“Pandemiya dövründəki sistemli mübarizə gələcək dövrdə də davam edəcək” ÖZƏL-MÜNASİBƏT
“Koronavirus Azərbaycanda iki amili göstərdi. Birincisi amil, insanların bir-biri ilə yardımlaşması, dövlətin vətəndaşlara verdiyi dəstək, sosial məsələlərin həllidir ki, bütün bunlar müsbət amillər idi və çox da yüksək qiymətləndirildi.” Bu sözləri DİASPOR.İNFO-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, Cənab Prezidentin verdiyi qərarlar, koronavirusa qarşı mübarizədə insan amilinin ön plana çəkilməsi kimi amillər çox dəyərlidir.
“Çox təəssüf ki, ikinci amillər də üzə çıxdı. Yəni, bəzi məmurların acgözlüyü də ortaya çıxdı. Hətta, acgözlüklər o həddə olub ki, insanlara ayrılan sosial yardımları belə oğurlamağa başlayıblar və bu da öz çılpaqlığı ilə özünü göstərdi. Amma, o da özünü göstərdi ki, dövlət bu cür mənfi hallara qarşı mübarizəni gücləndirib və pandemiya bizə onu da göstərdi ki, bu cür hallara qarşı mübarizə daha da gücləndiriləcək. Məhz pandemiya dövründə korrupsiyaya qarşı dövlət sistemli mübarizəyə başladı. Nəinki İcra Hakimiyyəti strukturlarında, mərkəzi hakimiyyət strukturlarında da həbslər həyata keçirildi. Dövlət başçısı da dönə-dönə vurğulayırdı ki, tək yerlərdən mənfi siqnallar gəlmir və mərkəzi strukturlarda da bu cür neqativ hallar var və çox təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxarmadılar. Pandemiya dövründə korrupsiyaya qarşı sistemli mübarizənin gələcək dövrdə də davam edəcəyini mən proqnozlaşdırıram”, deyə Elxan Şahinoğlu bildirib.
Müəllif: İnam Hacıyev