Lavrovun bəyanatı, yoxsa Ermənistanın azğınlaşması? ŞƏRH-ÖZƏL
“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum həll paketlərini gündəmə gətirməsi, mərhələli həll planını qabartması məsələsinə Ermənistanın bəyanatına Moskva sərt reaksiya verməlidir. Ermənistanın başını sığallamaqla məsələ həll olunmur”. Bu fikirləri Diaspor.infoya açıqlamasında Qərb Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Ermənistanın bəyanatına hətta ATƏT-in Minsk qrupunun həmsədrləri də kəskin bəyanat verməli idilər: “Düzdür, onlar bu haqda fikirlərini ortaya qoysalar da, bu yetərli deyil. Çünki reaksiya kəskin və sərt olmalıdırlar. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konkret Madrid, Kazan prinsiplərinin olduğunu anlamalıdır. Belə çıxır ki, illərdir danışıqlarda heç nə müzakirə edilməyib?”.
Politoloq söyləyib ki, Ermənistanın yeni hakimiyyəti meydansayağı bəyanatlarından əl çəkmir: “Onlar artıq siyasi dövlət qulluğunda olduqları anlamalı, reallıqları nəzərə alaraq, beynəlxalq hüquq prinsiplərinə əməl etməlidirlər. Əgər Rusiya XİN başçısı münaqişəsinin həlli ilə bağlı məlum həll paketlərini gündəmə gətirirsə, Rusiya həmsədr ölkə kimi problemin həllinin arxasında dayanmalıdır. Moskva ilə digər həmsədr ölkələrin susması görünür Ermənistanın daha da azğınlaşmasına imkan yaradıb”.
F. Sadıqov qeyd edib, Rusiyanın açıqlamasından sonra Ermənistanın sərt reaksiyası iki ölkə arasında soyuq münasibətlərin olduğunu bir daha ortaya qoydu: “Məlum məsələdir ki, qazın qiyməti, Koçaryanın şəxsiyyəti, Paşinyanın Qərblə yaxınlaşması nəticəsində iki ölkə arasında müəyyən soyuqluq hiss olunurdu. Hesab edirəm ki, indi baş verənlər bu gərginliyin növbəti mərhələsidir. Lakin Rusiya bilir ki, Ermənistanın onlardan başqa çıxış yolu yoxdur. Lavrovun reallığa uyğun bəyanatı İrəvana mesaj da ola bilər. Ola bilsin Rusiya İrəvana Azərbaycanın maraqlarını qoruduqları, hörmətlə yanaşdıqlarını diqqətə çatdıraraq onlara öz yerlərini tutmağa çağırış edir”.
Aparıcı dövlətlərin Ermənistanın başını sığallamasına təəssüfünü bildirən politoloq bu addımın işğalçı ölkənin bu cür həyasız bəyanatlar verməsinə şərait yaradığını vurğulayıb.
O deyib ki, Ermənistan hakimiyyəti hələ də meydan ritorikasından çıxa bilmir: “Onlar hələ də kütlə qarşısında çıxış etdiklərini düşündükləri üçün siyasətə gələ bilmirlər. Əgər Ermənistan tərəfi danışıqlardan imtina etmək istəyirsə, Azərbaycan tərəfi bunu qəbul edə, bir çox razılıqlardan əl çəkə bilər. Azərbaycan düşmən ölkəyə qarşı hücumedici cavablar verərək öz torpaqlarını işğaldan azad etmək əzmindədir”.
Müəllif: Nailə Məhərrəmova