"AŞPA Ermənistan tərəfinə ciddi bəyanatlar verməli idi"-- millət vəkili Cavid Osmanov.
"Qondarma Dağlıq Qarabağ Respublikasında “seçkilərin” keçirilməsi həyata keçirilmişdi. Təbii ki, bu “seçkiləri” dünya ictimaiyyətinin heç biri dəstəkləmədi. Çünki bu qondarma rejimin uydurma bir “seçkiləri” idi. Amma çox təəssüflər olsun ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) bugünə kimi həmin məsələyə heç bir münasibət bildirməyib". Bunu Diaspor.infoya millət vəkili Cavid Osmanov deyib.
"Heç şübhəsiz ki, burada AŞPA-nın hələ uzun zamandır ikili standartlar sistemi ilə işləməyi və qondarma DQR-da keçirilən “seçkilərə” münasibət bildirməməsi də bunun növbəti dəfə bariz nümunəsidir. AŞPA-da Azərbaycanın qüdrətlənməsini, inkişafını, demokratik sahədə atılan addımları gözügötürməyən qüvvələr təbii ki, qondarma DQR-da keçirilən “seçkilərə” bugünə kimi heç bir münasibət bildirməyib. Bildiyiniz kimi cənab Prezident 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu məsələyə də toxunaraq AŞPA-nın bugünə kimi münasibət bildirməməsini pisləmişdir və eyni zamanda vurğulamışdır ki, ölkəmizdə keçirilən son parlament seçkilərində onların qərəzli mövqeyi, qondarma DQR-da keçirilən “seçkilərə” münasibət bildirməməsi AŞPA-nın ikili standart həyata keçirməsindən xəbər verir. Azərbaycan haqqında vaxtaşırı yalan məlumatların verilməsi belə məhz bunun nəticəsidir ki, onların gözləri Azərbaycanı götürmür. AŞPA vaxtaşırı ölkəmizə qarşı qərəzli yazıları ilə də hər zaman gündəmə gəlib. Biz bəzi hallarda görürük ki, onlar qondarma siyasi məhbuslar haqqında Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. AŞPA-nın atdığı addım ümumilikdə dünya siyasətinə ziddir. Çünki AŞPA bu qondarma “seçkilərin” qarşını həm almalı idi, həm də Ermənistan tərəfinə ciddi bəyanatlar verməli idi"-deyə, C.Osmanov fikirlərini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu