MÜƏLLİMSİZ MƏKTƏB KİMƏ LAZIMDIR?
MƏN YER ÜZÜNDƏ MÜƏLLİMDƏN YÜKSƏK AD TANIMIRAM.
HEYDƏR ƏLİYEV.
Cənab Nazir!
Siz Avropada siyasət üzrə,
Amerikada isə, dövlət idarəçiliyi sahəsində magistr təhsili ona görə aldınız ki, evində müasir mobil telefonu, interneti, hətta, televizoru olmayan şagirdlərə “Onlayn” vəyaxudda “Distant” təhsil verəsiniz?!
ƏLMANİZ ƏLƏKBƏRLİ
Bu yazını yazmağa məni vicdanım məcbur etdi, yoxsa deyəcəyim fikirlərlə özümü heç kimdən nə ağıllı saymaq, nə də ki, dərrakəli göstərmək istəmirəm.
Görünür mənim kənd məktəbində təhsil almağım (baxmayaraq ki, mən oxuduğum məktəbdə heç vaxt odun yandırılımayıb, istilik sistemi olub.) digər həmkarlarımdan fərqli düşünməyə vadar edir.
Hər dəfə Azərbaycanda təhsil naziri dəyişiləndə mən də, sevinərdim, düşünürdüm ki, yeni nazirlər müasir düşüncəli olduğu kimi təhsilimizə də, müasirlik gətirəcəklər. İnsafən desək bir çox məsələlərdə bu öz təsdiqini tapdı, lakin əsas məsələlərdə hələ də, müasirlik yoxdur.
Bu gün Abdulla Şaiqin hər misrasında bir məna olan “Dovşan” şeirinin əvəzinə hansısa bir Məmmədin mənasız şeirləri birincilərə öyrədilir. Bəlkə də, bu elə də, böyük problem deyil, yəni dözüləndir.
Bəs bu gün dəbdə olan onlayn, distant təhsilə nə deyirsiniz?
Emin Əmrullayev müasir düşüncəli yeni təhsil nazirimizdir, Prezident yanında Dövlət idarəçilik akademiyası, Avropa universitetlərində Siyasət üzrə magistr təhsili, Amerikada, Kolumbiya universitetində “Dövlət idarəçiliyi” sahəsində magistr təhsili alıb, ona görə yox ki, gəlib Azərbaycan təhsilini məhv etsin, Cənab Prezident ona etimad göstərib ki, təhsilimiz təkcə paytaxtda deyil, bütün Azərbaycanda inkişaf etsin.
Emin müəllim, çox güman ki, Siz heç vaxt odun peçi tüstüləyən siniflərdə gözlərinizi ovuşdura-ovuşdura dərs keçməmisiniz. Buna baxmayaraq, elə məhz həmin məktəbin şagirdlərini bu gün müəllimsiz qoymusunuz! Bəli, bunu siz etmisiniz, çünki bu gün Təhsil naziri sizsiniz. Baxın, sizin rəhbərlik etdiyiniz nazirliyə xeyli ciddi suallarım var, əgər Misir Mərdanov kimi cəsarətli olsaydınız bu sualları gəlib otağınızda şəxsən özünüzə verərdik. Ancaq Mikayıl Cabbarov Təhsil nazirliyinə gəldiyi gündən mətbuata qoyduğu qadağanı siz də, saxlamısınız.
Hansı ki, ilk vaxtlar “Facebook” səhifəsində aktiv olduğunuzu görüb, hər gün sizi tərif edirdim ki, mətbuata açıq insansınız.
Elə ki, bir-iki nöqsanınızdan yazdıq, daha siz də sələfləriniz kimi əlçatmaz oldunuz.
Xülasə, suallarıma başlayım.
Ilk narahat edən məsələ televiziyadan keçirilən dərslər barəsindədir. Siz heç işləyən valideyinlər haqqında düşünmüsünüz? Siz elə bilirsiniz ki, valideyni evdə olmayan azyaşlı şagirdi televiziya qarşısında, dərsə qulaq asmaq üçün otuzdurmaq asandır? Kənd yeridir elektrik enerjisinin saatlarla olmadığı günlər vardır. Elə ev vardır ki, 3-5 şagird ola bilər və onlar fərqli siniflərdə oxuduqları üçün televizora baxmaq üstündə dava düşməlidir?! Vay o gündən ki, həmin dərs başlayanda işıqlar sönə, vəssalam, bu da filmin sonu.
Bəlkə də, cizgi filminə baxmaq üçün valideyni evdə olmayan ailələrdə daha çox dava düşəcəkdir. Axı müəllimin hər şagirdə fərdi yanaşması, onu anlaması təhsildə böyük rol oynayır.
“Online “ təhsil barəsində isə daha çox suallarım var.
Emin müəllim siz heç Şimal-Qərb bölgəsində, Oğuz- Şəki-Qax-Zaqatala-Balakən bölgəsində olmusunuz? Burada sərhədboyu kəndlərin əksəriyyətində mobil rabitə yoxdur, yəni set yoxdur. Evlərə telefon çəkilişindən isə söhbət gedə bilməz, çünki baxmayaraq ki, bizim göylərdə peykimiz var, yerdə kəndlərə telefon çəkə bilmirik. Məsələn, Balakəndə şəhərə bitişik olan Gərəkli kəndində Şəhid anası telefon çəkilişi üçün, hətta Prezidentimizə müraciət edib. Vəziyyətin nə qədər acınacaqlı olduğu Sizə məlum oldumu? Bəzi kəndlərdə, vəyaxud rayon mərkəzlərində telefon da, var, lap elə mobil rabitə də var, yaxşı sual olunur evdəki beş uşağa beş ədəd android necə alınmalıdır, bunu kim və hansı pullarla alsın? Bu gün pandemiyanı da, nəzərə alsaq, yəni çoxları evdə işsiz oturub, nəinki android heç çörək ala bilmir, bəs onda bu məsələ necə olsun? Tutaq ki, bunların hamısı var, müəllimin votsapla dərs keçməsi zamanı onun internetə xərclədiyi pulları kim qaytaracaq? Eyni zamanda bu problem şagirdlərə də, aiddir. Nədir, Azərbaycanda təhsil pulludur?
Emin müəllim məgər sizin nazirliyinizdə, ekspertlər, məsləhətçiləriniz yoxdur? Yəni doğrudanmı bu qədər böyük problemlərdən xəbərsizsiniz?
Bəlkə bəzi dövlətlərdə olduğu kimi heç olmasa hər bir ailəyə planşeti siz hədiyyə edərdiniz?!
Bircə deməyin ki, pulumuz yoxdur, inanmaram, çünki bizim dövlətimiz hətta Afrikada məktəb təmir edən bir varlı dövlətdir.
Bu gün bir valideyin mənə yaxınlaşaraq dedi ki, ay müəllim sən ziyalısan, bəlkə mən savadsızam, başa düşmürəm bir problemim var, mənə heç olmasa başa düşməkdə kömək edə bilərsənmi? Dinlədim, məlum oldu ki, nazirlik çox tez-tez fərqli qərarlar verir və sonra da, onu dəyişir, cəfasını isə müəllim və direktorlar çəkir. Belə ki, əvvəllər əlavə məşğələni riyaziyyat müəlliminə verirdilərsə, sonradan alıb ingilis dilinə veriblər, deyəsən sonra yenə də, dəyişmək istəyiblər, nə isə belə qaranlıq, gülünc və ağrıdıcı məsələ.
Valideynin əsas sualı isə budur ki, övladım əlavə məşğələyə görə evə çox pul gətirirdi, bilirsən kənd yeridir, işsizlikdir, indi necə olacaq, daha biz həmin pulları ala bilməyəcəyik, məgər ilin yekununu gözləmək olmazdı?
Məntiqli sualdır, tədris ilinin ortasında gündə bir qərar verilir, sonra isə dəyişdirilir. Başa düşmək istəyirəm, məgər təhsil nazirliyində işləyənlər təhsili belə zəif bilirlər?, yəni onlar heç müəllim də işləməyiblər?
Cənab Nazir!
Əgər şagirdlər televiziyaya baxmaqla dərs öyrənəcəklərdirsə onda bu məktəblər, müəllimlər kimə və nəyə lazımdır?
Ləğv edin, büdcəyə də, xeyli vəsait qənaət etmiş olarsınız. Onsuzda kənddə yaşayan ailələrin çoxunda müasir televizorlar yoxdur, yəni sovet televizorlarıdır ki, onları da, zibil qutusuna atmağın vaxtıdır. Bu çox ciddi məsələdir, şagirdlərimiz təhsilsiz qalır, savadsızlaşma, cahilliyi artırır. Bunun fəsadları on ildən sonra özünü daha qabarıq göstərəcək.
Bu gün heç kim dana bilməz ki, təhsilimizdə şagirdlərin əldə etdiyi uğurların çoxu fərdi təhsilə görədir.
Unutmayın ki, Respublikada əksər ailələr fərdi təhsilə pul tapa bilmir, pandemiya dövründə buna heç imkan yoxdur.
Yaxşı onda sual olunur, sizə kim icazə, vəyaxudda səlahiyyət verir ki, millətin övladlarını təhsilsiz qoyursunuz?
Yəni doğrudanmı ucqar rayon, kəndlərdəki problemlərin ciddiliyi sizi narahat etmir? Niyə çıxış yolları axtarmırsınız, vəyaxudda ictimaiyyətə bu böyük problemlərlə bağlı məlumat vermirsiniz?
Bir tərəfdən orta məktəblərdə peşə sinifləri də, açırsınız, buna “Əhsən”, digər tərəfdən isə, ən ucqar kəndlərdə belə peşə təhsilinin çox faizini pullu edirsiniz. Ucqar kənddə traktoru təmir edəcək, əli mazudlu bir çilingər olmaq üçün şagird pulla təhsil almalıdır? Axı bu qərarları kim verir? Heç pulu olan da, gedib çilingər olar?, onun pulu varsa gedib attestatla Ukraynada, Gürcüstan və Türkiyədə Ali təhsil alar, sonra da, gəlib illərlə nazirliyin həyətində yatar ki, diplomunu təsdiq etdirsin.
Bəli, bu gün bütün bunlar acı reallıqdır, Cənab Nazir.
Rayon yerlərində, ucqar kəndlərdə yaxşı təhsil verə bilmirsinizsə heç olmasa peşə təhsilini pulsuz edin, həm də, müasir dövrümüzdə daha çox tələb olunan ixtisasların sayını artırın. Bunu sizdən mən xahiş etmirəm, yüzlərlə əli qabarlı kəndçilər xahiş edir.
Cənab nazir, elə ucqar kəndlərimiz vardır ki, məktəblər acınacaqlı vəziyyətdədir, hətta yay aylarında siniflərdə ilanlar gəzir. Başa düşürük ki, 2023-cü ilədək bütün məktəblərə əl gəzdiriləcəkdir. Bəs həmin vaxta kimi bu məktəbləri ən azından şagird rahat otursun deyə, abıra salmaq olmazmı?
Başa düşürəm, pulu məktəb direktorlarına etibar etmirsiniz. Onda bir şirkətə tapşırın heç olmasa döşəmədəki deşikləri taxta parçasıyla bağlasınlar. Çox olarsa bir məktəbə 500 azn xərc tələb olar, adını da qoyarıq deşikbağlayan təşkilat.
Cənab Nazir!-tanıdığım yüzlərlə müəllim vardır ki, diplom əvəzinə adi arayışla işləyir. ( saxta diplomlarla işləyənlər də, az deyildir). Gənc kadrlar iş axtararkən, 65 yaşlı müəllimlərin müqaviləsini bir il də, artırmağa sizləri nə vadar edir?
Nazirlikdə bir neçə dəfə olmuşam, hər hansı bir suala cavab tapmaq üçün yalnız qəbulda əyləşən gözəl-göyçək qızlarla danışmalısan. Ciddi bir problemlə bağlı suallarım varıydı, xanım cavab verə bilmədiyi üçün bir neçə yerə zəng etdi. Sonda da, dedi ki, aidiyyati şöbəyə zəng edirəm heç kimi tapa bilmirəm, üzürlü sayın. Hələ masa arxasına əyləşməzdən əvvəl xanımlara demişdim ki, sualım ciddidir, rəhbərlikdən kiminləsə görüşmək olarmı? Xanımlar mənə cavab verdilər ki, siz qəti narahat olmayın və bütün suallarınızı da, bizə ünvanlayın, cavabını verəcəyik. Sualları təzəcə yağdırmağa başlamışdım ki, xanım deyir ki, heç elə də şey olar?
Biraz susdum, sonra izah etməyə cəhd etdim, gördüm ki, özümü zorlamağa ehtiyac yoxdur, xanım mənim danışdığım sahədən ümumiyyətlə bixəbərdir. Yaxşı indi biz nə edək?, əvvəlcə sizdə işləyən xanımlara həmin sahəni öyrədək, vəyaxud bizi narahat edən sualımıza cavab axtaraq?
Heç olmasa qəbulda elə xanımlar işləsinlər ki, elementar suallara cavab verə bilsinlər.
Cənab Nazir!
Siz Avropada siyasət üzrə,
Amerikada isə, dövlət idarəçiliyi sahəsində magistr təhsili ona görə aldınız ki, evində müasir mobil telefonu, interneti, hətta, televizoru olmayan şagirdlərə “Onlayn” vəyaxudda “Distant” təhsil verəsiniz?!
Sonda sizdən bir ziyalı kimi şəxsi xahişim var.
Mətbuata açıq olun, açıq olun ki, problemlərin nə dərəcədə ciddiliyindən xəbərdar olasınız.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.