"Onlar çirkin hədəflərinə yetişə bilməyəcəklər" ÖZƏL-MÜNASİBƏT
"Ölkəmizdəki demokratik şəraitdən, vətəndaşlarımıza verilən hüquq və azadlıqlardan sui-istifadə edən bir qrup adam siyasi arenaya atılaraq uzun illərdir ki əslində siyasi fəaliyyətlə deyil, öz maraqları naminə obyektiv gerçəkliyi təhrif etməklə, ağa qara deməklə, Azərbaycanın dünyada formalaşmış müsbət imicinə zərbə vurmaqla məşğuldurlar. Onlar daha çox sirkdəki jonqlyorları xatırladırlar". Bunu Diaspor.info-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədri bildirib ki, qədim peşə sahibləri olan bu sirk artistləri əllərinin çevik hərəkətləri ilə, yalan-palanla qarşılarındakı tamaşaçıları aldadıb pul qazandıqları kimi, bu siyasətbazlar da xaricdəki antiazərbaycan şəbəkəsi ilə birlikdə ölkəmizə qarşı apardıqları fəaliyyətdən dividentlər əldə edirlər: "Təkcə Azərbaycanda deyil, bütün dünyada koronavirus pandemiyasına qarşı, sözün əsl mənasında, ölüm-dirim mücadiləsinin aparıldığı bir vaxtda da bu marginal qrup iyrənc əməllərindən geri qalmır. Əksinə, onlar bu ağır günlərdə daha da fəallaşıblar. Başda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov və digərləri olmaqla bu siyasi hoqqabazlar xaricdəki antiazərbaycan çevrələrinin maliyyəsi ilə yayımlanan internet televiziyalarının- "Osmanqızı TV", "Meydan TV", "Azərbaycan Saatı", "Azad Söz" və s. vasitəsilə əhali arasında xaos, çaxnaşma, çaşqınlıq yaratmaq, ümidsizlik, kütləvi psixoz sindromu aşılamaqla, real faktları manipulyasiya etməklə insanları yolundan çıxarmağa çalışırlar. Bəzən təhqir dolu çıxışlarına olan baxış sayları ilə öyünən bu jonqlyorlar bilməlidirlər ki, insanlar onların çıxışlarını bir sirk tamaşası kimi seyr edir və dediklərinə inanmırlar. Onlar nə qədər dəridən- qabıqdan çıxsalar da, məqsədlərinə nail ola bilmir və bundan da sonra çirkin hədəflərinə yetişə bilməyəcəklər. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi var. Koronavirusla mübarizə dönəmində bu birlik və həmrəylik özünü bütün parametrləri ilə daha da qabarıq göstərir. Təhlükəli infeksiya ilə mübarizədə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer alması bunun bariz göstəricisidir".
Müəllif: Ceyhun Rasimoğlu