Berlində “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun toplantısı olub
Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun toplantısı keçirilib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor fəalları və ölkəmizə dost icmaların nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan toplantıda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fikirlərinin və ölkəmizin tarixi anlarını əks etdirən video-çarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yüksək inkişaf yolu keçib, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib: “Öz xalqının birliyinə və yüksək etimadına söykənən, hərtərəfli düşünülmüş siyasət yürüdən, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilən müdrik dövlət başçısı kimi Prezident İlham Əliyev bu şanlı qələbə ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış oldu. Əminik ki, bundan sonra da Azərbaycan xalqı Qalib Prezident, Müzəffər Ali Baş Komandan, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin ətrafında sıx birləşərək, daha da qüdrətlənəcək və yeni-yeni uğurlara imza atacaq.”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Berlinə səfəri çərçivəsində “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun toplantısına dəvət olunduğuna görə təşəkkürünü bildirib. Bu qrupun ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini xatırladıb. Azərbaycan dövlətinin diasporumuza hər zaman diqqət və qayğı ilə yanaşdığını, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Komitənin diasporumuzun gücləndirilməsi istiqamətində müxtəlif layihələr keçirdiyini, hazırda 36 ölkəni birləşdirən 15 Koordinasiya Şurasının, dünyanın 16 ölkəsində 27 Azərbaycan Evinin, onların nəzdində həftəsonu məktəblərinin yaradıldığını bildirib.
Sonra tədbirdə “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun üzvü, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədr müavini Sevda Badaliouri, Alman-Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli, “Bakinets” klubunun rəhbəri Elmira Əşrəfova, Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri Yaşar Musayev, Şərifə Cəfəri, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin üzvü Lalə Məmmədova, Düsseldorfdakı Azərbaycan icmasının üzvü Rauf Abdullayev, “Xarı-Bülbül“ Azərbaycan Mədəniyyət Evinin müəllimi Xəyalə Çiftçi, Diaspor Gənclərinin Şuşada keçirilmiş III Yay Düşərgəsinin iştirakçısı Rafael Spivak çıxış ediblər. İndiyədək Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasətini dəstəklədiklərini vurğulayan təşəbbüs qrupunun üzvləri Almaniyada yaşayan səsvermə hüququ olan soydaşlarımızı 7 fevral növbədənkənar Prezident seçkilərində xalqımıza zəfərlərlə dolu tarixi anlar yaşadan, ölkəmizin regional liderə çevrilməsinə nail olan Qalib Lider İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
“Diaspor Gənclərinin Yay Düşərgəsi zamanı Şuşanın işğal dövründə dağıdılmış abidələrini gördüm, Cıdır düzünü, İsa bulağını, Vaqifin məqbərəsini ziyarət etdim. Və cənab Prezidentin üzaqgörən siyasətinin canlı şahidi oldum. Bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri arasında layiqli yerini tutub. Bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi fədakarlığa borcluyuq və xaricdə yaşayan azərbaycanlılar kimi 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərində Liderimizi dəstəkləyirik”, - deyə Rafael Spivak söyləyib.