Rasim Quliyev: "Azərbaycanda konstruktiv, güclü müxalifətə ehtiyac var" - MÖVQE
"Çox təəssüf edirəm ki, ölkəmizdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, xalqın milli maraqlarının təmin olunmasına xidmət göstərən siyasi müxalif partiya yoxdur. Sadəcə, müxalif siyasi qruplar mövcuddur və bu baxımdan onlar siyasi qüvvə hesab oluna bilməzlər. Dəfələrlə qeyd etdiyim kimi bu qruplar daha çox xalqımızın güzəranının, həyat şəraitinin yaxşılaşmasını, Azərbaycan dövlətinin, ümumilikdə Türk dünyasının güclənməsini istəməyən və yaxud Azərbaycan dövlətinin qüdrətinin artmasına əngəl olmağa çalışan və maddi, mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin göstərişlərinə uyğun fəaliyyət yolu tutan qruplardır". SİA-nın verdiyi məlumata görə, bunu “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı yubiley mərasimində radikal müxalifət barəsində söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
R.Quliyev bildirib ki, xarici antimilli dairələrin xalqımıza və iqtidara qarşı istifadə etmək istədiyi ələbaxım siyasi qrupların olduğu bir faktdır: "Bu gün bu qruplar əgər Azərbaycanda baş verən hər hansı bir siyasi prosesi - siyasi, hüquqi, dövlət quruculuğu və yaxud iqtisadi bir prosesi Azərbaycan xalqının mənafeyi baxımından istər mənfi, istərsə də müsbət təhlil etmək və çıxarlarını götür-qoy etmək əvəzinə xariclə əlaqələndirmək düşüncəsindədirsə və bunu çəkinmədən bəyan edirsə, bu, həmin qurupların özlərinin dücüncəsinin və işinin mahiyyətinin göstəricisidir. Həmin qüvvələr özləri bir mərkəz kimi fəaliyyət göstərmək imkanında olmadıqlarından və fəaliyyətləri daha çox xarici qüvvələrlə əlaqəli olduğu üçün onların məhz düşüncəsi, baxış bucağı bundan kənara çıxa bilmir. İstənilən prosesi yalnız xarici amillərlə əlaqələndirməyə çalışırlar. Ancaq bizim dövlətimizin bu gün güclənməsində, möhkəmlənməsində, xalqımızın inkişafında iqtidarla rəqabət apara biləcək konstruktiv, güclü müxalifətə ehtiyac var. Çox təəssüflər olsun ki, bugünkü poseslərdə biz bunu görmürük. Aparılan islahatlar prosessində əgər real, konstruktiv, milli və dövlətçilik maraqlarından çıxış etməyi bacaran, xalqımızın bütün sahələr üzrə inkişafını şərtləndirən, stimullaşdıran bir siyasi rəqabət olsa idi, bu dövlətimizə və millətimizə xeyir verərdi. Ancaq xarici maraqlı dairələrlə iş birliyi quran, hər şeyi xariclə əlaqələndirən, bütün səbəbləri xaricdə axtaran bir siyasi qrupun mövcudluğu və o siyasi qruplardan dövlətimizə qarşı istifadə olunma cəhdləri çox təəssüf ki, Azərbaycan reallığıdır və aparılan islahatlara, milli mənafeyimizə əks istifadə üçün əsas götürülən bir arqumentlərə rəvac verir. Vaxtından əvvəl keçirilən prezident seçkiləri, həm ondan sonrakı dövrdə atılan addımlar istər hüquqi dövlət quruculuğu, istərsə də sosial, iqtisadi sahədə aparılan islahatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtidarının bu yöndə apardığı siyasət qəti və dönməzdir".
Siyasi ekspert vurğulayıb ki, Azərbaycan iqtidarı yeni dövrün, yeni siyasi mühitin və yeni dünyanın tələblərini nəinki özünə uyğunlaşdırmır, əksinə yeni mühitdə bir avanqard, aparıcı, lokomativ rolunu oynayır: "Bu gün bütün dünyada proseslər gedir. Mən dəfələrlə qeyd etmişəm ki, bizimlə qonşu olan dövlətlərdə iqtisadi sahədə müəyyən böhranlar var. Ancaq Azərbaycanda inkişaf edən həyat mövcuddur. Söz yox ki, fərqli mühitin yaranması iqtidarın apardığı düzgün, praqmatik siyasətlə bağlıdır. Bu gün İranda baş verən proseslər ölkə daxilində vaxtında aparılmayan islahatların mənfi nəticəsidir. İstənilən halda xarici təsirlərin baş verməsi üçün ölkədə münbit şərait olmalıdır. O münbit şəraiti yaratmamaq, yaxud xalqa daha yaxşı şəraiti yaratmaq iqtidarın apardığı islahatlarla birbaşa əlaqədardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanı dünya öncülləri sırasına çıxarmaq yönündəki islahatların tərkib hissəsi hesab edirəm və əhali tərəfindən alqışla qarşılanan bu islahatların müsbət nəticələrinin ən qısa vaxt ərzində daha geniş formada özünü göstərəcəyinə şübhə etmirəm".