Alman faşizmi üzərində qələbədən 75 il ötür.
9 may - alman faşizmi üzərində qələbədən 74 il ötür. İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyükdür. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib, 1941-1945-ci illərdə respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə getmişdir. Onların təxminən yarısı döyüş meydanlarında həyatlarını itirmişdir.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlığı və şücaəti heç vaxt yaddaşlardan silinmir və gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
MÜHARİBƏ İLLƏRİNDƏ GÖSTƏRDİKLƏRİ İGİDLİYƏ GÖRƏ AZƏRBAYCANIN 130-DAN ÇOX NÜMAYƏNDƏSİ SOVET İTTİFAQI QƏHRƏMANI ADINA LAYİQ GÖRÜLÜB
Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının istifadə etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata keçirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynamışdır. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərmiş, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilmişdir. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq bildirib ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Azərbaycan Prezidenti çıxışında Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında xalqımızın müstəsna rolunu faktlar əsasında diqqətə çəkərək qeyd edib ki, Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbə uğrunda canlarından keçib. Onu da bildirib ki, müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi.
1941-1945-ci illərin alovunu Azərbaycanın hər bir vətəndaşı yaşıyıb. Aclıq və səfalət hər bir qapını döyüb. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq, gündəlik tələbat və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək, bu meydanda fəal iştirak etdi. Bakıda - indiki Səttərxan adına zavodda müharibə üçün silah-susat istehsal olunurdu. "Katyuşa" raketi, "Şpakin pulemyotu", "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Bütün qüvvələr faşizm üzərində qələbəyə yönəldilmişdi.
"XALQIMIZIN QIZIL FONDU"
İkinci Cahan savaşının od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın Qızıl Fondu" adlandırırdı.
Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Prezident İlham Əliyevin «1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında» 24 aprel 2020-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, eləcə də Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib. Sərəncamın icrası olaraq, ümumilikdə, 7382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.
Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən il ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.
Göründüyü kimi, Azərbaycanda hazırda yüzlərlə Böyük Vətən müharibəsi veteranı yaşayır. 9 may - faşizm üzərində qələbədən 75 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Həmin illərdə baş verən hadisələrin, müharibənin şahidi və iştirakçısı olan insanların qələbə istəyi ilə Berlinə qədər getmələri, fədakarlıqları və ərənlikləri torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda bugünkü gənclərə örnəkdir.
Nəzakət ƏLƏDDİQIZI