"Azərbaycan vətəndaş-məmur münasibətlərində yeni bir mərhələyə keçməkdədir" ÖZƏL-MÜNASİBƏT
"Məmurlar vətəndaşla dövlət arasındakı əsas körpü rolunu oynayır. Yəni onlar elə xidmət etməli, elə şərait yaratmalıdır ki, vətəndaşla dövlətin arasındakı o bağlar qopmasın və zəifləməsin. Azərbaycan Prezidenti əlindən gələni edir ki, Azərbaycan vətəndaşı rahat yaşaya bilsin. Xüsusilə də koronovirus pandemiyası dövründə Azərbaycan Prezidenti həqiqətən də çox fərqli və dünya liderlərinə örnək olacaq davranışlar sərgiləyir. Belə bir şəraitdə əlbəttə ki, məmurların da ona uyğun davranması lazımdır. Lakin təəssüflər olsun ki, bəzi məmurlar bunu anlamır". Bunu DİASPOR.İNFO-ya siyasi şərhçi Azər Həsrət deyib.
"Son vaxtlar biz tez-tez şahidi oluruq ki, bir sıra rayonlarda vəzifəli şəxslər vətəndaşlara ayrılan hətta hümanitar yardımları belə mənimsəyəcək qədər aşağı enirlər. Əlbəttə ki, belə bir şəraitdə biz məmur-vətəndaş münasibətləri haqqında danışanda onu vurğulamalıyıq ki, hər bir məmur düşünməlidir ki, indiki şəraitdə vətəndaşlarla dövlətin və vətəndaşlarla Prezidentin arasına girmək olmaz. Əgər Prezident çıxışlarında açıq şəkildə bəyan edirsə ki, xüsusilə indiki dövrdə hər bir vətəndaşa xüsusi qayğı göstərmək lazımdır, hər kəsin sağlamlığının keşiyində durmaq lazımdır belə bir şəraitdə hansısa məmur həddini aşırsa, qayda-qanunları pozursa əlbəttə ki, onn barəsində ciddi tədbirlər də görülməlidir. Necə ki, bu hazırda baş verir. Ölkə başçısı həmişə deyir ki, məmur vətəndaşın qulluqçusudur. O baxımdan düşünürəm ki, Azərbaycan bu mərhələdə vətəndaş-məmur münasibətlərində yeni bir mərhələyə keçməkdədir. Cənab Prezident ötən gün vətəndaşların internet üzərindən qəbulu ilə bağlı Sərəncamda imzaladı. Hətta pandemiyaya baxmayaraq ölkə başçısı vətəndaşın dövlətlə və yaxud da dövlətin ayrı-ayrı vəzifəli şəxsləri ilə təmaslarının mütləq davam etdirilməsinin qayğısına qalır. Əlbəttə ki, bu örnək bir davranışdır”-deyə, A.Həsrət fikrini bildirib.
Müəllif: Ceyhun Rasimoğlu