Ölkənin meliorasiya və su təsərrüfatı: problemlər, həyata keçiriləcək yeni layihələr TƏHLİL
Prezident İlham Əliyev: "Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır"
Uzun illər ərzində aparılan ölkədə aparılan böyük quruculuq işləri içərisində irimiqyaslı meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları tikilib istismara verilmiş, çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bununla belə, müasir dövrdə ölkənin dinamik sosial-iqtisadi inkişafı bu sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsini, dövlət idarəetməsinin və təsərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq həyata keçirilməsini tələb edir.
Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə də ölkə Prezidenti İlham Əliynv bu sahədə mövcud olan problemlər və görüləcək işlər haqında danışıb və tapşırıqlarını verib.
"Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün?"
"Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı bu onların, demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?".
Bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı deyib. Dövlət başçısı bildirib ki, vəziyyətin tam təhlili zamanı bu il aprel ayında xüsusi komissiya yaradılıb: "artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır".
Prezident su təsərrüfatında yaranmış nöqsanlara görə bəzi qurumları tənqid etdi
Dövlət başçısı bildirib ki, biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq: "Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi? Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".
Prezident İlham Əliyev deyib ki, investisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər: "Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir".
"Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir"
"Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür".
Dövlət başçısı digər böyük layihə kimi Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsindən də danışıb: "O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub. Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır. Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir".
"Əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi"
Dövlət başçısı içməli su layihəsi, həm də suvarma suyu layihələrindən də danışaraq bildirib ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib: "Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik. İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi".
"İmkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin"
Dövlət başçısı qeyd edib ki, su ehtiyatlarının qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər: "Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar".
Dövlət başçısı sözügedən məsələyə mütəxəsislərlə yanaşı vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin də iştirakının vacib olduğunu deyib: "Bu işlərə ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər".
"Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır"-deyən dövlət başçısı onu da deyib ki, onlardan təkliflərin verilməsi işlərin müsbət həllində öz təsirini göstərə bilər: "Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək".
"Kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir"
Dövlət başçısı videoformatda keçirilən müşavirədə, həmçinin su təchizatı ilə bağlı şikayətlərə də bağlı danışaraq bildirib ki, bu ciddi məsələdir: "Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilib və məsələlər araşdırılıb".
"Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur"- deyən dövlət başçısı bu məsələyə ciddi nəzarət olunmasın tələb edib: "Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar".
Xüsusilə, son vaxtlar Neftçala rayonnuda su qıtlığı ilə məsələ ilə bağlı Prezident İlham Əliyev göstəriş verərək məsələnin tez bir zamanda həll olunmasını tələb etdi: "Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın". Dövlət başçısı 2017-ci ildə bağlanan müqavilənin hələ də icra edilmədiyini deyərək bildirib ki, vaxtında məsələ ilə bağlı məlumat verməməklə işinizdə məsuliyyət hiss etməməisiniz: "Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə saxlayın və onları indi dəvət etmək lazımdır ki, gəlib bu qiymətləndirməni aparsınlar. Çünki bilirsiniz, əgər bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə gəlib çatmayacaq. Çünki kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə verməyib, ya sonra ixtisar olunub. Belə şeylərə son qoymaq lazımdır".
Sonda dövlət başçısı bir daha bildirib ki, bu ciddi xəbərdarlıqlardan bir nəticə çıxarılmalıdır.
RƏFİQƏ KAMALQIZI