“Bildiyiniz kimi ilk DOST mərkəzi cari ilin mayın 9-da açılıb. 8 ay müddətində mərkəz 60 min vətəndaşa xidmət göstərib”. SİA-nın xəbərinə görə, bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin sədri (DOST) Fərid Məmmədov məlumat verib.
O bildirib ki, bu müddət ərzində 60 min insan mərkəzdə sosial müdafiə, məşğulluq, əmək sahəsində müxtəlif xidmətlər alıb.
DOST Mərkəzlərində 132 növ xidmətin göstərildiyini deyən qurum rəhbəri, onlardan 115-i funksional xidmətlər, pensiya, müavinət, təqaüd, sosial xidmətlər, sosial sığorta, əlillik, məşğulluq və digərləridir. Bununla yanaşı, vətəndaşlar mərkəzlərdə 17 yardımçı xidmətdən, bank, notariat, və digərlərinin fəaliyyətindən istifadə edə bilir”.
Agentlik sədri söyləyib ki, mərkəzlərin xidmətlərindən istifadə ilə bağlı məmnunluq səviyyəsi 95 faizə çatıb: “Bu da o deməkdir ki, vətəndaşlar kifayət qədər bizim xidmətlərə inanır. Biz hər zaman xidmətlərimizin optimallaşdırılması üzərində işlər aparır, keyfiyyət artır, standartlar hazırlanır. DOST olaraq biz mütəmadi olaraq ən yaxşı beynəlxalq təcrübələri öyrənir onları reallıqlara inteqrasiya etməyə çalışırıq. Dünyada bu sahə ilə bağlı bir sıra ölkələrin modellərini öyrənsək də, Azərbaycanda tətbiq olunan model heç bir ölkədə yoxdur. Bizdə bütün sosial xidmətlər vahid pəncərə sistemi ilə vətəndaşlara təqdim olunur. Bizim əsas məqsədimiz xidmətləri daha çevik, daha asan etmək və ən əsasə elektron xidmətlərə üstünlük verməkdir. Bununla biz bürokratik prosesləri azaltmağa çalışırıq”.
F. Məmmədov qeyd edib ki, yaxın planda Bakı şəhərinin bir neçə rayonunda, eləcə də respublikanın bölgələrində DOST mərkəzlərinin açılması nəzərdə tutulur: “Növbəti həftə Xəzər və Pirallahı rayonlarını əhatə edəcək 2 saylı DOST Mərkəzinin açılmasını planlaşdırırıq. 2020-ci ildə Sumqayıt şəhərində DOST Mərkəzinin açılması nəzərdə tutulub. Bununla bağlı artıq məkan seçilib, yeni mərkəzin açılması istiqamətində hazırlıq işlərinə də başlanılıb. Növbəti lin sonunadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulub”.