Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub
Aprelin 1-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev, Alyansın İdarə Heyətinin üzvü, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayev və Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunun sədri, Almaniyada yaşayan həkim soydaşımız, “Helios Klinikum Siegburg”- da daxili xəstəliklər və ağciyər xəstəlikləri üzrə aparıcı mütəxəssis, şöbə müdiri Elvin Hüseynov ilə görüşüb.
Qonaqları səmimi salamlayan Komitə sədri hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının fəaliyyətini və Azərbaycan icmasının bu ölkədə vətənimizin həqiqətlərini xüsusi fədakarlıqla yerli ictimaiyyətin diqqətinə çatdırmasını müsbət qiymətləndirib. Həmçinin Alyansın gələcək fəaliyyəti, diaspor sahəsində görüləcək işlər, Almaniyada azərbaycanlıların təşkilatlanması kimi mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı 2024-cü ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100” təqaüd proqramı müzakirə olunub. Həkimlərin II Forumu zamanı bu təqaüd proqramının təqdim edildiyini və gələcək forumda da gənclərimizin Almaniyada təcrübə toplayıb Azərbaycana geri qayıtması üçün bu qəlibdən proqramların təşkil olunacağı bildirilib. Sədr Forumun son illərdə xaricdə yaşayan azərbaycanlı həkimləri bir araya gətirən ən nüfuzlu cəmiyyətlərdən biri olduğunu qeyd edib.
Soydaşlarımız diasporumuzun fəallığının artırılması, təşkilatlanması və ölkəmizin xaricdə layiqincə təmsil olunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Almaniyanın tibb ocaqlarında çalışan azərbaycanlı elm adamlarının, həkimlərin və yeni çalışmağa başlayan gənc həmkarların şəbəkələşməsi, bilik və təcrübə mübadiləsi baxımından Forumun uğurlu nəticələr əldə etdiyini vurğulayıblar.
Yeni təsis edilmiş Azərbaycanlı Həkimlər Forumu təşkilatının artıq qeydiyyatdan keçdiyi və fəaliyyətə başlaması haqqında məlumat veriblər. Sədr təşkilatın fəaliyyətinə uğurlar arzu edib.