"ABŞ-Azərbaycan münasibətləri ümumi maraqlara söykənir" RƏY-ÖZƏL
ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasını təsdiq edir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, "Məktubun birbaşa "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir" ifadəsi ilə başlaması ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajı kimi başa düşülməlidir: "Çünki məktubun bu cür başlamasının siyasi çəkisi və əhəmiyyəti var. Bundan əlavə, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirən ABŞ dövlət başçısı bu istiqamətlər üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusilə qeyd edir. Bu faktlar da ABŞ-Azərbaycan münasibətlərinin ümumi maraqlara söykəndiyini deməyə əsas verir. ABŞ dünyanın supergücüdür və belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə olması bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyinin əyani sübutudur". Siyasi şərhçiyə görə, ABŞ və Azərbaycanın yüksək münasibətlər çərçivəsində əməkdaşlıq etməsi gələcək münasibətlərin daha sıx bağlarla möhkəmlənməsi üçün geniş imkanlar yaradır: "Məktubda, eyni zamanda Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində ABŞ-ın iştirakını davam etdirəcəyini vurğulayan Tramp, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu bildirib".
Müəllif: Nailə Məhərrəmova