"Lavrovun bəyanatı Paşinyanın nüfuzuna ciddi zərbədir..
"Qorçakov fondunun təşkil etdiyi onlayn formatda müzakirədə Rusiyanın XİN başçısı Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli planı dilə gətirməsi Ermənistanda böyük narahatlığa səbəb olub. Xüsusilə, Lavrovun BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğunu xatırlatması yerində deyilmiş fikirlər idi". Bu fikirləri Diaspor.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, Rusiyanın XİN başçısı Sergey Lavrov 2001-ci ildə Ki Uest danışıqları və ondan sonrakı danışıqları xatırlatmaqla, danışıqların əvvəllər bəzən Qarabağın erməni icmasının iştirakı ilə davam etdiyini, lakin sonradan stabilləşmiş formatda Minsk qrupu həmsədrləri, Azərbaycan və Ermənistan, ATƏT sədrinin şəxsi nümayəndəsi triqanometrik formatında davamlı olaraq baş tutduğunu vurğulayıb: "Məlumata görə, Azərbaycan və Ermənistan XİN başçıları qlobal böhran şəraitində atəşəkəsə ciddi şəkildə riayət olunması, ilk fürsətdə görüş keçirməyə dair razılığa gəlmişlər. Ermənistan XİN başçısı Zöhrab Mnasakanyan erməni cəmiyyətində Lavrovun açıqlamasından sonra yaranan təşvişi aradan qaldırmaq üçün Paşinyan hökumətinin danışıqları şəffaf apardığını, mərhələli həll planının 2014 və 2016-cı illərə aid olduğunu, indi bu məsələnin gündəmdə olmadığını bildirməsinə baxmayaraq Lavrovun ötən ilin aprelində mərhələli həll ilə bağlı sənəd imzalanmasını qeyd etməsi erməni şovinistləri sakitləşdirə bilməyib".
Politoloq söyləyib ki, Ermənistan XİN sözçüsü cəmiyyətə öz şefi ilə eyni mövqeni təlqin etmək istəsə də, bizim üçün daha etibarlı mənbə Lavrovun fikirləridir: "Erməniləri şübhələndirən odur ki, daim sosial şəbəkələrdə aktiv olan Paşinyan bu məsələni şəxsən nə təkzib, nə də təsdiq edir. Üstəlik, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan da mərhələli həll planı üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu qeyd edib. Yəqin ki, Rusiya növbəti dəfə Qarabağ kartından istifadə etməklə Paşinyanın ermənilər arasındakı nüfuzuna ciddi zərbə vurmaq qərarına gəlib. Lavrov Ermənistanı qarışdıran bəyanat verməklə, Paşinyanın heç də demokrat olmadığını, xalqa açıq olmayan diplomatiya yeritdiyini, yaxud bunu xalqdan gizlətdiyini, ermənilərin istəyinə uyğun olmayan sülh planında iştirak etdiyini göstərərək, Paşinyana olan etimadı sarsıtdı. Paşinyan hakimiyyətinə müxalifətdə olan Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbəri də sözsüz ki, Qarabağ klanına yaxın olan, Rusiyanın etibarlı şəxsidir. Onun da Lavrovun sözlərini təsdiq etməsi bunu sübut edir".
N. Məmmədova vurğulayıb ki, Lavrovun artıq ötən ildən bəri bu istiqamətdə - mərhələli həll planı üzrə danışıqlar aparıldığını vurğulaması Ermənistanın söz sahibinin Rusiya olduğunu deməyə əsas verir: "İki il əvvəl bu ölkədə Rusiyapərəst Qarabağ klanı hakimiyyətdən gedib yerinə Qərbpərəst Paşinyan iqtidarı hakimiyyətə gəlsə də, bu ölkənin bütün vacib məsələlərində əsas qərarverən tərəf Rusiyadır. Qarabağ məsələsi ilə bağlı danışıqlar da Rusiyanın planı üzrə aparılır. Paşinyan buna müqavimət göstərmək iqtidarında deyil, üstəlik bunu xalqdan gizlədib".
Müəllif: Nailə Məhərrəmova