ABŞ-nin məşhur Kolumbiya Universitetində Novruz bayramı qeyd olunub
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub. Tədbirdə Nyu-Yorkda, eləcə yaxın ştatlarda yaşayan gənclər iştirak edib.
Azərbaycanlı gəncləri bir araya gətirmək, milli adət-ənənələri tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə Azərbaycan mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları təqdim edilib, hədiyyəli müsabiqə keçirilib.
Qeyd edək ki, Azərbaycan-Amerika Gənclər Federasiyası təşkilatı 2023-cü ilin iyul ayında ABŞ-də rəsmi qeydiyyatdan keçib. Təşkilatın məqsədi gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyətini və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.