"Əslinə qalanda regionda öyrənilmiş müharibələrdən fərqli bir müharibə gedir. Bu fərqli müharibə indi başlamayıb. Demək olar ki, illərdir davam edir. Bu müharibə yeni texnologiyalar vasitəsi ilə informasiya müstəvisində özünü göstərir. Xalqlar və dövlətlər artıq qarşı-qarşıyadır. Ümumiyyətlə, faktiki olaraq deyə bilərik ki, qlobal səviyyədə müharibə getməkdədir". Bunu Diaspor info-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, müharibənin bir tərəfində Amerika, digər tərəfində isə Rusiya dayanıb: "Əlbəttə, bundan əziyyət çəkən isə nisbətən zəif dövlətlər və xalqlar olur. Ona görə də, biz həmişə deyirik ki, bu proseslər fonunda Azərbaycan dövləti və xalqı vahid bir yumruq kimi birləşməli və özünü qorumaq haqda düşünməlidir. Əlbəttə ki, biz burada tək başına qoruna bilmirik. Əsasən türk dövlətləri ailəsi çərçivəsində qorunmağa üstünlük veririk. Biz elə edirik ki, dünyada gedən böyük müharibədən mümkün qədər az zərərlə çıxaq. Müharibəyə həm də Covid-19 pandemiyasını əlavə edirik. Bu da əslində müharibənin elementlərindən biridir.
Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "Artıq heç kim şübhə etmir ki, Covid-19 süni şəkildə dünyaya yayılıb. Onun qarşısını almaq üçün yenə də əvvəlcədən planlanan addımlar atılır. Bəziləri bunun hesabına milyardlar qazanır, bəziləri öz ticarətini artırır, bəziləri də bununla bağlı dəxlisiz proqnozlar verir. Təəccüblü şəkildə həmin proqnozlar doğru olur. O baxımdan müharibə var gücü ilə gedir. Şərt deyil ki, toplar, tanklar danışsın. İndi dünya başqadır. Hazırda müharibə hibrid şəkildə qlobal dövlətlər arasında gedir. Ona görə də kiçiklər, zəiflər və ya imkanları məhdud olanlar birinci növbədə yalnız çalışmalıdır ki, ayaq altında qalıb əzilməsinlər.
İkinci mərhələ olaraq həmin dövlətlər qlobal həyəcan təbili çalmalıdır ki, bu müharibənin qarşısı alınsın. Fakt odur ki, müharibə artıq gedir. Müharibənin nə vaxt başladığını demək isə çətindir. Sadəcə olaraq, ilkin mərhələdə ayrı-ayrı elementləri ilə özünü göstərən müharibə indi daha geniş cəbhədə həyata keçirilir. Müharibənin nə vaxt başa çatacağını demək də çətindir. Çünki qlobal güclər qarşısındakını məhv edib istədiyini əldə etmədən sakitləşməyəcək. Buna görə də dünyamızın sağlam qalması üçün mütərəqqi insanlar, Azərbaycan Respublikasının Prezidenti kimi mütərəqqi liderlər öz çağırışlarını davam etdirməli, bu qlobal sülhə töhfələrini verməyə davam etməlidirlər".
Müəllif: Turqay Musayev
107