İslam dövlətləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Prezident İlham Əliyev: "Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq"
Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Əlbəttə ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Müstəqil Azərbaycan "İslam dünyasının BMT-si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür.
Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılıb. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edilib. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib. İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yayıb. İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qərar və qətnamələrini bir daha xatırladıb.
İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu: "Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. Çünki siz də bilirsiniz, Mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər".
Əlbəttə ki, islam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi. Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Azərbaycanın qədim şəhəri olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olundu. Onu da qeyd edək ki, paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu.
"MÜSƏLMAN MƏSCİDLƏRİNİ DAĞIDAN ERMƏNİSTANLA HANSI ƏLAQƏLƏR OLA BİLƏR?"
Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Bu baxımdan, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib. Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin adları ilə bağlı olduğundan tarixi faktlar mənbələrdə öz əksini tapıb. Azərbaycan Prezidenti çıxışında vurğuladığı kimi: "Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb".
AZƏRBAYCAN İSLAM ÖLKƏLƏRİNİN GƏNCLƏRİNİN BİR ARAYA GƏLMƏSİNDƏ ƏHƏMİYYƏTLİ ROLA MALİK MƏKANDIR
Bu gün müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev çıxışların birində dediyi kimi: "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
Bildiyimiz kimi, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun "Gənclərin hamisi" ilk Fəxri Nişanı ilə təltif olunub. Bu nişanın Cənab Prezidentə verilməsi də elə ölkə başçısının bu təşkilatın gəncliyinin inkişafına yönəlmiş fəaliyyətə, eləcə də quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə idi.
Azərbaycanın bu dönəmində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu da Azərbaycana dəstək nümayiş etdirdi. İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədinə hücumunu sərt şəkildə pisləyən bəyanatla çıxış etdi. İƏTGF-in bəyanatında Ermənistan ordusunun iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətindən Azərbaycan Ordusunun mövqelərinə hücum cəhdi, hərbçilərin və dinc sakinin həlak olması ilə nəticələnən hərbi təcavüz pislənilir. Təşkilatın rəhbəri BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrinə istinad edərək Ermənistan silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, eyni zamanda, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin və ərazi bütövlüyünün qorunması və toxunulmazlığı çərçivəsində həllini dəstəkləyir.
Bu gün Azərbaycan islam ölkələrinin gənclərinin bir araya gəlməsində əhəmiyyətli rola malik bir məkandır və islami dəyərlərə böyük önəm verən ölkəmizdən yetişən nəslin əxs edəcəyi çox böyük məqamlar var. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Azərbaycanın haqq səsi dünya ölkələri tərəfindən müdafiə olunur.
Nəzakət ƏLƏDDİNQIZI