Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün nəticələrinin şərh olunduğu “Nəhayət, Cənubi Qafqazda “dondurulmuş” münaqişə əriyir” sərlövhəli geniş məqalə dərc edilib.
Diaspor.info xəbər verir ki, ABŞ-ın Hudson İnstitutunun əməkdaşı, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə ekspert Lyuk Koffinin müəllifi olduğu analitik məqalədə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində son vaxtlar baş verən yeniliklər təhlil olunub. Müəllif yazır ki, illərlə davam edən döyüşlərdən, “dondurulmuş” münaqişədən və danışıqların diplomatik dalana dirənməsindən sonra Cənubi Qafqazda hadisələr sürətlə və müsbət istiqamətdə dəyişməyə başlayır. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Moskvada sülh və normallaşma prosesi çərçivəsində görüşü bunun bariz nümunəsidir.
L.Koffi qeyd edib: “Bu danışıqlar mayın 1-də Vaşinqtonda və mayın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra baş tutdu. Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, “hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımlar atmaq üçün sürətli temp saxlanılmalıdır”. Növbəti addım iyunun 1-də Moldovada - Avropa Siyasi Birliyinin sammitində beştərəfli formatda Əliyev, Paşinyan, Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə olacaq. Proses belə sürətlə irəliləməyə davam edərsə, üfüqdə uzunmüddətli sülh razılaşması ola bilər”.
Qarabağdakı etnik erməni icması ilə birləşdirən Laçın yoludur. Eyni atəşkəs sazişinin bir hissəsi kimi, Azərbaycan Ermənistanın ondan istifadəsinə icazə verməyi öhdəsinə götürüb. Bakı bunu etsə də, son aylarda Ermənistanın regiona qaçaqmalçılıq yolu ilə silah daşıması ilə bağlı narahatlıqlar səbəbindən həmin yolda nəzarət buraxılış məntəqəsi qoyulub”.Qərb politoloqu diqqətə çatdırıb ki, hazırkı geosiyasi reallıq Moskvanın istənilən sülh sazişinin vasitəçiliyində rol oynayacağı ilə bağlıdır. Sülh danışıqları bir tərəfdən Vaşinqton və Brüssel, digər tərəfdən isə Moskva arasında formal olaraq əlaqələndirilməsə də, bütün bu səylər dolayı yolla bir-birini gücləndirir.
L.Koffi sonda yazıb: “Keçmişdə Ermənistan və Azərbaycan dəfələrlə sülh sazişinə yaxın olublar, ancaq son anda danışıqlar uğursuzluqla nəticələnib. Bununla belə, Paşinyanın Qarabağda Azərbaycanın nəzarətini tanıması və Vaşinqton və Brüsselin diplomatik fəaliyyəti artırması fonunda sülh razılaşmasının perspektivləri heç vaxt bu qədər yüksək olmamışdı. Cənubi Qafqaz dondurulmuş münaqişələr səbəbindən milyardlarla dollar xarici investisiyadan məhrum olub. Yoxsul və dənizə çıxışı olmayan Ermənistan mühüm və gəlirli regional enerji və infrastruktur layihələrindən də kənarda qalıb. Rifah üçün regiona sülh lazımdır. Bu kontekstdə Moldovada keçiriləcək görüş tarix yaza bilər. Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə buna ümid edirik”.