Diaspor təşkilatları müxtəlif ölkələrin rəsmi dairələrinə müraciətlər ünvanlamaqda davam edirlər
Xaricdə yaşayan soydaşlarımız və fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycana qarşı növbəti hərbi təxribatlar törədən Ermənistanın sərt şəkildə cəzalandırılması üçün müxtəlif ölkələrin hökumətlərinə və dövlət rəhbərlərinə müraciətlər ünvanlamaqda davam edirlər.
Kanadada yaşayan azərbaycanlı icmasının üzvləri, "Azərbaycan-Kanada Mulrikultural Mərkəzi" bu ölkənin xarici işlər naziri Fransua-Filip Şampana məktubla müraciət ediblər.
Müraciətdə qeyd edilir ki, Azərbaycan əsilli kanadalılar Ermənistanın törətdiyi növbəti hərbi təxribatlardan dərin narahatlıq keçirirlər. Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədlərini pozaraq, ölkəmizin ərazilərindəki mülki obyektlərə ağır artilleriya zərbələri endiriblər, qanlı toqquşmalarla müşayiət edilən döyüşlər hərbçilər və mülki şəxslər arasında ağır itkilərə səbəb olub.
Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1 milyondan artıq dinc sakinlərin öz evlərindən didərgin salındığı, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistandan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarmasının tələb olunduğuna dair faktların sadalandığı məktubda vurğulanıb ki, 1994-cü ildən Ermənistan münaqişənin həll olunması üçün nəinki proqressiv yanaşma sərgiləmir, hətta güc tətbiq etmək yolu ilə əldə olunan status-kvonun möhkəmləndirilməsi üçün işğal olunmuş ərazilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, təbii resursların istismar edilməsi və işğal olunmuş şəhər və kəndlərin qarət edilməsi istiqamətində konkret addımlar atır.
Sonda Azərbaycan əsilli kanadalılar xarici işlər nazirini Azərbaycanın ərazi bütövlüyünü BMT-nin tanıdığı şəkildə dəstəklədiyini bəyan etməklə Ermənistanın ölkəmizə güc tətbiq etməsini pisləməyə çağırıb.
Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva isə Ermənistanın son təxribatları ilə bağlı Almaniyanın federal kansleri Angela Merkelə və Avropa Birliyinə açıq məktub yazıb.
Məktubda bildirilib ki, baş verənlərə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır: "Biz Ermənistanın vəhşiliklərini, təxribatçı əməllərini pisləyirik və qanun qarşısında cavab verməsini tələb edirik. Bütün Avropa və dünya ictimaiyyətini Ermənistanın qanun pozuntularını qınamağa çağırırıq".