ƏRƏBLİNSKİ SOYADINI DAŞIYAN ŞƏHİD QƏHRƏMAN.
Hər bir Azərbaycanlı vətəninə bacardığı kimi xidmət etməlidir. Kimisi silahıyla, kimisi qələmi, kimisi də, bacardığı peşəsiylə. Buraya həkimləri, sürücüləri və s. peşə sahiblərini əlavə etmək olar ki, onlar da, İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” yetərincə xidmət etdilər. Müharibənin ən qaynar nöqtələrinə, keçilməz yollarda avtomobili idarə edərək, əsgərlərimizə ərzaq, silah daşıyan srücülərin xidmətini danmaq günah olardı. Və bu yolda öz şirin canlarından keçərək Şəhid olanları unutmaq olmaz, əksinə onları da, daima təbliğ edərək yaşatmalıyıq. 44 gün davam edən “Vətən Müharibəsində” Qarabağın bir çox qaynar nöqtələrinə silah-sursat, ərzaq təminatı edən və bu yolda peşəkarlıq edən sürücülərdən biri də, Ərəblinski Vahid Maarif oğludur. Vahid Ərəblinski Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmət edib. 26-08- 2022-ci ildə Goranboy rayonu Buzluq kəndi ərazisində döyüş təminatı ilə əlaqədar tapşırığı yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. Şəhidimizin həyatı ilə yaxından tanış olmaq məqsədilə Zaqatala rayon Aşağı Tala kəndinə yollandıq. Şəhidimizin ailəsilə görüşüb, söhbətləşdik.
Əvvəlcə Şəhidimiz haqqında qıssa məlumat vermək istəyirik:”-Ərəblinski Vahid Maarif oğlu 08-08 1995-ci ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. 2001-ci ildə Aşağı Tala kənd 3 saylı tam orta məktəbinin birinci sinifinə daxil olub və 2012-ci ildə həmin təhsil ocağının 11-ci sinifini bitirib. 2013-cü ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Zaqatala şəhərindəki restoranların birində ofisiant işləməyə başlayıb. Bir müddət sonra Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq qərarına gəlib. 2020-ci ildən isə Tərətər rayonunda yerləşən “N” saylı hərbi hissədə Motoatıcı briqadanın 2-ci motoatıcı taborunun motoatıcı bölməsinin baş sürücüsü kimi xidmətə başlayıb. İkinci Qarabağ savaşı Vətən Müharibəsi başlanan zaman sürücü kimi vətənə xidmətdə olub. Və Suqovuşan, Ağdam və Goranboyda, Ballıqaya istiqamətində xidmətdə olub. 26-08- 2022-ci ildə Goranboy rayonu Buzluq kəndi ərazisində döyüş təminatı ilə əlaqədar tapşırığı yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur.
Hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğuna görə onun ölümü şəhidlik statusu ilə yekunlaşmışdır.”
Şəhid Vahid Ərəblinski ilə bağlı daha ətraflı məlumat toplamaq üçün Diaspor.info saytının Şimal-qərb bürosu olaraq, Zaqatala rayon Aşağı Tala kəndinə, onun doğulub boya-başa çatdığı ünvana yollandıq. Şəhidimizin anası Havva xanımla, atası Maarif və bacısı Aynurə xanımla görüşüb söhbətləşdik. Havva xanım deyir ki, Vahid çox sakit uşaq olub, dostlarıyla da, mehriban olub:-Ümumiyyətlə Vahid hələ kiçik yaşlarından çox sakit və tərbiyəli idi. Orta məktəbdə oxuyanda da, təhsilə meyli olmasa da, onun tərbiyəsinə görə müəllimlərinin yanında çox böyük hörməti varıydı. Mənimlə də, çox mehriban olub. Mənimlə daha açıq idi, atasına deyəcəyi sözləri də, mənim vasitəmlə deyərdi. Mənə çox bağlı idi, elə mən də, onunla nəfəs alırdım. Fərqi yoxdur haradaydı, hərbi xidmətdə vəyaxudda işləyən vaxtlarında, tez-tez telefonla əlaqə saxlayardım. Hərbi xidmətdə əsgər kimi olan vaxtlarında da, hərbi xidmətini başa vurduqdan sonra işlədiyi beş il ərzində də, hər addımını izləyərdim. Beş il restoranda ofisiant işlədi, məvacibini alıb hamısını mənə verərdi. Və özünə pul lazım olanda da, məndən icazə istəyərdi. Mən ana kimi çox narahat adamam, o da bunu bilirdi. İşdən evə gələrkən biraz gecikən kimi dərhal zəng edərdim ki, bəs harada qaldın? Şəhid olmamışdan beş gün əvvəl evimizə gəlmişdi. Bacısının qızı dünyaya gəlmişdi, onu görməyə gəlmişdi.
Oxumağa tənbəlliyi o qədər çox idi, hətta dedilər ki, bəlkə gizirlər məktəbinə gedəsən, ona da, tənbəllik etdi. Nə deyimki, mən də bütün analar kimi oğlumu evləndirmək istəyirdim, onun ailə qurmasını, toyunu görmək istəyirdim. Ancaq nə edək, görünür qismət beləymiş, qismətində şəhidlik varıymış.
Atası Maarif:-Bizim evimizin yerləşdiyi, yəni Vahidin də doğulub boya-başa çatdığı küçə General Balakişi Ərəblinskinin adını daşıyır. General Balakişi Ərəblinski babamın əmisi olub. Bizim soyadımızı daşıyan xeyli hərbçi vardır, görünür mənim oğlumunda, bir müddət sonra hərbiyə qayıtması soykökünə bağlılığından irəli gəlir. Vahidin əmisi oğlu polkovnik Şərif Ərəblinski də hazırda hərbi xidmətini davam etdirir. Vahid həddən artıq sözə qulaq asan bir oğul idi, heç birimiz ondan narazı qalmadıq. Nə vaxt nə işə buyururdumsa baş üstə deyib, canla-başla yerinə yetirərdi. Hələ uşaqlıqdan ona maşın sürməyi öyrədərdim, hərdən qardaşımın maşınını sürərkən, onu da sükan arxasına otuzdurardım. O da, orta məktəbi bitirən kimi sürücülük məktəbinə daxil oldu və peşəkar sürücü oldu.
Bacısı Aynurə:-mən ondan iki yaş böyük olduğuma görə məktəbdə nə lazım olurdusa onun yanında olurdum. Mən yaxşı oxuduğuma görə qardaşımın dərslərinə də kömək edirdim. Düzdür evdə ikimiz olduğumuza görə hərdən dalaşardıq da, hamıda olduğu kimi, sonra da barışardıq. Qardaşım hamıya qarşı, xüsusən də mənə qarşı çox istiqanlı idi. İşlədiyi müddətdə evə gələrkən mənimlə görüşməmiş geriyə getməzdi. Mən ailəli olduğuma görə, işə getdiyimə görə bəzən vaxt tapa bilmirdim, onda qardaşım hökmən mənim arxamca gəlib görüşərdi. Dayı kimi də özünü qıssa bir müddətdə çox yaxşı tərəfdən göstərə bildi. Qızım Ziyafət hələ beş aylıqdır, yeni doğulan vaxtı uşağı görməyə gəldi və mənə pul verib dedi ki, bu şirinliyi götür uşağa paltar alarsan. Və dedi ki, hələ balacadı, bir yaşı tamam olanda onunla xeyli oynayacağam. Biz bacı-qardaş kimi də arzularımızı bölüşərdik, onun ailə qurması haqqında öz planları varıydı. Deyirdi ki, biraz pul yığıb, evimizi təmir edəcəyəm, sonra yaxşı toy da edərəm. Ancaq sonunda qisməti ən uca zirvə olan şəhidlik zirvəsi oldu.....
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.