PAYTAXTIN TAM MƏRKƏZİNDƏ BİABIRÇILIĞA NƏDƏN GÖZ YUMULUR?
MƏSƏLƏNİN ÖZ HƏLLİNİ TAPMAMASINDA GÜNAHKAR KİMDİR?-POLİSİN ZƏİF NƏZARƏTİ?-SAHİBKARIN ARXALI OLMASI?- YOXSA PULUN GÜCÜ?
Bir neçə gün bundan əvvəl Bakı şəhəri Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 11-a ünvanında yaşayan bir qrup sakin redaksiyamıza həm yazılı, həm də, telefon zəngi ilə müraciət ediblər. Sakinlər adıçəkilən ünvanda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində və qanunsuz olaraq xeyli küçəyə tərəf artırılan , el arasında “Cam balkon” deyilən iri şüşəbəndlərdə gecə çal-çağırın olduğunu dedilər.
Necə deyərlər, eləmədik tənbəllik gecə saat 23-00 da adı çəkilən ünvanda olduq. Bəli, burada yaşamaq mümkünsüzdür, çünki səsgücləndirici ilə oxuyan qeyri-etik musiqilər insanı nəinki yatmağa, heç evdə oturmağa da, qoymur. Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, bir qrup sakinin imzasıyla Azərbaycan Respublikası Daxili İşlər naziri Cənab Vilayət Eyvazova, Bakı şəhəri icra hakimiyyətinin başçısı Eldar Əzizova və Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərova problemlə bağlı müraciət olunub. Hər üç məmuru şəxsən tanıdığıma görə deyə bilərəm ki, hər üçü dövlətimizə, Prezidentimizə çox sədaqətlidirlər.
Yaxşı onda bir sual ortaya çıxır, sahə müvəkkili Cənab nazirdən qorxmur?, inana bilmərəm, Vilayət müəllimin zəhmli baxışından qorxmamaq mümkünsüzdür. Bəlkə bu sahə müvəkkilinin dayısı daha iri məmurdur?, vəyaxud sahəyə baxan kiçik polis əməkdaşları öz vəzifələriylə çiling-ağac oynayırlar?
Doğrusu bu sual bizi çox düşündürür, mən adım kimi əminəm ki, Vilayət müəllim bu hadisədən xəbərsizdir. Həmin binada ingilis və yaponların kirayədə qaldığını da, nəzərə alsaq, bu biabırçılıq ümumiyyətlə Prezident İlham Əliyevin siyasətinə kölgə salmaqdan başqa bir şey deyildir. Əgər cənab nazirimizə olunan müraciət şəxsinə təqdim olunmayıbsa düşünürəm ki, mətbuat xidməti bu yazı haqqında, ən azından xaricilərin yanında biabır olmamaq üçün, cənaba məlumat verərlər. Əks təqdirdə demək ki, öz rəhbərinə sədaqətli deyildirlər.
Bu məsələnin bir tərəfi, indi gəldik ikinci tərəfinə. Küçə alveri hələ Hacıbala Abutalıbovun vaxtından yığışdırılıb, desək, yanılmarıq. Bu nədir,şəhərin tam mərkəzində, günün-günortaçağı küçə alverini heç kim görmür?
Bakı şəhəri icra hakimiyyəti, Memarlıq idarələri bəs siz bu böyüklükdə “Cam Balkon” çıxaran vaxtı niyə susurdunuz? Bəlkə susmağınıza bir səbəb var? İzahınızı göndərsəniz məmuniyyətlə dərc edəcəyimizə söz verirəm.
Mən öz şəxsi dostlarımdan və əlaqələrimdən istifadə edərək, bütün yollara əl atdım və hər bir dostumdan da, xahiş etdim ki, dövlətçilik naminə, Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət xətrinə bu məsələyə son qoyun. Bizi Avropada biabır etməyin, axı onlar polisin gücünə inanırlar, gecə saat 24-00 a kimi yarımçılpaq qızların müxtəlif spirtli içkilərin təsiri altında çıxıb küçəyə səs-küy salması nə bizim mentalitetimizə, nə də ki, qanunlarımıza uyğundur. Mən iki gün öncə şəxsən özüm müşahidə etməsəydim, bəlkə də, deyilənlərə inanmazdım.
Çox maraqlıdır ki, yaşayış binasının birinci mərtəbəsini (zirzəmi deyil) gecə barı etməyə kim icazə verib.
Hə, bir də unutmamış deyim ki, inandırıcı olmasa da, obyekt sahibinin adını Seyid deyə çağırırdılar. Əgər o, doğrudan da, seyiddirsə və bar saxlayırsa deməli mənəvi dəyərlərimizə də, Allah rəhmət eləsin.
Araşdırmalarıma cavab verən məmur dostlarımın fikirlərini toplayıb, xeyli düşündüm və birdən çıxış yolunu tapdım.
Çıxış yolu Azərbaycan Xalq Nağılı olan Turpdur.
“Baba turp əkdi. Turp böyüdü, yetişdi. Baba onu çıxartmaq istədi, amma gücü çatmadı. O, nənəni köməyə çağırdı.
Nənə babadan, baba turp-dan yapışdı. Dartdılar, dartdılar, çıxarda bilmədilər.
Nənə nəvəni çağırdı. Nəvə nənədən, nənə babadan, baba turpdan yapışdı. Dartdılar, dartdılar, çıxarda bilmədilər.
Nəvə Alabaşı çağırdı. Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışdı. Dartdılar, dartdılar, çıxarda bilmədilər.
Alabaş pişiyi çağırdı. Pişik Alabaşdan, Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışdı. Dartdılar, dartdılar, çıxarda bilmədilər.
Pişik siçanı çağırdı. Siçan pişikdən, pişik Alabaşdan, Alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışdı. Dartdılar, dartdılar, axır ki, turpu çıxartdılar.”
MDB ölkələri DİN-i arasında ən hündürboylu, ən yaraşıqlı və əsil hüquq-mühafizə orqanları nazirinə, məhz bizim generalımız Vilayət Eyvazov oxşayır. Odur ki, Cənab general, bütün ümidlər sizədir. Mən Sizin Prezident İlham Əliyevə nə qədər sədaqətli olduğunuzu 2003-cü ildə oktyabr hadisələrində görmüşəm. Siz imkan vermərsiniz ki, Azərbaycan polisinin adına ləkə gəlsin, Prezidentimizin siyasətinə kimsə xələl gətirsin. İnanıram ki, bu problem qanun çərçivəsində öz həllini tapacaq və sahibkar anlayacaq ki, ən azından 22-00 dan sonra səsgücləndirici ilə musuqi səsləndirmək olmaz.
[center]
Diaspor.info saytının baş redaktoru
Azərbaycan Jurnalistlər Və Yazıçılar Birliyinin
Üzvü Əlmaniz Ələkbərli.
1 037