Azərbaycanın dost Ukrayna dövlətinə humanitar yardımı Ukrayna KİV-lərinin diqqət mərkəzində olub.
Diaspor info xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Koresspondent.net”, “Ukrainskaya Pravda”, “Antikor”, “Yevropeyskaya Pravda” və digər xəbər agentlikləri, həmçinin portallarda dərc olunan məqalələrdə Azərbaycanın yardımının əhəmiyyəti qeyd olunub.
Məqalələrdə vurğulanıb ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Yardıma 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı yola salınıb. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.