Dünya əhalisinin istifadə etdiyi qida məhsullarının 80%-i, insanların tənəffüs etdiyi oksigenin isə 95% bitkilər aləmi tərəfindən ödənilir ki , bu da bitki sağlamlığının və ehtiyyatının qorunmasının zəruriliyinin ifadəsidir. Planetin çirklənməsinə, ekologiyanın korlanmasına müharibələr, hərbi təlimlər, sınaqlar daha çox mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, qədim dövrlərdə baş vermiş müharibələr planetimizin ekoloji durumuna o qədər də təsir etməyib. Lakin sonrakı müharibələr təbiətə, ətraf mühitə amansız divanlar tutub, hesablamalara görə, son 600 ildə dünyada 14 min 513 müharibə baş verib. Belə ki, müharibə vaxtı təkcə canlı qüvvə deyil, bir çox flora və fauna növləri məhv olur. Müharibə aparılması vasitələri inkişaf etdikcə isə təbiətə daha ciddi və daha geniş sahədə təsir göstərir.
Torpaqlarımızın 30 ilə yaxın bir müddətdə mənfur ermənilərin işğal altında saxlaması, təbii resursların talanması və digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurmasına, nadir növlərin məhv olmasına gətirib çıxarıb. Çünki Erməni işğalçılarının tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri onların necə qəddar millət olduğunu bir daha sübut edir. Artıq 30 ilə yaxındır ki, ermənilər işğal etdikləri torpaqlarımızda ətraf mühitə, fauna və floraya çox ciddi yaralar vurmaqdadırlar. Onlar gec-tez Azərbaycan torpaqlarından çıxarılacaqlarını yaxşı bildiklərindən təbii sərvətlərimizdən mümkün qədər çox gəlir əldə etməyə, varlanmağa çalışırlar.
Təəssüflə qeyd etməliyik ki, işğal olunmuş ərazilərimizdə yanğınların törədilməsi, meşələrimizin qırılması, çaylarımızın zərərli maddələrlə hədsiz çirkləndirilməsi, yeraltı və yerüstü təbii sərvətlərimizin talan edilməsi nəticəsində günbəgün ölkəmizə vurulan zərərin miqdarı artmaqdadır. Bunda bəzi xarici şirkətlərin də rolu az deyil.
Qeyd edək ki, hazırda Azərbaycanın 17,3 min km2-lik bir ərazisi işğal altındadır. Həmin ərazilərdə 40 faiz mineral sularımız, 23,8 faiz meşə fondu (247,352 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsi, 13197,5 hektarlıq qiymətli meşə sahəsi, 5 ədəd geoloji obyekt, 155 növ faydalı qazıntı yatağı yerləşir ki, ermənilər bu yataqları vəhşicəsinə istismar ediblər.
İşğal nəticəsində ölkəmizə dəyən ən böyük zərərlərdən biri də meşələrimizin kütləvi şəkildə qırılmasıdır. Çoxillik yaşı olan nadir ağac növləri qazanc götürmək məqsədilə məhv edilir. Bir fakta diqqət yetirmək lazımdır ki, son illər ərzində Ermənistan Qərb ölkələrinin şirkətlərinin köməyi ilə meşəçilik sahəsində öz istehsalını 10 dəfə artırıb. Aydındır ki, onlar buna Azərbaycan meşələrinin qırılması hesabına nail olublar.
Son məlumatlara görə, Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına qırılıb, həmin ərazilərdə nadir bitki və heyvanat aləmi məhv edilib. Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki “Ayı fındığı meşələri”nin yerində boş ərazi qalıb. Xatırladaq ki, işğal altındakı ərazilərimizdə 247 min 352 ha meşə sahəsi qalıb ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu meşələrdə 152 ağac növü, 13 min 200 hektara yaxın qiymətli meşə sahəsi mövcud idi. Yanğınlar zamanı həmin ərazilərin faunası və florası kütləvi surətdə məhv edilib. Həmin ərazilərdə məskunlaşmış müxtəlif növ heyvan və quşlar öz yuvalarından didərgin düşüblər. Bu isə o deməkdir ki, müharibə yalnız insanları deyil, digər canlıları da məcburi köçkün vəziyyətinə salır.
Ermənilərin təbiətimizə vurduğu ciddi zərərlərdən biri də 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin ərazilərə yaxın olan torpaqlarımızda yanğınların törədilməsidir. Yanğınlar nəticəsində həm torpaq qatı, həm də fauna və flora növləri məhv edilir. Mənfur qonşularımız 2006-cı ildə 63414 hektar, 2007-ci mildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi ermənilər tərəfindən yandırılıb. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb. 2010-cu ildə ermənilər iki yanğın törədiblər. Birinci yanğın iyunun 15-də Tərtər rayonunun Şıxarxı kəndi ərazisində baş verib. İkinci yanğın isə iyulun 3-də yenə də Tərtər rayonunda törədilib. Nəticədə rayonun Çaylı və Şıxarxı kəndlərində ümumilikdə 1000 ha ərazi tamamilə yanaraq külə dönüb.
Emənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq 28 oktyabr 2020–ci il tarixdə döyüş zonasından kənarda yerləşməsinə baxmayaraq, Göygöl rayonunun ağır artilleriya qurğularının və raketlərinin atəşlərinə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Bununlada ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terror siyasətinin necə böyük həddə çatdığını daha aydın görürük. Baş verən yanğınlar nəticəsində Azərbaycana milyon dollarlarla ziyan dəyib və yeni yanğınların törədilməsi ilə bu rəqəm artmaqda davam edir.
Elmi araşdırmalara görə, bir tank tırtılının səsindən 50-100 metr məsafədə kollarının 70-i, kiçik çay yataqlarından 2-si, bulaqlardan 5-i, davamlı immunitetli ağaclardan 20-si quruyub məhv olur. Havadan atılan kiçik ölçülü bombaların təsiri ilə ətraf mühitin normal iqlim şəraiti 16 gündə pozulur, bir hərbi vertolyotun atdığı mərmilərin nəticəsində həmin ərazinin torpaq qatı çat verir və həmin qat bir daha bərpa olunmur, yağış yağarsa 15, yağmazsa 9 gün sonra mərmi düşən zolaq “ölü zona”ya çevrilir, 30 il o yerlərdə heç nə bitmir, ətrafdakı yaşayış məntəqələrində “vərəm sindromu” 2,5 dəfə artır. Bu isə o deməkdir ki, silahlar təbiəti də insan kimi həmişə “qorxu” içində saxlayır. Onu da qeyd edək ki, saydıqlarımız müharibənin ekologiyaya vura biləcəyi zərərlərin cüzi bir hissəsidir. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevrilir, nəticədə onların fəaliyyəti pozulur, planetin bioloji və mədəni müxtəlifliyi azalır, həm də ətraf mühitin məhvinə, yaralanmasına gətirib çıxarır. Qeyd etdiklərimiz yalnız quru üçün deyil, su hövzələrinə və çaylara da aiddir.
Ekoloji terror siyasəti zəngin bitki örtüyü və flora biomüxtəlifliyi ilə Qafqazın digər regionlarından kəskin fərqlənən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissisi olan Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşən Naxçıvan MR-in sahəsi 5363 km2, sərhəd xəttinin ümumi uzunluğu isə 398 km olub, cənubdan və qərbdən İran və Türkiyə ilə həmsərhəddir. İranla 163 km-lik, həmçinin Türkiyə ilə 11 km-lik sərhəd xətti Arazçayı boyunca keçir. Muxtar Respublikanın 224 km-lik sərhəd xətti isə Dərələyəz və Zəngəzur dağlarının suayrıcısı boyunca Ermənistanladır.
Aparılan müharibə vəziyyəti, sərhəd bölgəsində səngərlərin qazılması, hərbi-texniki qurğuların yerləşdirilməsi Muxtar Respublikada da eyni effekti yaradır. Belə ki, regionun xüsusilə dağlıq zonasında nadir, endemik, relikt ağaclar, kollar erməni işğalçıları tərəfindən kəsilir, gəvənliklər, otluqlar yandırılır, qədim dövrlərin yadigarı olan seyrək arid meşəliklərini əmələ gətirən qiymətli Ağıriyli ardıc, Hündür ardıc, Adi ardıc və Əyilən tozağacı növləri məhv edilir. Hərbiçilərimiz tərəfindən ərazimizin alp və subalp zonalarında səngərlərin qazılması, hərbi texniki qurğuların yerləşdirilməsi, yolların çəkilməsi həyati vacib məsələlər olsa da belə, yenə həmin zonalarda eroziya prosesi güclənir, torpaq strukturu pozulur. Nəticədə bütöv bitki kompleksi dəyişir, o cümlədən də zəhərli və zərərli bitkilərin yaşam tərzi pozulur. Heyvanlar tərəfindən yeyilməyən və insanların istifadə etmədiyi zəhərli və zərərli bitkilər faydalı bitkilərə nisbətən, iqlimin əlverişsiz şəraitinə daha tez uyğunlaşır və eyni zamanda külli miqdarda toxum verərək yeni yaşayış ərazilərini zəbt edir. Zərərli bitkilərin fon yaradaraq (qanqallıqlar, yovşanlıqlar, gicitkanlıqlar, cil və qamışlıqlar) zəhərli bitkilərin inkişafına stimul verir. Bu isə heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar yay və qış otlaqlarından normadan artıq və intensiv istifadə olunmasına gətirib çıxarır. Güclü ekoloji və antropogen amillərin birbaşa və ya dolayı yolla təsiri torpaqların səhralaşma meylini artırır, bitkilərin botaniki tərkibinin pisləşməsinə və məhsuldarlığın azalmasına səbəb olur.
Azərbaycanın işğal altında olan ərazilərində təbii abidələrə və təbiətə qarşı erməni vəhşiliklərinin son həddə çatması, Ermənilərin təbiətimizə qarşı terrorçuluq siyasətinin bariz nümunəsidir. Azərbaycan təbiətinə dəyən zərər onilliklər ərzində bərpa olunmayacaq. İşğal olunmuş ərazilərdə torpağın münbit qatı məhv edilib, flora və faunamız ciddi itkilər verib. Bir çox bitki və heyvan növləri müasir silahlı erməni quldurları tərəfindən tamamilə məhv edilib və yaxud məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın yüz illər boyu ekoloji tarazlıq naminə qoruyub bəslədiyi meşə örtüyü, habelə qiymətli, nadir ağaclardan ibarət yaşıllıq zolaqları qəddarlıqla məhv edilib. Azərbaycan hidrobioloji mühiti zəhərlənib və ekoloji böhran həddinə çatıb. Planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiya müddəaları aşkar kobudluqla pozulub.
İndi 1992-2020-cu ilə qədər olan dövrdə ermənilər tərəfindən təbiətimizə vurulan ziyanla bağlı yeni bir hesabatın hazırlanaraq ictimaiyyətə təqdim olunması ən vacib məsələ olmalıdır. Burada əsas məqsəd tarixi faktları bir yerə toplamaqla ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri, təbiətimizə vurduğu zərərləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşıb. Mən inanıram ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasətlə, rəşadətli ordumuzun şanlı zəfərinin şahidi olacağıq. Qələbədən sonra işğaldan azad olunan ərazilərin ekologiyasının yaxşılaşdırılması, vurulan ziyanın bərpası, işğalçı tərəfin hesabına aparılmalıdır. Özü də uzun illər boyunca, böyük miqdarda ödənilməsi tələb olunmalıdır.
Səfərova Fəridə Akif qızı
Naxçıvan Dövlət Universitetinin dosenti,
biologiya üzrə fəlsəfə doktoru