"Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”" - MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Diaspor.info Mingəçevir şəhər sakini Gülbikə Manaflının Azərbaycan Prezidentinə ünvanladığı təşəkkür məktubunu təqdim edir:
Hörmətli cənab Prezident!
Bütün dünyanın qlobal problemlə üz-üzə qaldığı bir dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Tapşırıq və göstərişlərinizlə açılan xəstəxanalar, müəssisələr Sizin hər şeydən əvvəl biz vətəndaşları düşündüyünüzü nümayiş etdirir. Sizin 2003-cü ildə prezident seçkilərindən sonra söylədiyiniz “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” fikriniz indiyədək gördüyünüz işlərdə öz təsdiqini tapsa da, bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlər xalqımıza sevginizi bir daha göstərdi.
Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda, Siz bu xəstəliyə qarşı tədbirləri çox məharətlə idarə edərək, xalqımızı qorudunuz. Siz nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız.
Əziz Prezidentimiz, Azərbaycanı qarşıda hələ çox gözəl günlər gözləyir. Hamımız bir olub həmrəylik nümayiş etdirsək, Siz dediyiniz kimi, istənilən çətinliyə qalib gələ bilərik. Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”
Möhtərəm cənab Prezident, Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.