Dünya nədən danışır, radikal müxalifət nədən? ŞƏRH + ANALİTİK
Oktay Hacımusalı: “Azərbaycanın siyasi səhnəsində daha nə qədər qalmağı, daha nə qədər insanların gözlərini yağır etməyi düşünürsünüz, bəylər?”
“Bütün dünyanı öz cənginə alan koronavirus pandemiyası ətrafında bir aydır davam edən proseslər deyəsən radikal müxalifət deyilən kəsimə hələ də gəlib çatmayıb. Çünki, əgər çatmış olsaydı, təqribən otuz ildir davam edən baxış bucaqlarını azacıq da olsa dəyişdirər, heç olmasa bu pandemiya zamanında xalqının, dövlətinin yanında yer almağa cəhd göstərərdilər. Amma əksinə, radikalların menyusunda nə desəniz var, bircə iqtidarla birgə hərəkət etmək cəhdindən başqa”. Bu fikirləri SİA-ya Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, gazeteanka.com informasiya portalının baş redaktoru Oktay Hacımusalı deyib.
Onun sözlərinə görə, illərdir öz aralarında yaşadıqları didişmələr, şəhid xəbərləri üzərindən yaradılan ucuz şoular, sosial problemlərini qabardıb amma bunun üçün çıxış yolları göstərməmələr, Consdan, Semdən mədəd ummalar əslində belələrinin gerçək sifətlərini bir daha ifşa etmiş olur: “Adam baxır belə və öz- özünə düşünür: Azərbaycanın siyasi səhnəsində daha nə qədər qalmağı, daha nə qədər insanların gözlərini yağır etməyi düşünürsünüz, bəylər? Koronavirus pandemiyası zamanında sağlam qalmaq naminə evdə oturan insanlar dövlətimizin millətimizə diqqət və qayğısının əyani şəkildə şahidi oldular. Kütləvi şəkildə əhalinin həssas təbəqəsinə həm dövlət, həm özəl qurumlar, həm də ayrı – ayrı şəxslər tərəfindən yardımlar olundu, insanlar həm öz aralarında həmrəy olmağı bacardılar, həm də xalq – hakimiyyət etalonu bir az da bərkimiş oldu. Sıravi insanlar belə koronavirusla mübarizə fonduna yardımlar etdilər. Həmin dövrdə bəs müxalifət nə ilə məşğul oldu?”
Azərbaycanlı jurnalist radikal müxalifətin əməllərini mərhələli şəkildə ifadə edib:
1.AXCP – Real qarşıdurması: bu qarşıdurma əsasən sosial şəbəkələrdə ön plana çıxdı. Real-çı deputat Altay Göyüşovun rəsimlərini paylaşıb altından söyüş yazan kim, Realı hakimiyyətə işləməkdə ittiham edən kim. Qısacası, biabırçılıq!
2.Əli Kərimlinin 55 illik yubileyi: Bu maddəni yazanda yadıma bir AXCP funksionerinin statusu düşdü və istər-istəməz dodağım qaçdı: “Atillanın layiqli davamçısı Əli bəy, 55 yaşın mübarək!” Bir neçə “qitə fəth edib” neçə - neçə ölkədən “bac” alan Əli bəyə bundan daha gözəl doğum günü təbriki yaraşmazdı hər halda! Bir az da irəli gedən həmin gənc AXCP funksioneri Əli Kərimlinin ona görə Elçibəydən də, Məmməd Əmin Rəsulzadədən də daha üstün olduğunu dedi və bu yerdə də bizi ağzı köpüklənə - köpüklənə “yaltaq” adlandıran klaviatura qəhrəmanları düşdü yadıma.
3. İsrarla Əli Kərimlinin Leninqrad mühasirəsinə bənzər bir mühasirəyə alınması kimi absurd bir fikir dolaşır müxalifət düşərgəsində. Güya iqtidar Əli bəyin internetini kəsibmiş, onun siyasi fəaliyyətinə və mübarizəsinə mane olurmuş… Hansı siyasi fəaliyyət? Hansı siyasi mübarizə? Dünyada baş verən bu boyda çalxantılardan dolayı tükü belə tərpənməyən Əli Kərimli özünə hansı haqla “siyasətçi” – deyir, onu da anlaya bilmiş deyiləm. Dövlətin öz vətəndaşına diqqət və qayğı göstərdiyi, pandemiya ilə mübarizədə yeni bir model ortaya qoyduğu bir dövrdə AXCP sədrinin hakimiyyətə qarşı etimadsızlıq yaratmaq cəhdləri belə baxanda başa düşüləndir. Çünki o, və onunkimilər əmrləri zatən hər zaman kənardan alıblar. Xalq da bunu çox gözəl bilir.
“Göründüyü kimi illərdir siyasi qrantyorların və sənəd alverçilərinin Azərbaycan siyasi mühitinin qanını zəli kimi sorması artıq insanlarda da qıcıq yaradır”, deyə sonda bildirən O.Hacımusalı əlavə edib ki, ölkədə bütün sahələrdə aparılan köklü islahatlar və postpandemiya dövründə yaşanacaq olanlar Azərbaycan siyasi mühitində yeni simaların mövcudluğunu qaçılmaz hala gətirir: “Radikal müxalifət isə həmişə olduğu kimi yenə sinifdə qalıb”.
Rövşən RƏSULOV