AVROPA ŞURASINDAN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ HAQSIZLIQLAR DALĞASI DAVAM EDİR.
Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi bəyanatlar Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edən beynəlxalq təşkilatlar və onların əlində alətə çevrilmiş “beşinci kalon”un nümayəndələri üçün layiqli cavab idi”. Bunu Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Tərtər rayonuna səfəri çərçivəsində verdiyi bəyanatları şərh edərkən deyib. Partiya sədri qeyd edib ki, ölkə başçısı səfər zamanı verdiyi bəyanatlarla həm Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı Azərbaycanın rəsmi mövqeyini bildirdi, həm də Azərbaycana qarşı ikili mövqe nümayiş etdirən beynəlxalq təşkilatların, onların burdakı əlaltılarının əməllərini ifşa etdi: “Həqiqətən də bu qondarma seçkilər bir çox həqiqətləri bir daha üzə çıxardı. Hansı təşkilatın hansı məqsədlərə xidmət etdiyi aydın oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi, Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşası idi. Dünyanın əksər beynəlxalq təşkilatları bu şouya öz münasibətini açıqladı, ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı və bu təşkilatlar bu qondarma seçkini tanımadı. Bircə Avropa Şurası bu məsələdə Azərbaycana qarşı ikili standartlardan çıxış etmə vərdişindən əl çəkə bilməyib susqunluq nümayiş etdirməklə bir daha öz qərəzli mövqeyinini ortaya qoydu”. S.Əsədov vurğulayıb ki, əslində Avropa Şurasının qondarma seçkilərə bu cür susqun və seyrçi mövqedən yanaşacağını əvvəldən də proqnozlaşdırmaq mümkün idi. Çünki bu təşkilat bütün fəaliyyəti boyunca bir qayda olaraq Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edib: “Cənab Prezident də öz çıxışında bəyan etdi ki, Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Avropa Şurasının bu mövqeyi Azərbaycan Prezidentinin bu beynəlxalq təşkilatın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarlara, açıqlamalara qarşı nə dərəcədə haqlı mövqedə olduğunu bir daha isbat etdi”. S.Əsədov bildirib ki, Prezident İlham Əliyevin nitqində diqqət çəkən məqamlardan biri də Avropa ölkələrində güc strukturlarının vətəndaşlara münasibətdə sərgilədiyi davranışlara verilən reaksiyalar baxımından beynəlxalq təşkilatların ikili mövqe nümayiş etdirməsini ifşa etməsi ilə bağlı oldu: “Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə etdi: “Biz bu ikili münasibəti hər zaman müşahidə etmişik. Həqiqətən güclü dövlətlərdə nümayişlərdə dinc vətəndaşlara qarşı nümayiş olunan vəhşiliyə görməzdən gəlirlər. Eləcə də Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkilərə susqunluq nümayiş etdirirlər. Bununla da öz riyakar niyyətlərini ortaya qoymuş olurlar. Dünyanın bütün ciddi beynəlxalq təşkilatları bu seçini pislədiyi, tanımadığı, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri StefanŞennak və RogerQey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Bütün dünya COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Dağlıq Qarabağ xunta rejimində qondarma prezident və parlament seçkiləri keçirilir, minlərlə insannın həyatı bilərəkdən təhlükə altına salınır, amma pandemiya dövründə keçirilən seçkilərdə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir”. S.Əsədov qeyd edib ki, bütün bunlar Avropa Şurasının Azərbaycana qarşı ikili standartlardan çıxış etməsindən xəbər verir: “Bunun tək bir adı var. O da Azərbaycana qarşı qərəz, düşmənçilik mövqeyidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də artıq bu təşkilatın kimlərin maraqlarına xidmət etdiyini, Azərbaycana qarşı ləkələmə siyasəti ilə məşğul olduğunu çox gözəl bilir. Təsəvvür edin, Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olub, hər iki ölkə bərabər öhdəliklər götürüb, lakin Ermənistan bugünə qədər öhdəliklərə əməl etməyib: “Prezident də çıxışında bu məqama toxunaraq qeyd etdi ki, Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”. Partiya sədri deyib ki, Azərbaycan regionda müstəqil siyasət yürüdən suveren bir ölkədir. Hansısa beynəlxalq təşkilatın qərəzli mövqeyi Azərbaycanı haqq yolundan döndərə bilməz: “Azərbaycan Prezidenti tərəfindən dəfələrlə bu cür təşkilatların Azərbaycana qarşı yürütdüyü ikili standartlar mövqeyi qətiyyətlə pislənib. Avropa Şurası Parlament Assambleyası kimi dünyada nüfuzdan düşmüş təşkilatın qeyri-demokratik mövqeyi Azərbaycanın yürütdüyü müstəqil siyasət kursuna heç bir təsir edə bilməz. Bu gün Azərbaycan dünyada nüfuzu durmadan yüksəlir. Təkcə son aylarda Azərbaycanın beynəlxalq miqyasda atdığı addımlara nəzər salsaq bu ölkənin dünyada necə nüfuz sahibi olduğunu görə bilərik. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirildi. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk etdilər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq “orta miqyaslı” (middlepower) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz”. Azərbaycan Respublikaçılar Partiyasının sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Tərtərdə Olimpiya Kompleksinin açılışı zamanı toxunduğu bu məqamlar Azərbaycanı sevməyən xarici və daxili qüvvələr üçün açıq mesaj idi: “Düşünürəm ki, AŞ PA kimi Azərbaycana qərəzli mövqedən yanaşan təşkilatlar, eləcə də onların əlaltılarıne çevrilmiş qüvvələr ölkəmizə qarşı düşmənçilik mövqeyindən əl çəkməlidir. Çünki onların hərəkətləri Azərbaycanın durmadan yüksələn beynəlxalq nüfuzu qarşısında duruş gətirə bilməz”.
AZƏRBAYCAN RESPUBLİKAÇILAR PARTİYASININ SƏDRİ
SÜBUT ƏSƏDOV.