Son bir ildə Dağlıq Qarabağda vəziyyətin həlli üçün çox işlər görülüb, lakin hələlik bütün məsələlər öz həllini tapmayıb. Diaspor info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar zamanı söyləyib.
"Ümumiyyətlə, bir il ərzində çox işlər görülüb. Birincisi, heç bir irimiqyaslı hərbi əməliyyatlar aparılmır, bu, artıq çox yaxşıdır. Bu müddət ərzində və bizim köməyimizlə qayıdışla bağlı xeyli iş görülüb. Yaxşı monitorinq qrupu yaradılıb, kontingentimiz işləyir və bildiyim kimi, hər iki tərəfin qiymətləndirməsinə görə, ləyaqətlə işləyir, təhlükəsiz yaşayışı təmin edir, insanlar üçün şərait yaradılır”, deyə Putin danışıqlar zamanı bildirib.
O, təəssüflə qeyd edib ki, hələ ki, bütün məsələlər öz həllini tapmayıb.
"Sərhəddə baş verən hadisələrdən, hər iki tərəfdən insanların öldüyü və yaralandığı faciəli hadisələrdən xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edən məsələlərdir", deyə Rusiya dövlətinin başçısı əlavə edib.
Xatırladaq ki, bu gün 26 noyabr tarixində Soçidə Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçirilib, danışıqlar olub.
Müəllif: İnam Hacıyev