Şpris istehsalı zavodu ölkəni 100 faiz şprislə təmin edəcək
“Diamed-Co” şpris istehsalı zavodunun yaranmasından bir il ötür. Pirallahı Sənaye Parkında yerləşən zavod şpris istehsalı sahəsində nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük istehsal müəssisəsidir və əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində böyük işlər görüb. Zavodun təsisçisi Aytən Quliyevanın müsahibəsi.
Aytən Quliyeva Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan A.Quliyeva 20 ildən artıqdır sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycanın ilk özəl klinikası – “Baku Clinic”in təsisçisidir. Ötən il yaradılan “Diamed-Co” şpris istehsalı zavodunun layihə müəllifi və təsisçisi olan xanım sahibkar dəfələrlə dövlətimizi beynəlxalq miqyaslı tədbirlərdə və simpoziumlarda təmsil edib.
– “Diamed-Co” şpris istehsalı zavodunun fəaliyyətə başlamasından bir il ötür. Nəyə nail oldunuz və qarşıda hansı planlarınız var?
– Əvvəlcə onu qeyd edim ki, 1999-cı ildə Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini – “Baku Clinic”i təsis etmişəm. Biz bu işə kiçik laboratoriya kimi başlasaq da, hazırda “Baku Clinic” paytaxtın aparıcı klinikalarından biridir və 220 personalı ilə ölkə əhalisinin xidmətindədir. Bütün bunları qeyd etməkdə məqsədim bu sahədə uzun illik təcrübəyə malik olduğumuzu xatırlatmaqdır.
Görəndə ki, qeyri-neft sektorunun inkişafı və yerli istehsal müəssisələrinin yaradılması ilə bağlı Cənab Prezident İlham Əliyev çoxsaylı sərəncamlar verir, çağırışlar edir, qərara gəldiik ki, biz də bu prosesdən kənarda qalmayaq. Şpris istehsalı zavodunu qurmaq üçün hərəkətə keçdik və bu istiqamətdə fəaliyyətə başladıq. Baxmayaraq ki, bu sahə çox çətin sahədir və yüksək məsuliyyət və dəqiqlik tələb edir, biz zavodun layihəsini hazırlayıb, İqtisadiyyat Nazirliyinə təqdim etidk. Layihə çox yüksək qiymətləndirildi və nəticə etibarilə Azərbaycan hökuməti ilə müştərək “Diamed-Co” şpris istehsalı zavodunun əsasını qoyduq. Bilirsiniz ki, Möhtərəm Prezident İlham Əliyev zavodun açılışını etdi və işə saldı. Dövlət başçısı öz tövsiyyələrini verdi və dövlətimizin hər zaman bizim yanımızda olacağını söylədi.
Artıq zavodun fəaliyyətə başlamasının bir ili tamam oldu. Yeri gəlmişkən, fürsətdən istifadə edib, zavodun ərsəyə gəlməsində zəhməti olan hər kəsi bu münasibətlə təbrik edirəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu böyük uğurdur və necə ki, Azərbaycanda ilk dəfə olaraq özəl tibb mərkəzini biz qurduq, tibbi istehsal zavodunun da birincisini yaratmaq bizə qismət oldu. Zavod tam olaraq Almaniya və İsveç texnologiyası əsasında qurulub. Yaxın zamanlarda bizim şrpislər pandemiya ilə bağlı ölkəmizin adından humanitar yardım olaraq xaricə göndərildi.