“Canlı mədəniyyət naminə” adlı beynəlxalq videokonfrans keçirilib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Belarus Respublikasının Baş Mədəniyyət müəssisəsi sayılan Mogilyov Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Canlı mədəniyyət naminə” adlı videokonfrans təşkil olunub.
MEMİM-dən Diaspor.info-ya bildirilib ki, videokonfransda Azərbaycan və Belarus mütəxəssisləri mədəniyyətin postkoronavirus dövründə inkişaf xüsusiyyətlərini müzakirə ediblər.
Mədəniyyət mərkəzlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaçılmaz virtuallaşma dövründə xalq kollektivlərinin və ənənəvi mədəni xidmətlərin toxunulmazlığının təmin olunmasının üsul və metodları ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövcud istiqamətdə yeni metodiki vəsaitlərin birgə hazırlanması və zəruri internet aksiyaların keçirilməsi məsələləri də xüsusi olaraq vurğulanıb.
Sosial təcrid şəraitində koronavirusla mübarizədə Azərbaycanda mədəniyyət işçilərinin iştirakı haqqında geniş məruzə ilə çıxış edən mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, karantin dövrünün mülayımləşdirilməsi və insanları müxtəlif streslərdən uzaqlaşdırılmasında Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən yüzlərlə müxtəlif səpkili layihələr reallaşdırılıb.
Xalqların milli identikliyinin qorunmasında, milli adət-ənənələrin toxunulmazlığının təmin olunmasında və gənclər arasında folklora qarşı marağın artırılması işinin əhəmiyyətini bildirən konfrans iştirakçıları mövcud istiqamətdə gələcəkdə də birgə layihələrin reallaşmasına dair razılığa gəliblər.
Qeyd edək ki, məhz sözügedən iki qurumun təşəbbüsü ilə 2017-ci ildə metodiki mərkəzlərinin rəhbərlərini birləşdirən Beynəlxalq Metodiki Şura yaradılıb ki, Azərbaycan həmin şuraya həmsədrlik edir.