ŞƏHİD ABDURAHMAN QURBANOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Üçüncü Tala kənd sakini Qurbanov Abdurahman Əmrullah oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Üçüncü Tala kəndinə yollandıq.
Şəhidimizin qardaşı Rəsul və döyüş yoldaşı Veysəl Ağayevlə onun haqqında xeyli söhbətləşdik: biz ailədə beş uşaq olmuşuq, üç oğlan iki qız. Abdurahman isə ortancılımız olub.
Qardaşım Qurbanov Abdurahman Əmrullah oğlu 11 may 1971-ci ildə anadan olub. 1978-88-ci illərdə 3-cü Tala kənd orta məktəbində oxuyub. Daha sonra Tala peşə məktəbində peşə təhsili də, alıb.
1989-cu ilin may ayında həqiqi hərbi xidmətə gedib. Sovet ordusunun adlı-sanlı bir hərbi hissəsində, Belarusiyanın Qomel şəhərində xidmətə başlayıb. Dövründə gənclərin çoxlarının arzuladığı Desant dəstələrində olub. 1991-ci ildə hərbi xidmətini başa vuraraq, vətənə, geri gəldi. Bir müddət kolxozda çalışmışdır. Sonra könüllü olaraq cəbhəyə getmişdir. Belə ki, o, 1992-ci il avqust ayının 11-də, könüllü olaraq, Qarabağa gedib. Abdurahman döyüşlərə Ağdam rayonu Papravənd kəndindən başladı və avqustun 30-da Ağdərə rayonu Mehmanə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Abdurahman kəndin ilk şəhidi olub.
31 avqust 1992-ci ildə 3-cü Tala kənd qəbirstanlığında dəfn olunub.
Üçüncü Tala kənd orta məktəbi şəhidin adını daşıyır.
İdmana meyli var idi, xüsusən də, atıcılığı çox sevirdi. Bütün oğlanlar kimi futbola da, marağı olub.
Döyüş yoldaşı Ağayev Veysəl : Abdurahman Ağdərə ,Canyataq, Gülyataq kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Mehmanə kəndində də, bir yerdə döyüşmüşük. Atıcı kimi yaxşı hörməti də, var idi.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Abdurahman Qurbanovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.