Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.
Diaspor info xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.
Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olunub.
Qeyd edək ki, qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi əhəmiyyət verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.Prezident İlham Əliyev zavodu işə salıb.İstehsal prosesi ilə yaxından tanış olan dövlətimizin başçısına məlumat verildi ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olundu ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.