Cinsiyyət orqanlarından asılı olan “media”
DİASPOR.İNFO Yenilik.az-a istinadən maraqlı məqalə təqdim edir.
Günlərdir ki, mediada Cəmil Həsənlinin qızının videosu gündəmdədir. Mövzu, yaxud istedad yoxdur deyə günlərdir ki, gah siyasətçilərdən, gah iqtisadçılardan, gah ictimaiyyət nümayəndələrindən-filan məlum videoya münasibət öyrənir, “kapitanlıq” edirlər. Onsuz da illərdir ki, bu işlə məşğul olurlar. Təsəvvür edin ki, hər ay külli miqdarda maliyyə vəsaiti ayrılan, maliyyələşən media qurumları başlarını kiminsə alt paltarı, kiminsə tumanı, kiminsə videosu ilə qarışdırırlar. İllərdir ki, maliyyələşdirilən medianın əsas mövzuları bunlardır: “Məşhur aparıcının alt paltarı göründü”, “Müğənni efirə alt paltarsız çıxdı”, “Müğənninin rəqqasə ilə intim görüntüləri yayıldı”, “Rəqqasənin şok videosu yayıldı”, “Müğənnidən cəsarətli geyim”, “50 yaşlı aktrisadan dərin dekolte” və s. belə səviyyəsiz və gic-gic başlıqlar. Buna görəmi bunlara vəsait ayırırlar?
Təbii ki, şou-biznesdən də yazmaq lazımdır, amma kifayət qədər maliyyə alan, ofis verilən və özünü ciddi hesab edən, əslində isə qeyri-ciddiliyin ən üst qatında olan bir media qurumu və ya qurumları bu xəbərləri bir az səviyyəli şəkildə də təqdim edə bilərdilər. Amma bunun üçün qələm olmalıdır, hansısa oliqarxın ayırdığı maliyyə ilə alınana bahalı qələmdən söhbət getmir, istedada söykənən jurnalist yaradıcılığından, peşəkarlığından söhbət gedir.
Bu gün Bakıda qəza baş verib və iki avtomobil arasında qalan piyada xəstəxanalıq olub. Bunu adi bir qəza kimi də vermək olardı. Amma görün bizim başında “kapitanlar” dayanan və həmişə “hansısa” siyahılarda adları ilk sıralarda olan və ordan nə Əli Həsənovun vaxtında, nə də ondan sonra heç düşməyən, oturduğu ofisin, işçilərə verdiyi maaşın hesabatını verə bilməyən, maliyyə mənbəyini göstərə bilməyən media qurumları xəbəri hansı başlıqla təqdim edirlər: ”Cinsiyyət orqanı qopdu xarici maşının altına düşdü”. Bu artıq peşəkarlığın hansı “səviyyəsidir”, onu oxucu deməlidir. Bu biabırçılıqdır. Belə bir mediaya nəinki maliyyə ayrılmalı, əksinə haqqında tədbir görülməli, peşəkarlığın artırılması üçün kurslar təşkil olunmalıdır. Özünü as jurnalist sayanların idarə etdikləri “media”ya fikir verin. İyrənc başlıq azmış kimi hələ zərərçəkən vətəndaşın cinsiyyət orqanının şəklini də maşının altından xüsusi işarlənmiş qaydada böyüdüb aşkar nümayiş etdirilər ki, baxın ha, birdən yaxşı görməzsiz. Nə Türkiyə, nə Rusiya mediasında belə bir biabırçılıq ola bilməz, görə bilməzsiz.
Bunlar bu cür xəbərləri ictimailəşdirmək üçünmü maliyyə alırlar? Bu nə rəzalətdir? Hansı kitabda, hansı müəllif yazıb ki, belə xəbərləri yaymaq, cinsiyyət orqanını açıq nümayiş etidrmək və İP dalınca sürünmək jurnalistikadır? Bu başqa nədir bilmirəm, amma jurnalistika deyil. Jurnalistika, mətbuat kiminsə tumanından, kiminsə qopub yola düşmüş cinsiyyət orqanından asılı ola bilməz.
Kiminsə cinsiyyət orqanından asılı olan “media” “kapitanı” necə ciddi jurnalistikadan dəm vura bilər çox maraqlıdır.
Xanlar Xoca, Yenilik.az