Qarabağda demoqrafik proseslər: tarix və bu gün - ANALİZ
Qarabağ bölgəsində (aran və dağlıq hissə) ermənilər əhalinin cəmi 23 faizini təşkil edirdi, 76 faiz isə azərbaycanlılar idi
Ermənilərin Osmanlı və İrandan son 2 əsrdə Qafqaza köçürülməsi və 1918-1920-ci illərdə Azərbaycan əraziləri (İrəvan, Zəngəzur və Göyçə mahalları) üzərində Ermənistan dövləti yaratmaları tarix elminə məlum faktdır. Lakin ermənilər təkcə bununla kifayətlənmədilər. Azərbaycanın Qarabağ bölgəsinə də köçən və məskunlaşan ermənilər çox keçməmiş orada da yerli əhalini didərgin salıb bölgəni ələ keçirməyə cəhd edirdilər. Lakin həm Ermənistanda, həm də işğal edilmiş Qarabağda erməni əhalisi nəinki artmağa, əksinə azalmağa başladı.
Əgər bir ərazi bir xalqın tarixi torpağıdırsa və orada çoxluq təşkil edibsə, heç olmasa son 1000 ildə o torpağın hakimləri arasında həmin xalqın heç olmasa bir nəfər rəhbəri olmalı idi. Ermənilər isə belə bir nəfər göstərə bilmirlər. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, qədimdən bəri Qarabağ hakimlərinin və xanlarının adları məlumdur və onların arasında bircə nəfər də erməni yoxdur. Həmişə, hər yerdə belə olub, haranın əhalisi hansı xalqdandırsa, hakimi də o xalq təyin edib.
Ermənilərin Qafqaza köçürülməsindən sonra belə onlara burada üstünlük təşkil etməmişlər. 16-17-ci əsrlərdə Qafqazda ermənilər “barmaqla sayılası” qədər olub. Osmanlı-Səfəvi müharibəsi zamanı Qarabağın türk-müsəlman əhalisinin 40 faizə qədəri ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, ordu mənsubları və döyüşlərdə ölən əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində Qarabağda yaşayan qeyri-müsəlmanların sayı 20 faizi keçməmişdir. Onların isə çox cüzi hissəsi ermənilər olub, əksər hissəsi xristianlığı qəbul etmiş yerli albanlar idi.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Bütün əhalisi yerli Azərbaycan tayfalarından ibarət olan Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Qarabağın dağlıq hissəsini, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisyana qədər uzanırdı. Xanlıq bütünlüklə azərbaycanlıların yaşadığı Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
1828-ci ildə Rusiya İmperatoru I Nikolayın fərmanı ilə Azərbaycan İrəvan və Naxçıvan xanlıqları üzərində “Erməni vilayəti” yaradılanda burada olan 1111 kənddən yalnız 62-də ermənilər yaşaırdı, onlar da bir müddət əvvəl İrandan və Osmanlıdan köçürülüənlər idi. Hətta bu 62 kəndin də belə yalnız 14-nün adı ermənicə verilmişdi.
1829-cu ildə əhalinin siyahıyalınmasında burada 81749 müsəlman- azərbaycanlı ailəsi, 25151 erməni ailəsi var idi. Hətta növbəti köçürülmələrdən sonra 1834-cü ildə belə İrəvan şəhəri və ətrafında yaşayan 2750 ailədən 1807-si azərbaycanlı ailəsi idi.
Son 3 əsrdə Qarabağ xanları arasında da bircə nəfər belə erməni və ya digər xalqın nümayəndəsi yoxdur. Bütün dünyaya məlumdur ki, bir ərazidə hansı xalq hakim olubsa, rəhbər də o xalqdan olub. 19-cu əsr ərzində Qafqazda yaşayan xalqların sayı məlumdur, dəfələrlə Rusiya tərəfindən aparılan siyahıyaalmalarda da bu aşkar görünür- hətta ermənilərin kütləvi köçürülmələrindən sonra belə hazırkı Azərbaycan və Ermənistan ərazilərində azərbaycanlıların sayı azı 70-80 faiz civarında olub.
Azərbaycan tarixçiliyində Qarabağ xanlığının tarixini öyrənmək üçün mühüm tarixi mənbələrdən olan “Qarabağnamələr” salnaməsində xeyli qiymətli faktlar və məlumatlar var. Xanlığın meydana gəlməsi ərəfəsində qısa zaman kəsiyinin tarixi hadisələrini özündə əks etdirən “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” əyalətin demoqrafik vəziyyəti və əhalisinin etnik tərkibi barədə verdiyi məlumatlar dolğunluğu ilə seçilir.
Tarixçi alim H.Məmmədov “Müfəssəl dəftər” materialları əsasında təhlillər aparmış, əyalətin əhalisinin sayı və etnik tərkibinə aid qiymətli nəticələr əldə edə bilmişdir. Onun hesablamalarına görə, Qarabağ əyalətində 19.395 mükəlləfiyyətli ailə başçısı və hər ailə isə orta hesabla beş nəfərdən götürüldükdə, əhalinin ümumi sayı təxminən 96.975 nəfərdən ibarət olmuşdur. Bu müəllif belə hesab edir ki, «Müfəssəl dəftər»də məlumatlar vergi mükəlləfiyyəti daşıyanları əhatə etdiyinə, hərbçilər, ruhanilər və onların ailə üzvləri nəzərə alınmadığına görə yuxarıda əhalinin sayı haqqında verilmiş rəqəm minimumdur, həqiqətdə isə əhalinin ümumi sayı 100 mindən çox olardı. “Müfəssəl dəftər”də Şəmkürbasan və Böyük Kürəkbasan nahiyələrində cəmi 25 kəndin qeyri-müsəlman kəndi olduğu göstərilir. Qeyri-müsəlmanların çox böyük əksəriyyətini isə XVIII əsrdə də albanlığını unutmamış xristian əhalisi təşkil edirdi.
1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edilib, onun əyalətlərindən birinə çevrilməsindən sonra əhali siyahıya alınmışdır. 1823-cü il siyahıyaalınmasına görə Qarabağ xanlığında əhalinin ümumi sayı 90.000 nəfər idi. Şəhər və kəndlərdə 18.563 ev var idi k, onun da 17 mindən çoxunu isə Azərbaycanlı ailələri təşkil edirdi. Türkmənçay sülh müqaviləsindən sonra, məlum olduğu kimi, xaricdən Qarabağa ermənilərin kütləvi şəkildə köçürülüb yerləşdirilməsi və müharibələr zamanı Qarabağı tərk etmiş müsəlman-türk əhalisi öz doğma yurd yerlərinə dönmələri nəticəsində burada əhali artırdı. 1832-ci ilin kameral təsvirində Şuşada və Qarabağın 741 kəndi və obasında 20.546 ailə qeydiyyata alınmışdır. Bunun 13.965 ailəsi müsəlmanların, 6.491 ailəsi isə ermənilərin, çox cüzi hissəsi isə qaraçıların payına düşürdü.
1805-ci ildə İbrahim xan Rusiya qoşunlarının komandanı R.D.Sisianovla Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman– Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsi ilə İrandan və Osmanlı imperiyasından ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də Qarabağ ərazisi idi. Bu müqavilələrlə 84 000 erməni qarabağ və ətraf rayonlara köçürülüb. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825-1826 tarixləri arasında 18 000, 1828-dən sonra 50 000, Osmanlı imperiyasından isə 84 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Buna baxmayaraq 1832-ci ildə Qarabağın 64,4%-i Azərbaycanlı, 34,8%-i erməni idi. XX əsrin ortalarından başlayaraq ermənilər sayca Qarabağın dağlıq hissəsində üstünlük təşkil etməyə başladılar. 1990-cı ildə Qarabağın əhalisi 192 000-ə çatmışdı. Əhali tərkibi ermənilərdən (76%), azərbaycanlılardan (23%), kürdlərdən və ruslardan ibarət idi.
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa kütləvi köçü davam etdi. Rus qafqazşünası N.Şavrov yazırdı (1911): "Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir".
Ermənilərin Ermənistana və Azərbaycana köçməsi XX əsrdə də davam edib. Onların çoxu Qarabağda məskunlaşırdı. Nəticədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin sayı 70 faizi keçmişdi. Lakin bütün Qarabağ bölgəsində (aran və dağlıq hissə) ermənilər əhalinin cəmi 23 faizini təşkil edirdi, 76 faiz isə azərbaycanlılar idi.
/Aşağıda Qafqazın 1915-ci ilə aid etnik xəritəsinə bax. Wiliam Zebina Ripleyin "Avropanın millətləri" kitabından/
Münaqişə nəticəsində Ermənistan və Qarabağdan 800 min azərbaycanlı məcburi köçkün qovulub. Bu Ermənistandakı demoqrafik böhranı daha da gücləndirdi, Azərbaycanda isə sosial-iqtisadi problem yaratdı. İşğaldan sonra Qarabağı məskunlaşdırmaq niyyəti ilə, həm Ermənistandan, həm də xarici ölkələrdən oraya xeyli erməni köçürüldü. Lakin bu, demoqrafik vəziyyəti yaxşılaşdırmadı, əksinə, Qarabağda erməni əhalisi 2 dəfədən çox azaldı. Sovet vaxtı burada 130 min erməni yaşayırdı, son illərdə isə xarici təşkilatlar 50 min erməninin yaşadığını bildirirdi.
Getdikcə, nəinki Qarabağda, Ermənistanda belə əhali getdikcə azalır və demoqrafik böhran kəsklinləşirdi. Ağır vəziyyətdə olan, sosial-iqtisadi böhran içində olan ölkədən əməkqabiliyyətli əhali başqa ölkələrə köçürdü. Bu müharibənin nəticələri isə daha ağır olacaq. Daha yüz minlərlə erməni ölkəni tərk edəcək.
Azərbaycan isə belə problem yoxdur. İşğaldan azad edilmiş ərazilərə qayıdacaq azı yarım milyon köçkün Qarabağda demoqrafik vəziyyətin normallaşmasını təmin edəcək. Bu bölgənin tarixi sahibləri orada daim yaşayacaq və öz tarixlərini, mədəniyyətlərini yaşadacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz Qarabağa qayıdacaq və öz tarixi torpağımızda əbədi var olacağıq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.