Dağlarda Yandı
(Təcnis)
Zərbələr alanda zalım fələkdən,
Qurudu yerində dağlar dayandı
Qəmli günlərimdə , tək günlərimdə ,
Arxamda vüqarla dağlar dayandı!
İnciyəndə yar könlünü yar alar,
Nazənin gözəllər gözlə yaralar ,
Sinəmə dəyəndə ağır yaralar
Alışdı oduma dağlar da yandı
Mən aşiqi al qoynuna daldala
Bəd nəzərdən çek özünü dal -dala
Nadanlar üstümə gəlsə dal dala
Nanəcib kəslərdən dağlar da yandı !
Siyah zülfün tök gərdənə çək dara
Bir baxişla mən şairi çək dara
Nikbin hər tərəfdən düşəndə dara ,
Kərəm tək lələsi dağlarda yandı!
Əmrah dayı
(Aşıq Əmrah Gülməmmədova)
Artıq addayıbdı yaşın səysəni,
Düşdü saçlarına çal, Əmrah dayı!
Əzəldən həsrətəm telli sazına,
Bir yolunu bizdən sal,Əmrah dayı!
"Zarıncın" od salır mənim sinəmə,
"Dilqəmin" insanı batırır qəmə,
"Ruhanin" qalxanda həm zilə,bəmə,
Qəblimə yol tapdın,yol,Əmrah dayı!
Səsindən açılır könlümün pası,
Ustad aşıqların xasısan,xası,
Sinənə basanda o telli sazı,
İlhamın ellərdən al, Əmrah dayı!
Sazında çay kimi coşub çağlayan,
Ürəyi yandıran, sinə dağlayan,
Nikbini ömürlük saza bağlayan,
Bir " Yanıq Kərəmi" çal Əmrah dayı!
Dağlar
Yaz gedəndə, yay gələndə,
Elat köçür sizə, dağlar.
Duman səni bürüyəndə
Görünmürsən gözə, dağlar.
Bir dərmandır saf suların,
Çox sərindir bulaqların,
Qara gözlü ceyranların,
Çıxırlarmı düzə dağlar.
Çox gəzmişəm oymağını,
Hamı bilir ad-sanını,
Seyr edəndə hər yanını,
Könlüm istər gəzə, dağlar.
Gəl çıxarma yaddan bizi,
Sənsən elimizin gözü,
Nikbinəm, görmürəm sizi,
Bağrım dönüb közə, dağlar.
Dilbər
Nə baxırsan maral kimi,
Canım oda yaxan, dilbər.
Qəmli-qəmli süzmə məni
Göz altından baxan dilbər.
Nə danışıb gülən oldun
Göz yaşımı silən oldun
Vaxtsız mənlə düşmən oldun
Ürəyimi sıxan dilbər.
Gəl vəfasız bilmə məni,
Qalmadı ömrümün təni,
Ölüncən səvəcəm səni,
Danışmaram yalan, dilbər.
Nahaq məni saldın qana,
Həsrətindən gəldim cana
Nikbin deyər yana-yana
Könlüm oldu viran, dilbər.
Aslan Baba
( Aslan babama ithaf olunur)
Neçə aylardır ki, xəstə yatırsan,
Daha yastıqdan dur, Aslan baba!
Şairin fəxrisən, qol-qanadısan,
Yerisin üstünə sur, Aslan baba!
Hər zaman baş əyir el hörmətinə,
Hamı heyran qalıb güc, qüvvətinə,
Yenə darıxıram söz- söhbətinə,
Gəlirəm məclisi qur, Aslan baba!
Mərd igidlər səni Koroğlu sanır,
Adın çəkiləndə dağ vüqarlanır,
Gözəl payız gəlib, toylar başlanır,
Bir nərə çək meydana gir, Aslan baba!
Əmr elə ustada "Cəngi" çalınsın,
Kəmərlər ilan tək belə dolansın,
Dolan bir meydanı, meydan sulansın,
Bir-bir igidləri yor, Aslan baba!
Çox bəlalar çəkib sənin başın da,
Hünər göstəribsən nər savaşında,
Aqillər deyirlər doxsan yaşında
Heç nədir yanında Kür, Aslan baba!
Sənin şöhrətinlə damağım çağdır,
Hər sözün Nikbinə şirin avazdır,
Sən tək pəhləvana doxsan yaş azdır,
Daha yüz il ömür sür, Aslan baba!
Borçalı həsrəti
Tufanlı vulkanam alov saçıram,
Həm dağa, həm daşa, həm çaya sarı!
Uzaqdan uzağa məlul baxıram,
Öz doğma elimə, obaya sarı!
Odumu Günəş tək saçmaq istərəm,
Bu bağlı yolları açmaq istərəm,
Körpə uşaq kimi qaçmaq istərəm
İyini çəkdiyim yuvaya sarı!
Bir qaynar bulağam axa bilmirəm
Axan göz yaşımı sıxa bilmirəm,
Çevrilib, boylanıb baxa bilmirəm
Allahın verdiyi o paya sarı!
Borçalı elimdi çata bilmirəm
Sevinci-sevincə qata bilmirəm,
Nikbinəm yerimdə yata bilmirəm
Baxıram bu taydan o taya sarı!
Hardan alım
Əlim çatmır Qaraxaça
Quzey qarı hardan alım
Ürək susub, ölüb həvəs
Sazı, tarı hardan alım!
Çeşmə kimi hey çağlaya,
Baxışla ürək dağlayan,
Əhd edib peyman bağlayan,
Düz ilqarı hardan alım!
Bənövşəm yox boyun əyə,
Ahım, səsim qalxıb göyə,
Telli sazı dindirməyə,
Kamandarı hardan alım!
Ayrılığın yetə sonu,
Dəyişə dünyanın donu,
Qazayağı tər soyzunu,
Qulançarı hardan alım!
Qalxan tutub, qılınc vuran,
Ağır-ağır məclis quran
Koroğluya arxa duran
O Nigarı hardan alım!
Mən Nikbinəm getdi çağım,
Boşalıbdı solum-sağım
Çiçək soldu, öldü bağım
Nübar barı hardan alım?
Mövlud Nikbin