Diaspor info xəbər verir ki, Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii ehtiyatların ermənilər tərəfindən qanunsuz istismarı barədə məlumatlar yayıb.
Yapon və ingilis dillərində yayılan məlumatlarda aparılan müzakirələrdən sonra İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşdüyü əksini tapıb.
Bildirilib ki, görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Görüşün konstruktiv ruhda keçdiyi və bununla əlaqədar təmasların davam etdirilməsi qərara alındığı qeyd edilib.