Azərbaycanda koronavirusla mübarizə taktikası əsaslı şəkildə dəyişdi - MÖVQE ÖZƏL
"Bir neçə gün əvvələdək pandemiya ilə mübarizənin cari məzmunu əsasən rəqəmlərlə ifadə və təqdim edilirdi. Yoluxanların, sağalanların, qadın-kişi, müxtəlif yaş qrupları və bölgələrdən olanların sayındakı pozitiv və neqativ dinamika məhz rəqəmlərlə ifadə edilirdi. Neçə gündür ki, rəqəmlərlə bərabər cəmiyyətə konkret ad və soyadlar da açıqlanmağa başlayıb. Yoluxanların və dünyasını dəyişənlərin sırasında bütün ölkənin tanıdığı məşhur isimləri görürük. Əsaslı dəyişiklikdir. Ölkənin koronavirusla mübarizə strategiyasına və qarşıya qoyulmuş konkret hədəflərə daha səmərəli nail olmaq baxımından dəqiq düşünülmüş taktiki dəyişiklikdir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, dəyişiklik təsadüfi deyil və Operativ Qərargahın düzgün seçimidir: "Əvvəla, mayın sonlarında karantin qaydalarında edilmiş yumşaldılmalardan sonra cəmiyyətdə güclənən ziyanlı arxayınçılığı, bəzən vətəndaş məsuliyyətinin zəifləməsini, ikinci dalğa pandemiyanın qayıtma ehtimalının çox real olduğunu göstərmək baxımından əhəmiyyətli dəyişiklikdir".
A.Quliyev vurğulayıb ki, cəmiyyətimizdə hələ də rast gəlinən "koronovirus varsa, niyə mənim tanıdığım və ya tayfamızdan olan kimsə yoluxmayıb" kimi ritorik sual-hökmün nə qədər yanlış və aldadıcı olduğunu nümayiş etdirmək nöqteyi-nəzərindən əhəmiyyətlidir: "Nəhayət, Azərbaycanda bu taktiki dəyişiklik koronovirusla mübarizənin hələ bitmədiyinə və qəti qələbənin əldə olunmadığına ictimai inamı daha da artlrmaq üçün əhəmiyyətlidir. Azərbaycanda koronovirusla mübarizə modeli həm də özünü daha da təkmilləşdirmək gücündədir".
Müəllif: Aysel Məmmədova