“Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi.Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər”. Diaspor info xəbər verir ki, bu sözləri Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva QHT Agentliyində Laçınla bağlı toplantıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir qrup QHT-lər bu xəbərə görə ölkə Prezidentinə təşəkkür edir, Azərbaycan Ali baş komandanına və müzəffər Azərbaycan Ordusuna minnətdarlığını bildirir: “Mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbədən sonra yaşayıb”.
Aygün Əliyeva sözlərinə belə davam edib: “Artıq bütün işğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. Biz də vətəndaş cəmiyyəti olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik və gələcəkdə işğaldan azad olunmuş bütün ərazilərə QHT-lərin səfərləri təşkil olunacaq.
Ola bilər ki, təşəbbüs olarsa, həmin ərazilərdə yeni QHT-lərin yaradılması, ictimai birliklərin fəaliyyət göstərməsi, insanların ictimai iştirakçılığının təmin olunması məsələsinə də Agentlik mütləq baxacaq”.
Ayşən Vəli