NAXÇIVANDA CİNAYƏTKARLIQ ÖTƏN İLLƏRLƏ MÜQAYİSƏDƏ XEYLİ AZALIB.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib.
Diaspor.info məlumat verir ki, bu günlərdə 2020-ci ilin birinci yarımilində polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək, bir çox məsələlərə, o, cümlədən ağır və xüsusilə ağır cinayət hadisələrinə də, toxunub:
“Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin I yarısı ilə müqayisədə qeydə alınan cinayətlərin sayı 2 dəfə azalıb, ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb.”
Nazir daha sonra bildirib ki, hesabat dövrü qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb: “Muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib. 2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib. Yol infrastrukturunun inkişafı sahəsində muxtar respublika rəhbərliyinin həyata keçirdiyi tədbirlər, bütün yaşayış məntəqələrinə müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayında 2019-cu illə müqayisədə 16.7 azalma müşahidə olunub”.
Ümumiyyətlə Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar, son kadr təyinatları özünü daha çox doğrultdu. General-leytenant Fazil Ələkbərov bu gün Naxçıvanda daha sivil polis ordusunun təməlini qoyub.
Heç kimə sirr deyil ki, bütün iradlara baxmayaraq, Azərbaycanda hələ də, kol dibində gizlənən, əllərində radar aparatları olan YPX işçiləri mövcuddur. Naxçıvanda bu hallara rast gəlmək mümkünsüzdür. Nizam-intizam, vətəndaşla davranış qaydaları tam yeni mərhələyə qədəm qoyub.
Fazil Ələkbərov ilk öncə öz şəxsiyyəti ilə, əxlaqlı davranışı, Dövlət və dövlətçiliyə, Muxtar Respublika rəhbərliyinə sədaqət nümunəsi kimi tanınır. Naxçıvanda yaradılan Polis məktəbi də, fikrimizcə daha çox xarici dil bilən, etik qaydalarına daha yaxşı riayət edən, peşəkar polis yetişdirmək üçün yaradılıb.
Bu gün Naxçıvanda cinayətkarlığın azalması da, məhz yeni komandanın gərgin əməyinin bəhrəsidir. Naxçıvanda cinayət edən vətəndaş bilir ki, o, cəzasız qalmayacaq. Odur ki, o, digər yollara əl atmır və artıq öz polisinə inanır, yanaşması da, dəyişib.
Əlbəttə ki, bütün bunlar Cənab General başda olmaqla Naxçıvanda polis orqanlarında çalışanların, vətəninə sədaqətlə xidmət edənlərin əməyi nəticəsində əmələ gəlib.
Karantin dövrü başlayandan Naxçıvan Ali məclisinin sədri Cənab Vasif Talıbovun xüsusi tapşırıqları və qabaqlayıcı tədbirlərin görülməsi sayəsində Naxçıvan MR-da Covid-19 virusuna yoluxanların sayı digər bölgələrimizlə müqayisədə xeyli az oldu.
Karantin dövründə Naxçıvan polisinin səfərbər olaraq, gərgin fəaliyyəti, xüsusilə səbr nümayiş etdirməsi əhali tərəfindən də, yüksək qiymətləndirilir.
Doğrudan da, rəhbərə sədaqət və öz işinin peşəkarı olmaq, rəhbərlik etdiyin sahəni irəli aparmağın əsasını təşkil edir.
Əlmaniz Ələkbərli
Baş redaktor.
1 272