NAXÇIVAN PANDEMİYADAN DA ALNIAÇIQ ÇIXDI.
BÜTÜN DÜNYADA OLAN DÖVLƏTLƏR, HƏR BİR VƏTƏNDAŞIYLA BİR YERDƏ ÇƏTİN İMTAHANLA RASTLAŞDI. DÜNYANIN İRİ, APARICI DÖVLƏTLƏRİNİN BELƏ PANDEMİYADAN ÜZÜ QARA ÇIXMASI ÇOX ÜZÜCÜ OLDU. BUNUNLA BƏRABƏR KİÇİK AVROPA DÖVLƏTLƏRİ VƏ AZƏRBAYCAN DA AZ İTGİ İLƏ BU BƏLADAN CANINI QURTARA BİLDİ. DÜNYADA ELƏ ŞƏHƏRLƏR VARDIR Kİ, ONLAR KARANTİN DÖVRÜNDƏ HAMIYA NÜMUNƏ OLDULAR. BELƏ ŞƏHƏRLƏRDƏN BİRİ DƏ NAXÇIVANDIR.
ƏLMANİZ ƏLƏKBƏRLİ
DİASPOR TƏŞKİLATLARININ
MONİTORİNQ MƏRKƏZİNİN SƏDRİ.
Diaspor.info saytının Naxçıvan bürosu pandemiya dövründə qabaqlayıcı tədbirlərin görülməsi, karantin rejiminə ciddi əməl olunmasıyla bağlı “ Naxçıvan qonaqların gözüylə”, onların fikirlərindən ibarət məqalələrini davam etdirir. Büromuzun bu dəfəki qonağı bütün karantin rejimini Naxçıvan MR-da keçirən “Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri Əlmaniz Ələkbərli olub. Müxbirimizin onunla apardığı söhbəti olduğu kimi oxucularımıza təqdim edirik.
Sual: Koronovirus pandemiyası zamanı tətbiq olunan karantin rejiminin yenidən uzadılması sizin kimi qonaqların hələ bir müddət də evinizdən kənarda qalacağınızdan xəbər verir. Sizin fikrinizcə bu nə qədər ədalətlidir?
Cavab: Bütün dünyada olan dövlətlər, hər bir vətəndaşıyla bir yerdə çətin imtahanla rastlaşdı. Dünyanın iri, aparıcı dövlətlərinin belə pandemiyadan üzü qara çıxması çox üzücü oldu. Bununla bərabər kiçik Avropa dövlətləri və Azərbaycan da, az itgi ilə bu bəladan canını qurtara bildi. Dünyada elə şəhərlər vardır ki, onlar karantin dövründə hamıya nümunə oldular. Belə şəhərlərdən biri də, Naxçıvandır. Bəlkə də, pandemiya dövründə burada olmasaydım belə bir fikirdə olmazdım. Görünən budur ki, yaxşıdan danışmağı çoxları sevmir. İsveçrədə, Belarusda, Gürcüstanda və doğma Naxçıvanımızda pandemiya dövründə qanunların necə ciddi, sərrast işləməsi hamı kimi mənim də, diqqətimi çəkdi.
Dünyanın başına bəla açan, sözügedən virusun yayılması xəbəri Naxçıvan üçün də, bir imtahan idi. Bilirsinizmi, diqqət çəkiləsi vacib məqam isə, hazırlaşmadan imtahana getmək və bu imtahandan alnıaçıq çıxmaqdır. Bəli, Naxçıvan bu imtahandan alnıaçıq çıxa bildi, bunu tam məsuliyyətimlə deyirəm.
Sual: imtahandan alnıaçıq çıxdı, deyəndə siz nəyi nəzərdə tutursunuz?
Cavab: burada gördüyüm çox şeylər məni bu fikirə gəlməyə sövq etdi. Mən Naxçıvan MR-sı rəhbərliyinin çox cəld, operativ qərarlar qəbul etdiyinin şahidi oldum. Naxçıvan pandemiya dövründə dünyanın az sayda aparıcı şəhərləri ilə müqayisə olunacaq səviyyədə karantin rejiminə riayət etdi. Naxçıvan səhiyyəsi və Naxçıvan polisi üzərlərinə düşən məsuliyyəti dərk edərək, hər kiçik bir nüansa tam ciddiyyətlə yanaşdı. Baxın mən Naxçıvanlıyam və aydın məsələdir ki, rayonlarda, kəndlərdə çoxlu dost-tanışlarım var. Qadağalar olan zaman bir dəfə də eşitmədim ki, Naxçıvan polisi kənddən rayona, vəyaxudda şəhərə gələn nəqliyyat sahibindən pul alıb onu qanunsuz olaraq, mərkəzə buraxsın.
Naxçıvan polisini istər şəhərdə, istərdə rayon və kəndlərdə tibbi maskasız və əlcəksiz görmədim. Naxçıvanda Polis nəfərlərini, bir çox şəhərlədə gördüyüm kimi, damağında siqaret, vəyaxud papaqsız, köynəyinin yaxası açıq, ağacın kölgəsində yerə sərələnmiş vəziyyətdə görmədim. Tam əksinə əsil Azərbaycan xalqının mentalitetinə xas olan tərbiyə nümayiş etdirdiyinin şahidi oldum. Ağsaqqala, ağbirçəyə, qız-gəlinə nəvaziş göstərməsinin dəfələrlə şahidi oldum. Məgər bunları, Naxçıvanda gördüklərini demək bir o qədər çətindir?
Hesab edirəm ki, Naxçıvan MR-sı rəhbərliyinin karantin dövründə atdığı qətiyyətli addımları dünyanın bir çox aparıcı dövlətlərinə nümunə göstərərək onunla öyünə bilərik. Baxın ən iri, aparıcı dövlətlər belə sanki heç nə olmamış kimi özlərini aparsalar da, statistika başqa rəqəmlər göstərir. Aydın məsələdir ki, bu gün Avropa və Qərbin səhiyyəsində bizdən daha yaxşı, müasir avadanlıqlar vardır. Bu o demək deyildir ki, Naxçıvan səhiyyəsində, hüquq-mühafizə orqanlarında istifadə olunan avadanlıqlar qərbdən, avropadan da, müasirdirlər. Hesab edirəm ki, Naxçıvanın pandemiyadan alnıaçıq çıxmasının bir səbəbi var. Bu, rəhbərə sədaqət, rəhbərliklə bütün qurumların vəhdəti və bütün bunları yaxından və diqqətlə izləyən vətəndaş məsuliyyəti öz rəhbərinə olan sevgisidir.
Sual: karantin rejiminə görə Naxçıvanda qalmısınız, bu gün bir çox regionlarımızda həyat öz axarıyla davam edir, bütün bunlara baxmayaraq, paytaxtla Naxçıvanın əlaqəsi yoxdur. Sizin bir qonaq kimi fikirləriniz bizim üçün, elə oxucularımız üçün də, çox maraqlı olardı.
Cavab: Naxçıvana istər şərqdən, istər də, qərbdən baxsaq, buranın heç nəyi İsveçrədən geri qalmır. Sadəcə burada yaşayanlar onu bir o qədər görə bilmir, çünki bu gözəllik kənardan daha yaxşı görünür. Ümumiyyətlə belə hal hər yerdə var, tutaq ki, ekoloji baxımdan ən təmiz məkanda yaşayırsan, ancaq bunun mahiyyətinə bir o qədər varmırsan.
Ancaq mən hesab edirəm ki, Naxçıvana, mənim Ana vətənimə deyəsən bir qısqanclıq var. Baxın, bu gün karantinlə bağlı ölkədəki qanunlar deyir ki, əgər yaxın qohumun dünyasını dəyişibsə sən həm paytaxt Bakı şəhərinə gedə bilərsən, həm də, əksinə paytaxtdan bütün rayonlara.
Naxçıvan istisna olmaqla, səbəb? Məgər Naxçıvanlı Azərbaycan vətəndaşı deyil? Gəncə, Balakən, Lənkəran və s. şəhərlərin sakinləri öz doğmalarını ziyarət edə bilər, ancaq Naxçıvan sakinləri bunu edə bilməz, Niyə? Əgər söhbət virusa yoluxmadan gedirsə fakt, statistik rəqəmlər göz qabağındadır, Naxçıvan ən az itgi verən bir bölgədir. Naxçıvanda sakinlərin qanunlara daha ciddi yanaşması da, təqdirəlayiqdir. Yaxşı bəs onda səbəb nədir?
Məgər Naxçıvanın blokada şəraitində yaşaması sakinlərin günahıdır? Bu gün Naxçıvanla Bakı arasında, hətta poçt xidməti belə yoxdur. Naxçıvana elçiliyə gələn, yas mərasiminə gələn tanıdığım ailələr vardır ki, körpə uşaqları paytaxtda qalıb, valideyinləri isə 3-cü aydır qohum-əqraba evində yaşayır. Çox qəribədir, Türkiyədən, Rusiya və digər dövlətlərdən vətəndaşların vətənə gətirilməsi təşkil olunur, ancaq Naxçıvanla-Bakı arasında, heç olmasa həftədə bir dəfə olmaqla hava nəqliyyatını bərpa etmək olmur? Ümumiyyətlə əsas bayramlarda öz vətəndaşına böyük problemlər yaradan “Naxçıvanla Bakını” birləşdirən nəqliyyat problemi ayrı bir mövzudur.
Uzun illər Naxçıvanın sürətli inkişafını Ukraynadan və digər ölkələrdən izləyən və nəhayət 3-cü aydır ki, orada yaşayan bir ziyalı kimi deyə bilərəm ki, bunun bir adı var, o da qısqanclıqdır.
Müşahidələrim onu deməyə əsas verir ki, Naxçıvan rəhbərliyi Muxtar Respublikada apardığı islahatları, tikinti-quruculuq və abadlıq işlərini kiməsə göstərmək, vəyaxud xoş gəlmək üçün etmir, sadəcə öz işini mükəmməl görür, VƏSSALAM.
DİASPOR.İNFO
NAXÇIVAN BÜROSU.
944