Aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilmişdir.
Diaspor info-nun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkmiş, aqrotexniki qulluq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Məlumat verilmişdir ki, bu ilin yaz əkini dövründə muxtar respublikada 231 hektardan artıq sahədə meyvə və üzüm bağları salınacaq, yaşıllaşdırma, bərpa əkinləri aparılacaq, toxmacarlıq yaradılacaq və toxumla əkin həyata keçiriləcəkdir. Əkin zamanı 120 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən, 1300 kiloqram toxumdan istifadə olunacaqdır.
Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınmış, 12 mindən artıq ting əkilmişdir. 9 hektar ərazidə isə bərpa əkini aparılmışdır.
Sadiq Ələkbərli