Neftin dünya bazar qiymətinin ucuzlaşması arzuolunan deyil - ANALİZ
“Azərbaycan neft ixrac edən ölkədir və Azərbaycan üçün neftin dünya bazarındakı qiyməti önəm daşıyır. Azərbaycan ixracatının 81 faizini xam neft təşkil edir. Bu baxımdan neftin dünya bazar qiymətindəki dəyişmələr ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Neftin dünya bazarında qiyməti yüksəldikdə Azərbaycan daha çox valyuta cəlb edir, aşağı düşdükdə isə ölkəyə daxil olan valyutaların həcmi də azalır. Ona görə də mövcud qiymətlər Azərbaycan üçün də azruolunan deyil və təbii ki, neft ixrac edən dünya ölkələrinin gəlirinin azalmasına gətirib çıxarıb”. Bunu Diaspor.info-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, neft ölkələri üçün pandemiyanın da təsirləri var: “Pandemiya real sektorda aktivliyin azalmasına gətirib çıxarıb. Digər tərəfdən isə neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkəyə daxil olan valyutanın həcminin azalmasına səbəb olub. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 46 faizi qeyri-neft sektorunun payına düşür. Həm 2020-ci ilin ilk iki ayında, eləcə də birinci rübün yekunlarında qeyri-neft sektoruna daxilolmalar üzrə proqnozlar yerinə yetirilib. Təbii ki, bu iki ayın yekunlarında büdcəyə daha çox vəsaitin cəlb edilməsi ilə bağlıdır, amma nəzərə alsaq ki, aprel-may aylarında pandemiyanın aktiv olduğu aylardır. Bu da qeyri-neft sektorundan büdcəyə daxilolmalara təsir göstərəcək. Ona görə də, güman olunur ki, büdcəyə daxilolmalarda azalmalar olacaq”.
Ekspert bildirib ki, büdcə gəlirlərinin digər 54 faizi neft sektorunun payına düşür və Dövlət Neft Fondunun büdcəyə transferləri ümumi neft sektorunun gəlirlərinin 84 faizini təşkil edir: “Dövlət Neft Fondu dollar ifadəsində 2020-ci ildə 6,7 milyard dollar vəsaiti manata çevirərək büdcəyə transfer edəcək. Dövlət Neft Fondunun aktivlərinin 40 milyard dollardan çox olduğunu nəzərə alsaq, Dövlət Neft Fondu üçün həmin vəsaitin transferində hər hansı bir çətinlik yoxdur. Bununla belə birbaşa neft sektorundan daxil olmalar ümumi büdcə gəlirlərinin 8 fazini təşkil edir. Bu da təbii ki, nəticə etibarilə həm iqtisadi aktivliyin aşağı düşməsi, həm də neftin dünya bazar qiymətinin azalması birbaşa neft daxilolmalarımıza təsir edir”.
V.Bayramov qeyd edib ki, ona görə də 2020-ci ilin dövlət büdcəsinin həm cari, həm investisiya xərclərində azalmaların olacağı gözlənilir: “Azərbaycan Prezidenti təcili olmayan xərclərin təxirə salınması ilə bağlı göstəriş verib. Bu baxımdan 2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərin bir qisminin növbəti illərə saxlanacağı gözlənilir. Təbii ki, sosial xərclərlə bağlı hər hansı bir azalma olmayacaq. Büdcədə sosial xərclərin payı 38,5 faizdir. Mövcud daxilolmalar sosial proqramları tam olaraq maliyyələşdirməyə imkan verir. Bütün hallarda neftin dünya bazar qiyməti Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil və bu ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir edəcək”.
Müəllif: Aysel Məmmədova