İşğalçı Ermənistanın özbaşınalığına son qoyulmalıdır! ANALİTİK
Avropa Parlamenti təmsilçilərinin birgə bəyanatları sübut edir ki, Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi sülh prosesinə mənfi təsirini göstərir
Məlum olduğu kimi, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatları yayılıb və həmin bəyanat özündə bir neçə məqamları əks etdirməkdədir.
Lakin ən əsas məqam budur ki, artıq beynəlxalq aləm, nüfuzlu siyasi dairələr, xüsusilə də Avropa institutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklərini nümayiş etdirməkdədirlər. Daha dəqiq desək, hazırkı dövrə qədər də bir sıra Avropa təsisatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla, qətnamələrlə çıxış edərək, Ermənistanın təcavüzkar, işğalçılıq siyasətini pisləyiblər. Bəyanatlarda xüsusilə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonunu işğal altında saxlamaqda davam etməsi beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrin pozulması kimi qiymətləndirilməlidir.
Onu da qeyd edək ki, bu faktor artıq illərdir davam edir. Misal üçün, hələ 2013-cü ildə Avropa Parlamentinin üzvü Vasilika Viorika Dancila Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında qeyd etmişdi ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalını davam etdirir. Xatırlatma: “Bu işğalçılığa son qoyulmalıdır. Azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına təhlükəsiz şəraitdə qayıtmaq hüququnu özlərində saxlayırlar”.
Azərbaycan Avropa qonşuluq siyasətinin bir hissəsidir
V.V.Dancila həmin ərəfədə bildirib ki, Azərbaycan Avropa qonşuluq siyasətinin bir hissəsidir və Avropa İttifaqı tərəfdaş ölkələrlə sülhsevər münasibətlərin qurulmasında çox maraqlıdır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa nöqteyi-nəzərindən çox vacibdir. Sitat: “Aİ hər zaman bəyan edir ki, münaqişə tezliklə öz həllini tapmalıdır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton 2010-cu ilin mayında Dağlıq Qarabağda keçirilmiş qondarma parlament, 2012-ci ilin iyulunda isə qondarma prezident seçkilərinin legitim olmadığını açıq şəkildə bəyan etmişdir. Ümumiyyətlə, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”.
Biz bu sıralamaya Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı çərçivəsində təsdiqlədiyi sənədi də əlavə edə bilərik. Belə ki, burada da vurğulanır ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın torpaqlarının bir hissəsini hələ də işğal altında saxlayır. Belə ki, Aİ Şurasının qərarında ərazi bütövlüyü məsələsinin təsbit olunması Ermənistanın işğalçı mövqeyinə ciddi zərbə vurur. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyətidir. Bütövlükdə, bu fakt Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əyani nümunəsi, eləcə də ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
Bəyanata "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilir ki, bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir
Məhz bu kimi reallıqlardan nəticə çıxarıldığını da qeyd edərək belə bir qənaətə gəlmək olar ki, Avropa Parlamentinin həmsədrinin və həmməruzəçilərinin verdikləri birgə bəyanatları özündə mühüm amilləri əks etdirməkdədir. Belə ki, bəyanata "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. O cümlədən, sözügedən bəyanat Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır. Bu baxımdan, Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir.
O da sirr deyil ki, Azərbaycanın danışıqlar prosesində daim öz vədlərinə sadiq qalmasından fərqli olaraq, işğalçı rejimin rəhbərliyi daim bu məsələdən müxtəlif uğursuz cəhdləri ilə yayınmağa çalışır. Ona görə də, sonuncu bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Daha dəqiq desək, beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyyatlar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir.
ATƏT-in Minsk qrupu isə yenə də susur..!
Lakin təəssüf doğuran faktorlardan biri də budur ki, beynəlxalq aləmin nüfuzlu qurum və təşkilatları, Avropanın aparıcı təsisatlarından fərqli olaraq, ATƏT həmsədrləri bu dəfə də fəaliyyətsizlikləri ilə yadda qalıblar. Onların Ermənistanın qeyri-qanuni əməllərinə münasibət bildirməmələri isə qurumun ciddiyyətini də şübhə altında qoymağa başlayır. Bu kimi yanaşmanın mövcud problemin həlli prosesinin uzanmasına şərait yaratdığını da demək mümkündür. Ona görə də, ATƏT-in Minsk qrupu dərhal öz mövqeyini ortaya qoymalı, işğalçıların növbəti addımlarına qarşı fikir səsləndirməlidirlər. Əks halda, bu institutun qeyri-ciddilik amilləri özünü daha çox göstərməyə başlayacaq və nüfuzu daha da aşağıya düşəcək.
Rövşən RƏSULOV