"Köhnə günlərin ab-havası ilə yaşayan məmurlar bilməlidir ki..." ÖZƏL-AÇIQLAMA
"Koronavirus pandemiyasinın gətirdiyi ciddi təhlükələrə qarşı inamlı, səriştəli və sistemli mübarizə təşkil edən ölkəmizin rəhbərliyi Azərbaycanın bu qlobal təhlükədən az itkilərlə çıxması üçün ardıcıl olaraq mümkün olan bütün tədbirləri həyata keçirir. Vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasında, koronovirusun yaratdığı sosial-iqtisadi problemlərin həll olunmasında Prezident İlham Əliyevin göstərdiyi yorulmaz fəaliyyətin sayəsində ölkəmizdə bu istiqamətdə əldə olunan müsbət nəticələr göz önündədir". Bunu Diaspor.info-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının bu məsələdə dəfələrlə ölkəmizdə görülən böyük işləri təqdir etməsi dediklərimə əyani sübutdur: "Lakin təəssüflər olsun ki, bəzi dövlət orqanlarında oturub tamahı nəfslərini üstələyən bir sıra məmurlar, hətta, bu ağır günlərdə belə öz çirkin əməllərindən əl çəkmirlər. Bu günlərdə DTX tərəfindən saxlanılan Biləsuvar rayonunun keçmiş icra başçısı M.Quliyev xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar yardıma ehtiyacı olan insanlara sosial dəstək üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsinin mənimsəməsi, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən də öz mənafeləri üçün istifadə etməsi və s.vazifə cinayətləri vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Dövlət rəhbərliyinin bu korrupsiya faktına münasibəti çox sərt oldu. Dövlətçiliyə,xalqa və hakimiyyətə xəyanət edən məmur qandallanaraq qanun qarşısına çıxarıldı. Görünür, hələ də son aylarda korrupsiya, rüşvətxorluq və dövlət vəsaitlərini taladıqlarina görə həbs olunmuş Ağstafa,Yevlax, Neftçala rayonlarının keçmiş icra hakimiyyəti başçılarının aqibəti bəzilərinə dərs olmayıbdır. Bu həbslər aydın şəkildə göstərir ki, Prezident İlham Əliyevin ölkədə korrupsiyaya və rüşvətə qarşı açdığı savaş qətidir və dönməzdir. Hələ də köhnə günlərin ab-havası ilə yaşayan hər bir məmur bilməlidir ki, atacağı hər yanlış və qanunsuz addımin bədəli çox ağır olacaqdır.
Dünən ölkəmizə Azərbaycan Respublikası Milli Məclisinin razılığı əsasında dõvlət başçısının sərəncamı ilə yeni baş prokuror təyin edildi. Bu yüksək vəzifəyə uzun illər Azərbaycan Respublikasınin Baş prokuroru yanında korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin edilməsini də mən bu baxımdan çox müsbət addım kimi qiymətləndirirəm. Mənim fikrimcə, Prezident İlham Əliyev bu təyinatla korrupsiyaya qarşı mübarizənin ölkədə aparılan hərtərəfli islahatların prioritetlərindən olduğunu bir daha göstərdi. Yeri gəlmişkən, Milli Məclisin iclasında yeni baş prokuror Kamran Əliyev ilk çıxışında Azərbaycanda qanunçuluğun daha da möhkəmləndirilməsinın, qanunların aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsinin Prezidentimizin siyasi kursunun əsas istiqamətlərindən olduğunu və bütün bunların prokurorluq orqanlarının indiki yeni mərhələdə fəaliyyətinin təməl prinsiplərinin təşkil etdiyini ictimaiyyətə bir daha çatdırdı. Söz yox ki, pandemiyanın şərtləndirdiyi belə bir çətin dönəmdə ölkə rəhbərliyinin islahatlardan və kadr dəyişikliklərindən bir an belə geri çəkilməməsi ölkəmizi uğurlu gələcəyə və dayanıqlı inkişafa aparır. Bu islahatlar həmçinin dövlət hakimiyyətinin mövcud qollarının daha da gücləndirilməsinə onların arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və nəticə etibarilə dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir. Hakimiyyətin qolları arasında münasibətlərdən danışarkən bir məsələni xüsusi vurğulamaq istəyirəm.
Bildiyiniz kimi, yaxın aylara qədər dövlət hakimiyyətinin vacib qolları olan İcra və Qanunverici Hakimiyyətləri arasında münasibətləri həyata keçirən, koordinasiya edən bir qurum yox idi. Lakin ötən ilin sonlarında Ali İdarəetmə orqanlarında aparılan struktur islahatları nəticəsində Prezident Adminstrasiyasında bilavasitə bu işlə məşğul olan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılması bu sahədə atılan çox əhəmiyyətli bir addım kimi dəyərləndirilməlidir. Bu şöbənin yaradılması həmçinin Azərbaycanda aparılan siyasi islahatların da daha da dərinləşməsinə xidmət edir. Bu gün dövlətimizdə yeni siyasi konfiqurasiyanın və mənzərənin formalaşmasında bu şóbənin yaradılmasının xüsusi əhəmiyyəti vardır".
Müəllif: Ceyhun Rasimoğlu