Düşünülmüş siyasət hər bir çətin vəziyyətdə öz müsbət nəticələrini verir .
“1 saylı DOST mərkəzinin açılışında cənab Prezident Azərbaycan Televiziyasına geniş müsahibə verib və bu müsahibədə həm ölkədə koronavirusla bağlı mübarizə tədbirlərinə, həm gənclər siyasətinə, eləcə də gələcəkdə görülməsi planlaşdırılan işlər haqqında, Azərbaycanın Kosmos sənayesinə verdiyi önəm və bu sahənin inkişafı istiqamətində atdığı addımlardan və atılan addımların əhəmiyyətindən danışıb. Ümumiyyətlə koronavirusla mübarizədə Azərbaycan böyük tədbirlər planı hazırlayıb. Bu tədbirlər planı həm sosial, həm də iqtisadi sahəni əhatə edib. Burada məqsəd insanların sosial rifahının pisləşməsinin qarşısının alınması əsas yer tutub”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, həyata keçirilən tədbirlərin əsas hissəsi də birbaşa insanların sosial təminatına maddi dəstəyin göstərilməsi istiqamətində öz əksini tapıb: “Ölkəmizdə sosial dövlət qurulub və insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük proqramlar icra olunur. O cümlədən 2019-cu ildə 4,2 milyon insanın sosial rifahına birbaşa müsbət təsir göstərən pensiyaların 70 faizə qədər artırılması, əmək haqqlarının və müavinətlərin 2 dəfəyə qədər artılırması istiqamətində tədbirlər görülüb. Bu tədbirlərin davamı olaraq bu ildə pandemiyanın təsirlərinin minimumlaşdırılması istiqamətində tədbirlər planı hazırlanıb. Bu dəstək proqramı da öz əhatə çərçivəsinə görə geniş idi. Bu proqrama 2,5 milyon nəfərin sosial rifahının yaxşılaşdırılması üçün dövlət dəstəyi nəzərdə tutulub. Bildiyiniz kimi pandemiya dövründə bir çox sahələrdə iş yerlərinin bağlanması ilə əlaqədar təhlükə yaranıb. Bununla da ölkədə işsizliyin artması məsələsi gündəmə gəlib. Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən tədbirlər planı da bu təhlükənin aradan qalxmasında böyük rol oynayır. Bir sıra sahələrdə insanların əmək haqqları dövlət büdcəsindən ödəndi və işsiz insanların sosial vəziyyətinin pisləşməsinin qarşısının alınması üçün 600 min insana birdəfəlik 190 manat ödənilib. Ödənişli ictimai iş yerlərinin sayının artırılaraq 90 minə çatdırılması məsələsi ortaya qoyulub. Sosial yardımların artırılması üçün tədbirlər daha da genişləndirilib. 80 min ailəyə ünvanlı sosial yardımın çatdırılması məsələsi öz həllini tapıb”.
A.Badamov vurğulayıb ki, görülən bütün bu tədbirlər göstərib ki, Azərbaycanda aparılan siyasətin prioritet istiqaməti vətəndaşın sosial rifahına, onun sağlamlığına hesablanıb: “Ölkədə gənclər siyasəti də çox uğurla aparılır. Ölkə başçısı da qeyd edib ki, gənclərimiz iqtisadiyyatın hər bir sahəsində çalışır və onlar üçün geniş imkanlar yaradılıb. Yeni yaradılmış sahələr hamısı innovasiyalara əsaslanıb və bu sahələr əsasən gənclərin fəaliyyət göstərdiyi sahələrdir. Buna misal olaraq DOST mərkəzini, Kosmik sənayeni bu kimi yerləri göstərmək olar ki, bu sahələrdə sırf gənclər çalışır. Yeni dövrün çağırışlarına uyğun kadr potensiallı gənclər formalaşdıraraq ölkənin inkişaf tempinə dəstək olmaq əsas prioritetlərdəndir. Ümumiyyətlə cənab Prezident öz müsahibəsində bir çox məqamlara toxunub və göstərib ki, Azərbaycanda ölkə başçısının rəhbərliyi altında aparılan düşünülmüş siyasət hər bir çətin vəziyyətdə öz müsbət nəticələrini verir”.
Müəllif: Aysel Məmmədova