"Vikipediya"da Ulu Öndərlə bağlı yaradılan bölmə yeni materiallarla zənginləşdirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən ümummilli lider Heydər Əliyev haqqında yaradılan bölmə yeni materiallarla zənginləşdirilib, orada “Heydər Əliyev və Özbəkistan” adlı məqalə yerləşdirilib. Nazirlikdən DİASPOR.İNFO-ya verilən xəbərə görə, məqalədə qeyd olunur ki,Ulu Öndər Heydər Əliyev qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verib, hələ Sovet İttifaqı dövründə onun türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olub. Onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Özbəkistan KP MK-nın birinci katibi Şərəf Rəşidovla dostluq əlaqələrinin olduğu, ötən əsrin 80-ci illərinin ortalarından İttifaq ölkələrində başladılan milli ayrı-seçkiliklə həm Heydər Əliyevin, həm də Siyasi Büro üzvlüyünə namizəd Şərəf Rəşidovun mübarizələri, müstəqillikdən sonrakı dövrdə də Heydər Əliyevin Özbəkistana önəm verməsi materialda öz əksini tapıb. Vurğulanır ki, məhz Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
Bölmədə Heydər Əliyevin Özbəkistana səfərləri, ölkələr arasında çoxsaylı sənədlərin imzalanması, 1996-cı ildə Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkəndə səfəri, ölkələrimiz arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, müstəqilliyin möhkəmləndirilməsinə dair səsləndirdiyi fikirlər yer alıb.
Bölmədə Heydər Əliyevin Özbəkistan haqqında bu fikri də verilib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaş olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər inkişaf edib möhkəmlənsin".
Daha sonra 1997-ci il iyunun 19-da Azərbaycan Prezidenti Heydər Əliyevə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunması mərasimi haqqında məlumat yerləşdirilib.
Bölmədə qeyd edilir ki, Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışıb, türk dünyası ölkələrinin rəhbərləri, elm adamları və yazarları ilə görüşlərdə daim bu məsələlərə toxunub. Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, ölkələrimizin strateji tərəfdaş olmasında, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində Heydər Əliyevin müstəsna rolu var.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Mərkəzdəki Heydər Əliyev muzeyində və Azərbaycan-Özbəkistan muzeyində “Heydər Əliyev və Özbəkistan” adlı bölmə yaradılıb, bölmə məlumat və fotoşəkillərlə zənginləşdirilib.
Ulu öndər Heydər Əliyev haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış bölmə ilə https://uz.wikipedia.org/wiki/Haydar_Aliyev linkində tanış olmaq mümkündür.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli şəkildə Azərbaycan tarixi, tanınmış şəxsiyyətlərimiz, Azərbaycanın turizm potensialı, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.