra mənə dedi ki, atam və bacılarımdan muğayat ol, birdə ki, 3 günlük mənə zəng çatmayacaqdır, narahat qalmayın. Üç gün sonra zəng edib mənə dedilər ki, oğlun yaralanıb. Sentyabrın 15-də isə yaralı əsgər gözlədiyimiz halda, üçrəngli bayrağa bükülmüş oğlumu evimizə gətirdilər.
Atası Tərlan dostu-sirdaşı və oğlu haqqında:-Mən oğlumla dost-qardaş kimi olmuşam, heç vaxt onun xətrinə dəyməmişəm, arzularına da qarşı çıxmamışam. Allah şahiddir ki, hər bir şeyimiz var idi. Evin bir oğlu idi, maddi cəhətdən isə korluğumuz yox idi. Yəni hərb sahəsini seçməyə də bilərdi. Sadəcə XTQ olmaq arzusu onun ən böyük arzularından biri idi.
O bilirdi ki, mən onun bütün arzularının tərəfdarı olmuşam. Odur ki, onun hərbiyə getmək arzusunun da, qarşısını almadım, çünki mən ömür boyu onun arzularına qarşı çıxmadım, xətrinə də heç vaxt dəymədim. Düzdür o da, özünə söz gətizdirən hərəkət etməzdi. Sentyabrın 12-də saat 15-00 da telefonla qıssaca danışdıq, dedi ki, axşam zəng edəcəm rahat danışarıq. Bu onun son zəngi oldu.
Türkanə Ləzgiyeva qardaşı Turan haqqında:- qardaşım Turan Məhərrəmov mənim real qəhrəmanımdır. Baxmayaraq ki, məndən xeyli balacaydı, ancaq hələ uşaqlıqdan özünü yetkin kişi kimi aparardı. Biz ona qaqa deyə müraciət edirdik, o isə mənə, bacı deyil, bacım deyərdi.
Hələ üçüncü sinifdə oxuyan vaxtlarda atam ona maşın sürməyi öyrətmişdi. Bundan əlavə atam böyüklərin olduğu bütün yerlərə özüylə bərabər Turanı da aparardı. Qardaşım böyüklərin yanında daha çox vaxt keçirdiyinə görə vaxtından əvvəl böyüyür, çox tez kişiləşmişdi. Yaxşı yadımdadır, zaqatalada zəlzələ olduğuna görə Turan da daxil olmaqla bütün şagirdləri məktəbin həyətinə toplamışdılar. Və heç bir şagirdə məktəbi tərk etməyə icazə vermirdilər. Turanı orada saxlaya bilməmişdilər, o qaça-qaça, bir həyəcanla evə gəlmişdi ki, dərhal bizləri yoluxdu. Soruşurdu ki, xəsarət alan, vəyaxud başqa bir problem varmı? Evimizdə atamdan sonra özünü ikinci kişi kimi aparır, ailənin qayğısına qalırdı. Uşaqlıqdan özünü elə aparırdı ki, ondan heç kim incimirdi, müdrik bir insan kimi davranırdı. Mən ona tez-tez əsəbləşərdim ki, sən axı niyə belə tez böyümək istəyirsən, niyə uşaqlığını yaşamırsan? O da, mənim sözlərimdən inciməzdi və yenə də, öz bildiyi kimi davranardı.
Bir dəfə atam bazara bizi də, aparmışdı, biz qaqamla maşında oturmuşduq, atam isə ticarətlə məşğul idi. Qaqam mənə dedi ki, bacım gəlsənə mən gedim peraşki alım, axı sən aca bilərsən. Mən də gülərək, dedim ki, ay qaqa sən uşaqsan axı, bu böyüklükdə bazarda itərsən, atam bizə acıqlanar. Dedi ki, sən nə danışırsan, mən buraları çox yaxşı tanıyıram. Və maşından düşüb, qaçaraq, beş dəqiqəyə peraşki aldı və geriyə döndü, onda başa düşdüm ki, bu uşaq çox diribaşdır. Mən onu çox istəyirdim və onsuz yaşamağı necə bacardığıma da, şübhəylə baxıram. Öz uşağım kimi əzizləyirdim, hərdən uzanan vaxtı onun iri kipriklərini sığallayar, sıx və gözəl daranmış saçlarına tumar çəkərdim. Deyirdim ki, kimin belə gözəl qaqası var?! O da, çox təvazökar idi, deyirdi elə demə, ancaq baxıb görürdüm ki, dodağının altında gülürdü, yəni xoşuna gəlirdi. Evdə dadlı təamlardan onun üçün saxlayardım. Deyirdim ki, qaqa sənə fındıq qovurmuşam, əyləş biraz ondan ye, deyirdi ki, bükərsən aparıb əsgərlərimlə yeyəcəyəm. Axı mən bilirdim ki, mənim ona saxladığım təamları hamılıqla yesələr, ona çox az çatacaqdır. O da deyirdi ki, mən əsgərlərimi çox istəyirəm, onlarla birgə yeyərəmsə daha da nuş olar.
Vətən müharibəsi başlanan günü mənim heç nədən xəbərim yox idi, həyətə düşmüşdüm. Orada danışanlardan eşitdim ki, artıq müharibə başlayıb. Bilirdim ki, qardaşım XTQ olduğuna görə, döyüşə ilk gedənlərdən olacaqdır. Odur ki, dərhal küçədən evə qayıtdım, pilləkənləri qalxa bilmirdim, boğazım qovuşmuşdu, nəfəs belə ala bilmirdim və mənzilə daxil olan kimi uca səslə ağlamağa başladım. Özümə gələn kimi dərhal rayona, valideynlərimin yanına, kəndə getməyi qərarlaşdırdım. Həmin 44 gündə biz ailəliklə o dünyanı görüb gəldik. Müharibə bitdikdən bir müddət sonra qardaşım hərbi xidmətini tam başa vurdu və ilk olaraq bizə gəldi. Mənə sürpriz etdi, heç kim bilmirdi, necə qışqırıb sevinmişdimsə qonşu qız çölə çıxaraq, bizim görüşümüzü video-lentə almışdı. Elə ağlayırdım ki, görünür sevincdən də, ağlamaq olarmış. Qaqa qollarını geniş açaraq, dedi ki, ay bacım sağ-salamat gəlmişəm də, indi niyə ağlayırsan? Axı biz onunla təkcə bacı-qardaş deyildik, həm də dost, sirdaş idik. Odur ki, o da bunu bilə-bilə mənə sürpriz etmişdi.
Bizim yaşadığımız fərdi evimiz yanmışdı, evdən heç nəyi çölə çıxara bilmədik. Hər şey, yanıb kül oldu. Qaqa ağsaqqallıq edərək irəliyə düşdü, atamla da, danışıblar ki, bacıma dəstək olaq, qoy onlar kirayədə qalmasınlar. Çox düşüncəli bir insan idi, təkcə bacısına deyil, ümumiyyətlə insanlara qarşı xoş niyyətli biri idi.
O, hərbi xidmətdən sonra XTQ-də həm də, maxe kimi, yaşmada qalıb işləyirdi. Biz onunla demək olar ki, hər gün, həm də saatlarla danışırdıq. Bir bacı kimi mənə dərd ortağı olmağı bacarırdı. Əsasən də, toy haqqında danışırdıq. Necə geyinəcəyik, xna mərasimi haqqında və s, hətta baxmayaraq ki, mən ailəliyəm, mənə deyirdi ki, kosmetikadan istifadə etmə, mən də dedim ki, baş üstə. Deyirdi ki, bacım mənim bu xna nəyə lazımdır, bu nə mərasimdir, olması vacibdir? Gülürdüm ki, qaqa bu da qızlara aid bir şeydir, xanımların mərasimidir, bəli olması da vacibdir.
Toyqabağı nişanlısı Sayıbla bizdə qaldılar, biz birlikdə, uşaqlarla xeyli gəzdik, yaddaqalan günlər yaşadıq. Deməli həmişə gəzən vaxtı yeməyə oturmağa imkan vermirdim, hərdən bir yeməyi bəhanə edirdim ki, bəs mən sizə filan xörəyi hazırlamışam, odur ki, naharı evdə edəcəyik. Bunu ona görə edirdim ki, qaqa çox xərcə düşməsin. O da, bunu hiss edib, bir dəfə əl çəkmədi ki, yox bu gün kafedə, həm də, birlikdə balıq yeyəcəyik. Mən də balığı çox sevirdim, odur ki, bu dəfə birlikdə nahar etdik və bu günümüz daha yaddaqalan oldu. Sonra nədənsə daha onun telefonla uzun-uzadı danışmağa vaxtı olmadı. Hər dəfə zəng edəndə mənə dedi ki, vaxt olan kimi özüm yığacağam.
Sentyabrın 12-13-də öz-özümə ağlayırdım, çünki qaqaya daha zəng çatmırdı, ürəyimdən qara qanlar axırdı, heç cürə sakitləşə bilmirdim. Necə deyərlər ağlıma gəlməyən başıma gəldi, qaqa şəhid oldu. Mən qaqaya votsapla sms yazdım ki, qaqa mən əslində sənsiz yaşaya bilmirəm, ölməliydim, ancaq nə edim ki, ölə bilmirəm. Və ölə bilmədiyimə görə məni bağışla. Sanki içimdə bir hiss var idi ki, o mənə cavab verəcəkdi. Axı mən onu görürdüm, hər yerdə görürdüm və dəqiq bilirdim ki, mən havalanmamışam, bu onun ruhudur.
Turan hələ uşaqlıqdan həddindən artıq vətənpərvər olub, həmişə şəhidlərə aid verilişlərə baxar, Milli qəhrəman Mübariz İbrahimovun həyatına aid video materiallara baxardı. O, hələ uşaqlıqdan, özünü qanandan şəhidlik zirvəsinə ucalmağı arzulayırdı. Deyirdim ki, qaqa elə demə, axı sən bizləri də düşün, biz sənsiz necə yaşayarıq? Deyərdi ki, bacım, elə bilirsən şəhidlik hər insana qismət olur? Hardadır məndə o xoşbəxtlik?
Müharibə bitdikdən sonra rayona gələn kimi, heç yemək belə yemədən, getdi öz şəhid komandirini ziyarət etməyə. Sən demə Vətən Müharibəsi qəhrəmanı İsmayıl Səmədov məhz Turanın qolları arasında şəhid olub və onda qaqa özünə söz verib ki, komandirinin qisasını almaq üçün hərbidə qalıb xidmət edəcəkdir. Ümumiyyətlə isə o hələ oxuduğu vaxtlarda da, hər dəfə kəndə gələndə ilk işi şəhidləri ziyarət etmək olardı.
Müharibə bitdikdən sonra mənə bir ədəd erməni qəpiyi verib, dedi ki, bunu məndən yadigar saxla. Son vaxtları isə sanki ürəyinə danmışdı ki, tezliklə şəhid olacaq. Mənə deyirdi ki, bacım sən mənim bu şəklimi böyüdərsən və aparıb anagildə koridorun ən yuxarısından asarsan. Mənə üzərində saat olan gecə lampası bağışladı və dedi ki, bacım zaman hər şeydir. Biz müharibədən sonra onun hərbidə qalmasını heç istəmirdik. Mənə dedi ki, bacım sən bilsəydin ki, bu 44 gündə mən nələrdən keçmişəm və sağ qalmışam, deməli alın yazımda şəhidlik yoxdur. Odur ki, için rahat olsun, mənə heç nə olmayacaqdır. Məni elə əmin etdi ki, mən də onunla razılaşdım. Son ümidim isə onun yaralı gələcəyinə inanaraq yolunu gözlədiyim an qırıldı, puç oldu, çünki qardaşım evimizə şəhid kimi gəldi.
Mənə tez-tez qonaq gəldiyi üçün hansı otaqda daha çox vaxt keçirirdiksə, həmin otağa gedir və öz-özümlə danışıram. Onun ruhu gəlsə də, mənimlə danışmır. Yuxuma çox tez-tez gəlir, orada rahat danışırıq. Əsasən mənim və nişanlısının yuxusuna tez-tez gəlir.
Siz soruşdunuz ki, qardaş kimi bacılarına qarşı necə olub? İlk maaşını alan kimi hər üç bacıya və nişanlısına pul ayırmışdı. Mən nə qədər israr etdim ki, istəmirəm, axı sənin toyun olacaq, sənin özünə pul lazımdır. Mənə əsəbləşdi ki, uzatma, kartının şəkilini çək və mənə at, o dediyi kimi də etdi, bizlərin hər birinə pul göndərdi. Hərbi işi çətin olduğuna görə son vaxtlar ümumiyyətlə onunla əlaqə qura bilmirdik. Və mən əsəbləşdim ki, biz çox üzülürük, gəl sən bu işdən çıx. Dedi ki, bacım əgər bir insana pis bir şey olacaqsa, o hər yerdə ola bilər. Odur ki, üzülmə və sən pis də olma, çünki onda mən də pis olacağam və xidmətimi yaxşı edə bilməyəcəyəm. Dedi ki, sən yalnız bir şey haqqında düşün ki, bu yol çox şərəflidir. Bir də tez-tez deyirdi ki, siz bir mənim adıma diqqət edin, “TURAN”, bu adı mənə boşuna veriblər?, bu adın sahibi ordudan geri qayıdar?
İş elə gətirdi ki, onun şəhidliyindən sonra mən qaqamı yuxumda gördüm və o mənə dedi ki, sənə kim dedi ki, mən ölmüşəm? Dedim ki, ay qaqa bəs sağsansa niyə sənə baş daşı qoyublar?, bəlkə gedib ata-anaya da sağ olduğunu deyəsən?!......
Mənə elə gəlir ki, həyatda zaman heç bir boşluğu doldurmur, sadəcə otağa keçib tək-tənha xeyli ağlamağı, dərdlərinlə baş-başa yaşamağı öyrədir.
Qardaşım çox yaraşıqlı, idmançı, cəsur, heç nədən qorxmayan və çox təvazökar bir insan idi. Mən onun kimi hərtərəfli kişi görmədim, bütün sevdiklərinə qarşı çox sədaqətli idi. Bir gün məhəlləmizdə bir gözəl qız varıydı, onu qaqama göstərdim ki, ay qaqa bu qıza bax gör necə gözəldir, sənə də yaraşar. Qaqam nə etdi?, ümumiyyətlə o qıza tərəfə baxmadı, sanki yanımızdan xanım keçmədi. O, bu hərəkətiylə mənim gözümdə birazda ucaldı, öz uşaqlıq sevgisinə nə dərəcədə sədaqətli olduğunu bu hərəkətiylə bir daha isbatladı.
Turan çox ürəkli uşaq idi. Uşaqlıqda bərk yıxılmışdı və dizindəki əti sümükdən aralanmışdı. Qaqa özü adi iynə-sapla ayağını tikmişdi. Biz onu biləndə çox məyus olmuşduq, axı yaraya infeksiya sala bilərdi. Atamgil gəlib gördülər ki, yod töküb və ayağını tikibdir. Yenidən həkimə apararaq, yaranı açıb, təmizlədikdən sonra cərrah tikişi ilə tikmişdilər.
Sentyabr döyüşlərindən bir neçə gün əvvəl bizə gəlmişdi. Mən də əl qatmışdım özümə, qaqaya bir neçə növdə xörək hazırlayırdım. Nədənsə qaqa gözümə çox arıqlamış kimi görünürdü. Dedi ki, bacım gəl otur yerə, mənə heç nə lazım deyil, qoy doyunca üzünü görüm. Bir neçə dəfə eyni şeyi təkrarladı ki, gəl otur, qoy doyunca üzünə baxım. Axı mən haradan biləydim ki, bu bizim sonuncu görüşümüz olacaq?
Turan bilirdi ki, sonuncu dəfə görüşürük, yenə də, məndən soruşurdu ki, bacım nəyəsə ehtiyacın varmı? Belə istiqanlı, istəkli, qəhrəman qardaş haqqındanə qədər danışsam da azdır. Bir onu bilirəm ki, mən hər gün onun yolunu gözləyirəm və onun yenədə gələcəyinə inanıram.............
XTQ şəhidi Turan Məhərrəmov demək olar ki, arzularının çoxuna çatdı. Son arzusu isə şəhidlərimizi unutmağa qoymayın, onları yaşadın demişdi. Bəli, onun timsalında bütün şəhidlərimizi yada salaraq, təbliğ etməklə onları əbədi yaşatmalıyıq.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.