Məlum olduğu kimi ötən il sentyabrın 29-da “2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Belə ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Heydər Əliyev o dahi şəxsiyyətlərdəndir ki, yüz illərlə zamanda tək-tək dünyaya gəlir.
Heydər Əliyevin şəxsi həyatına, xalqına və dövlətinə etdiyi xidmətlərinə nəzər salarkən onun həyatının xalqımız üçün bir örnək olduğu aydın görünür. İlk öncə diqqətimi Heydər Əliyevin dünya şöhrətli bir siyasətçi kimi çox dürüst olması və böyük zəka sahibi olduğuna görə dünyanın aparıcı dövlət adamları tərəfindən qiymətləndirilməsi çəkdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz Türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".
ABŞ-ın keçmiş prezidenti Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".
Rusiya prezidenti Vladimir Putin: "Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim".
Pakistanın keçmiş baş naziri Bənəzir Bhutto: "Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir".
Ümummilli liderimizə bir ailə başçısı, ata kimi baxsaq, o böyük insan burada da xalqımız üçün bir nümunədir. Hər iki övladına ali təhsil verib, ailəsinə, övladlarına, nəvələrinə vaxt ayırmağı bacarıb. Dahi şəxsiyyətin ən gərgin iş qrafiki olduğu vaxtlarda belə nəvəsi balaca Heydərlə həyətdə top oynadığı fotolar bunun bariz nümunəsidir. Ulu öndər təkcə Ata deyil, baba, həyat yoldaşı, dost, iş yoldaşı kimi də, həmişə sevilib, dürüst və sədaqətli olub. Vaqif Mustafayevin dahi şəxsiyyətin həyatından bəhs edən “Əsl məhəbbət haqqında” filminə baxan zaman Ulu öndərin Zərifə xanıma olan böyük sevgisinin şahidi olursan. Bütün zamanların gəncliyinə örnək olan təmənnasız, saf, ülvi sevgi və bu yolda necə böyük çətinliklərlə qarşılaşan Heydər Əliyev, həyat yoldaşı Zərifə xanım dünyasını dəyişdikdən sonra da, ikinci dəfə ailə qurmayaraq ona sədaqətli olduğunu bir daha nümayiş etdirdi.
Heydər Əliyevin söylədiyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlməsi təhsilə, müəlliminə nə qədər böyük əhəmiyyət verməsindən xəbər verirdi.
Hüseyn Cavidin nəşinin sibirdən Naxçıvana gətirilməsini təşkil etməsi, Məmməd Arazın müalicəsinə nail olması və s. bu kimi xidmətləri isə böyük yazarlara olan diqqət və qayğısından irəli gəlirdi.
Ümummilli liderimizin hələ gənc yaşlarında fitri istedada malik olması, onun bir çoxlarının bilmədiyi bacarıqlarının olmasını isə dövründə tanıdıqlarının dilindən eşitmişik. Məsələn Naxçıvanda Ulu öndərin qardaşının yaşadığı evdə qonşuda balaca bir qız uşağı olub. Onun da adı Zərifə olub, tanınmış seyid nəslindən olublar. Zərifə Seyidova deyirdi ki, Heydər Əliyev təsadüfən məni evdə gördü və dedi ki, gəl sənin şəkilini çəkim. Mən də, onun qarşısında dayandım, bir neçə dəqiqəyə qələmlə çəkdiyiyi şəkili mənə uzatdı. Mən baxıb gördüm ki, sanki özümə güzgüdə baxıram, çox gözəl peşəkarlıqla çəkilmişdi:-Bizim evimizə həmişə böyük şəxsiyyətlər gələrdilər. Heydər Əliyev bir dəfə əmimlə nərd oynayırdı, ancaq tez-tez saatına baxırdı, sonuncu dəfə saatına baxıb oyunu yarımçıq saxladı. Dedi ki, işimi görüb, geri gələcəyəm. Əmim isə ona dedi ki, hesabda geridəsən, bəlkə oyunu bitirək? Heydər Əliyev xeyir deyib evdən çıxdı və dediyi kimi iki saat sonra geri döndü. Biraz da, qanı qaralana oxşayırdı, onlar oyuna yenidən başladılar və əmimi beş oyun ard-arda məğlub etdi.
Heydər Əliyev şəxsiyyətində xalqımıza örnək olacaq daha böyük xüsusiyyət də var idi, bu Vətən sevgisi idi. O, doğulub, boya-başa çatdığı Naxçıvanın ağır günlərində moskvadan oara gəldi və doğma el-obasını aclıqdan, səfalətdən və düşmən işğalından çox böyük məharətlə xilas etdi. Bütün dünya ədalətsizcəsinə ermənilərin işğalına göz yumduğu bir zamanda Ulu öndər əvvəlcə heç yerə qaçmayan Naxçıvan camaatı ilə birgə doğma el-obasını yağı düşməndən qoruya bildi. Daha sonra xalqımızın təkid və tələbi ilə Bakı şəhərinə qayıdaraq, vətəndaş müharibəsi təhlükəsində olan bütöv Azərbaycanı xilas etdi.
Heydər Əliyev təkcə Moskvada işlədiyi dövrlərdə deyil, Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə də, öz həmkarlarına yetərincə dəstəyini vermişdir. Darda olan həmkarlarına maddi-mənəvi dəstəyini verməklə xalqlarımızın dostluğunu daha da, möhkəmlətmişdir.
Buna bariz nümunə kimi Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın dediyi fikirləri göstərmək olar. L. Kuçma deyirdi ki, taxıl biçini yaxınlaşırdı, neft məhsullarına böyük tələbat var idi, demək olar ki, çarəsiz qalmışdıq, bizi bu ağır vəziyyətdən məhz Heydər Əliyev qurtardı.
Heydər Əliyev Naxçıvanda olduğu vaxtlarda iki dəfə məni də, bir gənc kimi dinləyib. İlk dəfə bizim kəndimizə gəldiyi zaman, Qıvraq camaatı başına yığışmışdıq. İkinci dəfə isə sübh tezdən idi, Naxçıvan şəhərində gəzirdi. Mən isə əlimdə dəftər dərsə gedirdim. Yaxınlaşıb salam verdim və onunla birgə addımlamağa başladım. Küçədə ikimizdən başqa heç kim yox idi, Ulu öndər onunla söhbət etmək istəyimi hiss edərək, mənimlə söhbətə başladı. Harada ali təhsil aldığımı və dərslərimin necə olduğunu soruşdu. Mən də həyəcandan başımı yelləyərək, hər şeyin yaxşı olduğunu söylədim. Həmin dövrdə müharibə getdiyinə görə tez-tez şəhid xəbərləri gəlirdi. Mən qeyri-ixtiyarı sual dolu gözlərimlə onun gözlərinə baxdım. Ümummilli liderimiz mənə dedi ki, çəkinmə, deyəsən sualın var, eşidirəm. Mən də dedim ki, bəs bu müharibənin axırı necə olacaq? Ulu öndər yaşımın və dünya görüşümün az olduğunu görürdü, odur ki, mənə təsəlli olsun deyə, dedi ki, sən dərslərini oxu, hər şey yaxşı olacaqdır. Bu sözləri eşidib, ondan ayrıldım və dərhal dərsə getdim. Tələbə yoldaşlarıma dedim ki, mən Naxçıvan MR Ali məclisin sədri Heydər Əliyevlə görüşüb, söhbətləşdim. Tənəffüsdə məni müəllimlər otağına çağırdılar və danladılar ki, sən küçədə ona niyə yaxınlaşmısan? Mən Ulu öndərin nə qədər səmimi olduğu haqqında danışdım və dedim ki, müharibəylə bağlı verdiyim suala cavab olaraq, Heydər Əliyev mənə dedi ki, sən dərslərini yaxşı oxu hər şey yaxşı olacaqdır.
Bu gün mənim üçün Heydər Əliyev dünyanın ən yüksək zirvəsidir, biz bu zirvədən nə qədər çox uzaqlaşsaq, onu daha yaxşı görə billirik. Ümummilli lider Heydər Əliyev Xalqımız üçün əvəzolunmaz Lider, körpələrimiz üçün unudulmaz baba, sədaqətli həyat yoldaşı, xalqını-dövlətini canından artıq sevən Dövlət xadimi kimi həmişə qəlblərdə yaşayacaqdır.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.