"Vətəndaşlarımız hələ də vəziyyətin ciddiliyini dərk etmirlər" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Respublikasının vətəndaşları koronavirus (COVİD-19) pandemiyası dövründə tələb olunan qaydalara riayət etməməklə həm özlərini, yaxınlarını, həm də digər vətəndaşları təhlükə qarşısında qoyurlar”. Bunu DİASPOR.İNFO-ya millət vəkili Asim Mollazadə deyib.
“Hətta vəziyyət elə hala gəlib çata bilər ki, Azərbaycan xəstəxanalarında xəstələrin müalicəsi üçün yer tapılmasın. Bir sözlə, xəstələnən insanlara yardım göstərmək imkanı olmayacaq. Bu mənada hesab edirəm ki, vətəndaşlarımız məsuliyyətli olmalıdır. Bütün qaydalara riayət etmək hər bir vətəndaşın borcudur. Bunu hansısa cəzalarla deyil, vətəndaş həmrəyliyi, birliyi ilə də nail ola bilərik. Çünki cəzalar onsuz da var və məsuliyyətsiz şəxsləri bu cəzalar qorxutmur. Təbii ki, qaydalara əməl etməyəndə bu cərimələri artırmaq da zərurətə çevrilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə çıxışlarında vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, karantin rejiminin qaydalarına əməl olunmasını diqqətə çatdırıb. Amma görünən odur ki, vətəndaşlarımız hələ də vəziyyətin ciddiliyini dərk etmirlər. Əgər insanlarımızın hərəkətlərində heç bir dəyişiklik olmasa məcburiyyət qarşısında cərimələr də artırıla bilər”,- deyə, A.Mollazadə fikrini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu