İqtisadi artım üçün stimullaşdırıcı amillər mövcuddur TƏHLİL
Aparıcı beynəlxalq təşkilatlar, qurumlar və müvafiq şirkətlər tərəfindən proqnozlaşdırılan pozitiv iqtisadı meyarlar, məlum olduğu kimi, neqativ təsirlərlə, məqamlarla üzləşməkdə davam edir. Məhz belə neqativ təsir və məqamlar, xüsusən də ötən ilin sonlarından başlayan infeksiya, sonra isə ÜST tərəfindən elan olunmuş pandemiya səbəbindən bu proqnozlar reallıqdan çox uzaq görünür. Çünki, dünyanı bürüyən və öz cənginə alan pandemiya dalğası hələ də öz sarsıdıcı təsirlərini göstərməkdə davam edir və hələ nə qədər davam edəcəyi də bilinmir.
Qeyd olunduğu kimi, pandemiyanın öz mənfi təsirləri danılmazdır və bu təsirlər təkcə səhiyyə, sağlamlıq sahəsinə deyil, eyni zamanda iqtisadiyyata da təsirsiz ötüşə bilməz. Bu vəziyyətin iqtisadi göstəricilərə, xüsusən dünya iqtisadiyyatına bu və ya digər formada təsirləri ilə mütləq qarşılaşacağıq. Amma, mütləq şəkildə deyə bilmərik ki, bu təsirlər yalnız mənfi təsirlərdən ibarət olacaq. Əgər dünya iqtisadiyyatının hər 10-15 ildən bir böhranlı vəziyyətlə qarşılaşmasını və bu təsirlər səbəbindən daha təkmil sistemlərin işlənib hazırlandığını nəzərə alsaq, xatırlasaq heç də pessimist əhval-ruhiyyəyə köklənmərik. Çünki, hazırlanacağına şübhə belə olmayan daha təkmil sistemlər daha dayanıqlı iqtisadi mexanizmlərin hazırlanmasına zəmin yaradır.
Pandemiyanın təsirləri nəticəsində Azərbaycan da böhransız ötüşə bilməz. Amma, onu da qeyd etmək yerinə düşərdi ki, bu böhran digər dövlətlərlə müqaisə edilə də bilməz. Çünki, hökumətimiz pandemiya və postpandemiya vəziyyətinin stabilliyi və idarə edilməsi üçün kifayət qədər vəsait sərf etməyi planlaşdırır və bu vəsait 3,5 milyard manat həddinə qədərdir ki, həmin vəsait böhranın qarşısının alınması üçün stimul deməkdir. Dövlət sektorunda, eyni zamanda muzdla çalışanların maliyyələşdirilməsi, ələlxüsus sahibkarlıq subyektlərinə olan yardımlar Azərbaycanın bir dövlət olaraq postpandemiya dövründə nəzərəçarpacaq dərəcədə iqtisadi böhranla üzləşməməsinə stimul yaradacaq.
Təbii ki, pandemiya dövründə qlobal miqyasda olduğu kimi, yəni dünya iqtisadiyyatı kimi Azərbaycan iqtisadiyyatı da arzuolunmaz vəziyyətlə üzləşməli olub. Xüsusən də bu dövrdə pandemiya ilə yanaşı neftin dünya bazarında qiymətinin ehtimal ediləndən də dəfələrlə aşağı düşməsi sözsüz ki, ikinci bir mənfi təsir hesab olunur ölkə iqtisadiyyatına. Amma bir məsələni də unutmaq lazım deyil ki, ölkəmizin kifayət qədər valyuta ehtiyatları var və bu ehtiyatların 60 faizdən artığı dollar, 30 faizi isə Avro ekvivalentindədir. Nəzərə alsaq ki, bu iki valyuta üzrə bu vaxta qədər 4 faizə qədər artım müşahidə olunub, deməli, xərclənənlər haradasa konpensasiya olunmuş hesab edilə bilər.
Ən çox diqqəti çəkən məqam, bir qədər əvvəl qeyd etdiyimiz daha təkmil sistemlərin, daha dayanıqlı iqtisadi sistemlərin yaradılmasıdır ki, bu istiqamətdə də artıq ölkəmizdə pandemiyadan da əvvəl işlərin görüldüyünü etiraf etmək yerinə düşərdi. Bilirik ki, neftin qiyməti dəfələrlə aşağı da düşüb, yenidən qalxıb da. Hətta ötən ilin sonunda, cari ilin əvvəlində qara qızılın minimum aşağı həddi olaraq 55 dollar nəzərdə tutulsa da qiymətlərin bundan da çox aşağı olduğunun şahidi olduq. Bir növ pandemiya dövründə bütün neft ixrac edən ölkələr yaxşı başa düşdülər ki, ehtiyatlar üçün neftə ümid olmaq olmaz və istehsal, emal daha məqsədəuyğundur. Məsələ burasındadır ki, pandemiyadan da uzun zaman əvvəldən Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Xüsusən ölkə başçısı, Cənab Prezident İlham Əliyev qeyri-neft sektoruna, istehsal, emal sənayesinə, kənd təsərrüfatına xüsusi diqqət ayırıb. Təkcə pandemiya dövründə deyil, ondan da çox-çox əvvəldən ölkəmizdə istehsal, emal sahələrinə, kənd təsərrüfatına dövlət dəstəyinin, yardımların hamımız şahidiyik. Bu isə ondan xəbər verir ki, Azərbaycanda hələ pandemiyadan əvvəldən belə daha təkmil sistemlərin, daha dayanıqlı iqtisadi sistemlərin yaradılması istiqamətində addımlar atılır. Təbii ki, bu tədbirlər ölkə başçısının uzaqgörənliyinin, doğru, düzgün, rasional siyasətinin isbatıdır və bu da öz növbəsində o deməkdir ki, iqtisadi artım üçün ölkəmizdə stimullaşdırıcı amillər artıq mövcuddur. Ola bilsin bu stimullaşdırıcı amillər, ehtiyac üzündən hansısa qərb ölkəsində, Avropada pandemiya dövründə yaranmaqdadır. Lakin, ölkəmizdə bu daha əvvəldən düşünülüb və müvafiq tədbirlər görülüb. Belə tədbirləri, dövlətimizin atdığı addımları, göstərilən dəstəyi təbii ki, saymaqla bitən deyil. Sahibkarlıqla, istehsalla, emalla, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, tədarükü ilə məşğul olanlara subsidiyaların verilməsi, əlavə güzəştlərin tətbiq edilməsi, xüsusilə aqrar sahədə çalışanların texnika ilə, gübrələrlə təmin edilməsi, heyvandarlıqla məşğul olanlara yem tədarükündə dəstək verilməsi, bir çoxlarına iri və xırda buynuzlu heyvanlar verilməsi və sair addımlar dövlətin sadalanan sahələrin, qeyri-neft sektorunun inkişafına marağını isbatlayır. Sozsüz ki, bütün bu atılan addımlar öz növbəsində neftdən asılığın minimuma endirilməsi deməkdir və özü-özlüyündə postpandemiya dövründə həmin sahələrin, yəni qeyri-neft sektorunun inkişafına əsaslı zəmin yaradır. Bu zəmin də əlbəttə ki, stimullaşdırıcı amillər mövcudluğunu cəsarətlə söyləməyə və nikbin proqnozlar verməyə əsas verir.
Müəllif: İnam Hacıyev